Modern.az

Füzuli Musayev güləşçilərlə bağlı problemi şişirtməməyə çağırdı  

Füzuli Musayev güləşçilərlə bağlı problemi şişirtməməyə çağırdı   

31 İyul 2017, 15:33

Bir neçə gün əvvəl tanınmış güləşçilər maaş və məvaciblərinin verilməməsinə etiraz əlaməti olaraq Bakıda aksiya keçiriblər. Güləş Federasiyasının qarşısında baş tutan toplantıda  olimpiya çempionları, beynəlxalq yarışların qalibləri də iştirak ediblər.

Onlar Güləş Federasiyasının idmançılara qarşı biganəliyindən şikayət ediblər. Uzun müddətdir ki, maaş üzünə həsrət qaldıqlarını iddia edən güləşçilər şəraitsizlikdən də şikayət ediblər.


Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev idmançıların barəsində yaxşı və ya pis danışmağı düzgün saymır. O, Modern.az-a açıqlamasında deyib:  

“Mən Güləş Federasiyasının üzvü olmadığım üçün oradakı vəziyyətdən tam xəbərdar deyiləm. Təbii ki, etiraz edən güləşçilərimizin əziyyətləri olub. Ancaq dövlət də onların əməyinə kifayət qədər dəyər verib. Qələbə qazanmaq, ölkəmizin bayrağını yüksəklərə qaldırmaq bizim borcumuzdur, bunun üçün biz əlimizdən gələni etməliyik. Düşünürəm ki, bütün problemlər öz həllini tapar, idmançılarımızın əməkhaqları verilər. İdmançılarımız ruhdan düşməməlidir. Bizim güləşçilərimiz ölkəmizə hər zaman şan-şöhrət gətirib, mötəbər yarışlarda, olimpiya oyunlarında yüksək nailiyyətlər qazanıblar, bundan sonra da uğur qazanacaqlarına inanıram.

İdmançılarımızla bağlı yazıların çox getməsini istəməzdim. Çünki bu yazılar yalnız Azərbaycanda deyil, dünyanın bir çox yerində də oxunur. Bizi istəməyən dövlətlər də belə xəbərləri oxuyaraq buna sevinirlər. İdmançılar ölkənin adını yüksəltmək üçün öz üzərilərində çalışmalıdır”.  

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir