Modern.az

Fransa dəmir yolunun əfsanəvi səsi Bakıda

Fransa dəmir yolunun əfsanəvi səsi Bakıda

18 May 2011, 14:18

Simone Herault Fransız İnstitutunda ədəbi görüş  keçirəcək


Fransada olanlar yəqin ki, bir dəfə də olsa TGV adlandırılan Yüksək Sürətli Qatardan istifadə ediblər. Bu çox rahat və sözün əsl mənasında sürətli qatarlarla Fransanın bir başından digərinə getmək, asanlıqla yaxınlıqdakı ölkələrə səyahət etmək olar.

Artıq TGV-nin işə düşməsindən 30 il keçir. Bu mükəmməl fransız texnologiyasını azərbaycanlılara daha yaxşı təqdim etmək məqsədilə bu il Azərbaycandakı Fransız İnstitutu bəzi tədbirlər təşkil edib.

Elə bu həftə də həmin mərkəzdə maraqlı görüş planlaşdırılır. Belə ki, Fransa Dövlət Dəmir yolu Şirkətinin (SNCF) əfsanəvi səsi Simone Herault Bakıdadır. Fransada mövcud 400 dəmir yol vağzalının hər birinə girərkən bu xanımın səsini eşitmək olur. O, fasiləsiz olaraq qatarların gəlişini, gedişini, hər bir qatarın platformadakı nömrəsini elan edir. 1981-ci ildən etibarən bütün fransızlar, o cümlədən ölkədə olan turistlər də Simone Heraultun səsini yaxşı tanıyır.

Hazırda xanım Herault "Fərqli qiraət" assosiasiyası nəzdində fəaliyyət göstərir və fəaliyyətinin bir hissəsini ictimai qiraətə həsr edir. Mayın 18-də bu Assosiasiyanın təşkilatçılığı ilə Fransız İnstitutunda “Söz qatarı ilə cəhənnəm qatarına” adı altında Simone Herault və aktrisa Amanda Langlet ilə ədəbi görüş baş tutacaq.

Mayın 19-da isə “Yüksək Sürətli Qatarın Odisseyası : tarix, rekordlar və insanlar”  əsərinin müəllifi Jacques Pagniez ilə bu mövzuya həsr olunmuş diskussiya keçiriləcək.

Fərəh Sabiqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı