Modern.az

Ceyrançölün tozlu yollarında düşüncələr...  

Ceyrançölün tozlu yollarında düşüncələr...   

31 İyul 2017, 17:19

Nicat Nəsirli

Ceyrançöl düzü... Bir tərəfi Gürcüstana dirənən, ərazisini Samux, Şəmkir, Tovuz, Ağstafa rayonları arasında bölmüş səxavətli, minlərlə insana çörək verən 903 kv.km-lik bir düzdür. Ceyranı yoxdur, yalnız toz-torpağı, istisi, sonu görünməyən uzanıb gedən yolları var. 

Dünən bazar günü yaxın bir yoldaşla düzü əməlli-başlı gəzdik, bolluca toz udduq, torpaq adamlarının nə əziyyətlə təsərrüfat qurduqlarını gördük. Bu düzdə çoxlu kənd var, çörəyini daşdan çıxaran insanlar yaşayır burada. Ceyrançölün çətinlikləri çoxdur: yollar pis vəziyyətdə, hər avtomobil gedə bilməz, irəlidə biri gedirsə, ətrafı qatı toz seli bürüyür, göz-gözü görmür. Elmi məlumatlara görə, Ceyrançöldə  boz-qonur və açıq şabalıdı torpaqlar geniş yayılıb, bu torpaqlarda bitkinin inkişafı üçün lazım olan humus qatı çox zəifdir, karbonatın çoxluğu və rütubət torpaq örtüyünü şoranlaşdırır. Bu prosesi gözlə müşahidə etməklə aydın görmək olur.

Su burada həyatı əhəmiyyətə malikdir. Su mənbələri yalnız Kür çayından gələn kanallar hesabına formalaşır. Amma su hamıya çatmır. Böyük ərazilər su olmadığına görə əkilmir, əkilmədikcə, torpaq vəhşiləşir. Belə ərazilərdə nəzarətin olmaması fitosanitariya baxımından təhlükələr yaradır. Əkinçiliyə böyük həcmdə ziyan vuran çəyirtkələr, vəhşi siçovullar belə ərazilərdə kütləvi artır, sürətlə miqrasiya edərək təsərrüfatlara ziyan vurur. Sonra onların qarşısını almaq üçün həyata keçirilən tədbirlərə milyonlarla vəsait xərcləmək lazım gəlir.   

Ərzaq təhlükəsizliyi, yerli istehsalın gücləndiriılməsi mövzulları aktuallaşdığı bu dövrdə su dərdindən əkilməyən bu əraziləri gördükdə insan yalnız heyfslənir. Su olsaydı, Ceyrançöl bollu-bərəkətli bir əraziyə çevrilərdi. Ceyrançölün iri həcmli dövlət investisiyalarına, sahibkarların iqtisadi təşəbbüslərinə böyük ehtiyacı var. Bu böyük çölün ehtiyacları təkcə bunlar deyil.

Təsərrüfatlarda apardığım müşahidələr: əkin işlərinin müasir yeniliklər üzrərində qurulmasına ehtiyac var. Toxum, texnika təminatı yox səviyyəsindədir. Əkinçilərin ərazilərin uzaqlığı ucbatından böyük bazarlarla əlaqəsi yoxdur. Yüzlərlə vasitəçi yük maşınları ilə Ceyrançölə gedib məhsulları ucuz qiymətə alıb bazarlara daşıyır. Xeyir alverçiyə, əziyyət isə kəndçiyə qalır.


Ölkənin hər yerində olduğu kimi Ceyrançöldə də təsərrüfatlara ixtisaslı kadrlar-aqronomlar, zootexniklər, baytarlar hava və su kimi lazımdır. Bu sahədə təcili addımlar atılmalıdır. Kənd təsərrüfatı ixtisaslarını ehtiva edən peşə məktəbləri və kurslar açılmalı, gənclərə zəruri biliklər verilərək regionların ucqar bölgələrinə göndərilməlidir. Aqrar sektorda işləyən gənclərin sayı artırılmalıdır, bu faydalı iş əmsalı baxımından əhəmiyyətlidir. Cəmiyyətdə bütün proseslər insan amili ilə bağlıdır. Ən parlaq ideyaları belə insansız həyata keçirmək mümkün deyil.

Azərbaycanda Ceyrançöl kimi iqtisadi potensialı güclü olan, amma qayğıdan uzaq qalan düzlər çoxdur: Haramı düzü. Küdrü düzü. Şirinçöl və başqaları. Bu düzlərdə iri, müasir təsərrüfatlar qurmaq olar, oraları böyük iqtisadi zonalara çevirmək olar. Yerli icra hakimiyyəti orqanları, iqtisadi ekspertlər bu sahədə ciddi təkliflərlə çıxış etməli, dövlət isə stimullaşdırıcı tədbirləri ortaya qoymalıdır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir