Modern.az

Əkrəm Abdullayev: “Yusif Məmmədəliyevin bu şöbəyə rəhbərlik etməsi müsbət nəticələr verəcək”

Əkrəm Abdullayev: “Yusif Məmmədəliyevin bu şöbəyə rəhbərlik etməsi müsbət nəticələr verəcək”

1 Avqust 2017, 09:19

Sabiq deputat, uzun illər gənclər sektoruna rəhbərlik etmiş Əkrəm Abdullayev Modern.az-a müsahibə verib.

 

- Əkrəm müəllim, uzun illər Gənclər Təşkilatları Milli Şurasına rəhbərlik etmisiz. Hazırkı dövrdə gənclərin intellektual səviyyəsi, sosial durumu sizi qane edirmi? Sanki müasir  gənclərin problemləri də müasirləşməkdədir...

 

- Cəmiyyətin bir nömrəli problemi təhsizsizlikdir. Bu gün cəmiyyətdə intiharların miqyası genişlənməklə yanaşı, həm də çox gəncləşib. Təbii ki, intiharların baş verməsi  təhsilsizliyin yaratdığı fəsadlardır. Təhsilli adam heç vaxt cinayət törətməz. O səbəbdən ki, onun beyni, şüuru var. Təhsilsiz, tüfeyli həyat sürən insan nə desən edər. Bu cür insanların  yüzdə  95%-i təhsilsiz adamlardır. Sovet dövründə bu cür hallara nadir hallarda rast gəlinirdi. Ata övladının başını kəsmirdi. Oğul anasını baltalamırdı, yaxud da, ailəvi şəkildə intiharlar olmurdu.

 

- Bir neçə gün bundan öncə Şəmkirdə ana azyaşlı övladları ilə birgə özünü qatarın altına atıb intihar etdi. Yəni cəmiyyət olaraq o dərəcədə qəddarlaşmışıq ki, intiharları qrup halında edə bilmək gücünə malikik?

 

- O hadisə artıq baş verdi. Bəs, ana hansı ağılla bunu etdi?!. Hər birimiz insanıq. Anlayırıq ki, insanın həyat şəraiti çox ağır və sosial durumu qənaətbəxş olmaya bilər. Axı bütün insanların həyat şəraiti eyni deyil!. Məgər bütün insanlar özünü qatarın altına atmalıdır? Yaxud da başqa bir hal. Ötən il Kanadaya getmişdim. İnsanların çoxu küçədə narahat formada yaşayır. O zaman bütün kanadalılar özlərini öldürməlidir?! Həyatda yaşamaqdan gözəl nə var ki! Bir insan bunu istəmirsə, onu necə normal qəbul edək! Düşünün: İnsanın içində nə dərəcədə kin, qəddarlıq olmalıdır ki, təkcə özünü yox, 2 azyaşlı övladını da intiharın qoynuna atmağı bacarsın. Allah rəhmət eləsin! Amma bu cür xoş olmayan hallara haqq qazandırmaq düzgün deyil.

 

- Müsahibənin əvvəlində 1990-cı illərin ağrı-acısını görmüş insanları ümumi təsvir etdiz. Bəllidir ki, o vaxtlar ölkədə siyasi gərginlik, sosial ağırlıq hökm sürürdü. Bütün yaşananların müqabilində vaxtaşırı olaraq, intihar hallarına rast gəlinirdimi? Hər halda, indiki dövrlə müqayisədə  90-cı illər daha mürəkkəb idi.

 

- Razıyam. 1990-cı illərdə Azərbaycan yeni müstəqillik əldə etmişdi. 70 illik sovet rejimindən yaxamızı qurtarmışdıq. Bəlkə də cəmiyyət buna hazır deyildi. Amma 1988-ci ildən başlayan proses müstəqilliyə doğru gedirdi. Amma bizim iqtisadiyyatımız və digər sənaye sahələrimiz buna hazırlıqsız idi. Sovet hakimiyyətindən qurtulandan sonra əldə heç nəyimiz yox idi. Böyük işsizlik ordusu yaranmışdı. Cəmiyyətdə necə yaşaya bilməklə bağlı bir narahatlıq hökm sürürdü. Bir tərəfdən torpaqlarımız işğal olunurdu, digər tərəfdən də hər gün ailələrə əsgər ölümü, şəhid xəbərləri gəlirdi. İnsanların başı qarışıq idi. Ümumilikdə isə ölkədə ictimai-siyasi gərginlik yaşanırdı. Normal siyasi rəhbərlik yox idi. Bu məqamda insanları bir şey düşündürürdü. Ölmək ölməkdirsə, gedib Qarabağda ölək! O dövrün insanları qəhrəman kimi ölmək istəyirdi. Bu gün isə adi məişət məsələləri üstündə intiharlar vüsət almaqdadır. Hansısa idarədə rəhbər işçinin üstünə səsinin tonunu qaldıranda işçi intihar edir. Bu, normal hal deyil. Əgər sənə verilən həyatdan zövq almağı bacarmayıb intihar edirsənsə, bu dini baxımdan günah, insani nöqteyi nəzərdən yolverilməzdir. Dinimizdə də belə buyrulur ki, sən özün özünü yaratmamısan. Həyatda ölümdən başqa bütün problemlərin çözüm yolları var.

 


- Aktiv ictimai həyata qatıldığınız vaxtlarda Azərbaycan müstəqilliyini bərpa etdi. Ard-arda yeni-yeni qurumlar, təşkilatlar formalaşdı. Müstəqil parlament- Milli Məclis yarandı.  Daha sonra biz sizi parlamentdə gördük. Deputat olmaq üçün hədəfləriniz nə idi?

 

- Milli Məclisə keçirilən seçkilərə qatılanda 2005-ci il idi. 3-cü çağırış zamanı namizədliyimi irəli sürdüm. 30 yaşım olardı. Təbii ki, seçkiyə doğru istiqamət götürərkən hədəflərimiz vardı. 1992-ci ildən ictimai həyatdayam. İctimai həyat tələbəlik illərindən yaranmış hobbidir. Bu iş canımıza hopub. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Sonra bir qurum yaratdıq. Bu, Azərbaycanda ilk dəfə olaraq 11 təşkilatın birgə iştirakından ibarət federativ bir qurum idi. Bunun da məqsədi ölkəni Avropada, dünyada təmsil etmək idi. O vaxt Avropada bir neçə qurumlar vardı ki, ayrı-ayrılıqda təşkilatlarla əməkdaşlıq etmirdilər. Şərtlərdən biri bu idi ki, ölkə daxilində konfederativ bir qurum olaraq birləşin, sonra eyni mövqedən çıxış edərək ölkəni bir təşkilat olaraq təmsil edin. Bu ideya da 1995-ci ilin əvvəllərində formalaşmağa başladı. 1995-ci ilin noyabrında Milli Şuranı təsis etdik. Orada seçilən ilk baş katib mən oldum. Bu proses 2001-ci ilə qədər davam etdi. Ona görə də 2005-ci ilin seçkilərinə getmək mənə çətin gəlmədi. Amma seçki prosesinə daxil olandan sonra gördüm ki, parlament tamam fərqli bir seçimdir. İnsanlarla, sadə vətəndaşla birbaşa işləmək, regionun problemini bilmək lazımdır. O zamanlar gənc olduğum üçün hər bir məsələnin heç də asan olmadığını gördüm. Gənc olduğum üçün qarşıma gənclərin problemlərini həll etməyi məqsəd  olaraq qoymuşdum.

 

- Amma sonrakı parlament seçkilərində namizədliyinizi irəli sürmədiz?

 

- Ehtiyac görmədim. Çünki deputat olduğum müddətdə öz sahəmlə bağlı məsələlərdən xeyli uzaqlaşdım. Bu da məni narahat edirdi. Çünki deputat fəaliyyəti məsuliyyətli bir işdir. Mütəmadi olaraq seçicilərlə ünsiyyət qurmalısan. Öz sahəmlə daha dərindən məşğul olmağı məqsəd olaraq qarşıma qoyduğumdan deputat olmağı istəmədim.

 

- Sonuncu-2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə namizədliyinizi irəli sürməyiniz barədə söhbətlər yayıldı. Hətta, Çingiz Qənizadənin namizədliyini irəli sürdüyü dairəyə iddialı olduğunuz söylənilirdi. Niyə məhz Çingiz Qənizadə? Doğrudanmı, namizədliyinizi vermək təşəbbüsündə bulunmuşdunuz?

 

- Yayılanlar şaiyədən başqa bir şey deyildi. Sonuncu seçkilərə namizədliyimi verməmişdim. Heç belə bir arzu, istəyim də olmamışdı. Görünür, kimlərsə məni deputat görmək arzusunda olub. Üstəlik məni Çingiz Qənizadə ilə qarşılaşdırmaq fikrinə də düşüb. Yayılanların heç biri o zaman üçün doğru deyildi.

 


- Bir ara mətbuat səhifələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad İskəndərovla  sıx münasibətləriniz tirajlanırdı. Bir qrupda təhsil aldığınız deyilirdi. Hətta bir az da irəli gedərək adınızı nurçularla yaxınlıqda hallandırırdılar. Susmağınız haqqınızda dolaşan şayiələrin miqyasını bir az da genişləndirirdi. Əslində, vəziyyət nədən ibarət idi?

 

-  Nurçularla bağlı məsələ 2-3 il bundan qabaq daha çox gündəmdə idi. Düzü, həmin vaxtlar mənim adımı çox hallandırmadılar. Bir-iki yerdə adıma rast gəldim. Heç haqqımda yazılanlara cavab verməyi də düşünmədim. Buna ehtiyac görmədim. Çünki insanın fəaliyyətini nə iləsə əlaqələndirib adına istədiklərini düzüb-qoşurlarsa, gərək tutarlı faktlar olsun, sifariş, böhtan dolu yazılara nə cavab verəsən. Onun həll yolu məhkəmələrdən keçir. Mənsə ictimai aktiv insan olduğumdan nə vaxtsa hansısa media qurumunu məhkəməyə vermək ağlımdan keçməyib.  Kimsə kiminləsə dostdursa, yaxud da oturub çay içirsə, onu hansısa cərəyana qulluq etməkdə suçlamaq lazımdır?! Mən ateistlə də dost ola bilərəm, xristianla da, müsəlmanla da. Bu, mənim həmin cərəyana, yaxud da hansısa təriqətə qoşulmağım anlamına gəlməməlidir. Qaldı ki, Elşad İskəndərova, onunla eyni qrupda oxumamışıq. O, məndən 2-3 qrup yuxarı  təhsil alıb. Dostluğumuz isə tələbəlik illərindən başlayıb. 2005-ci ilə qədər ictimai işlərdə çalışmışıq. 1990-cı illərin sonlarında aqressiv olan xristian missioner təşkilatlarına qarşı mübarizə aparmışıq. Xatırladım ki, o zamanlar Azərbaycanda missioner təşkilatları həddindən artıq çox idi. Ölkəmizi, vətəndaşlarımızı yanlış yola istiqamətləndirirdilər. Azərbaycan gəclərinin beynini lazımsız məsələlərlə doldurmaqla məşğul idilər. Bəzi missioner təşkilatları deyirdi ki, insanlar bir-biri ilə qardaşdır, bir-birini qırmamalıdır. Hətta bu təbliğatı cəbhəyanı bölgələrdə aparırdılar. Hansı ki, Azərbaycan müharibə şəraitində yaşayır. “Ermənilərə güllə atmayın” deyirdilər. Amma  ermənilər bizim insanlarımızı öldürməklə məşğul idi. Bu cür çirkin işlərlə məşğul idilər. Məsələdən agah olandan sonra 6 ay müddətində çox ciddi kampaniyaya başladıq. Xatırlayıram ki, ulu öndər Heydər Əliyev məsələdən xəbərdar olandan sonra “Dini etiqad azadlığı haqqında” Qanuna ciddi düzəliş edildi. Xarici ölkə vətəndaşlarının Azərbaycanda dini təbliğatla məşğul olmasını qadağan etdi. Şəhərin ən aprıcı konsert və toplantı salonları o missioner təşkilatlarının nəzarəti altında idi. Çox ciddi vəsaitlər ayrılmışdı. Həmin təşkilatlar vasitəsilə ölkəyə böyük məbləğdə pullar gətirilirdi. O zamanlar insanların maddi durumu yaxşı deyildi. Onlar bütün vasitələrdən istifadə edərək insanları həmin sektalara cəlb edirdilər. Qanuna düzəliş ediləndən sonra bir neçə il hüquq-mühafizə orqanları çox ciddi işlər gördülər. Fürsətdən istifadə edib onlara öz təşəkkürümü bildirmək istəyirəm. Yoxsa o təşkilatların nümayəndələrini burdan yığışdırmaq olmayacaqdı. Hətta axşamlar bəzi sektalar evlərdə toplaırdılar. Səbəb də salonlarda toplaşmalarına icazə verilməməsi idi.

 

- Günümüzün reallığında isə müsəlman ölkələrində mövcud olan terror təşkilatlarının bəşəri problem yaratmasıdır. Məsələn, İŞİD terror təşkilatının sıralarında azərbaycanlıların olması istisna edilmir.

 

- Başqa dövlətlərin vətəndaşları hansısa terror təşkilatının tərkibinə qatıla bilər. Amma Azərbaycan vətəndaşlarının üzləşdiyi porblem buna əngəl olmalıdır. Çünki bizim həll olunmamış Qarabağ problemimiz mövcuddur. Ona görə də bilinməyən istiqamətdə mübarizə aparan insanlarımızı qəbul edə bilmirəm. Çünki ölkəmiz müharibə şəraitində yaşayır. Əgər hansısa gənc İŞİD sıralarına qoşulmaqla qəhrəmanlıq göstərəcəyini və həmin ölkədə hakimiyyət dəyişikliyinə nail olacağını düşünürsə, bu, xülyadan başqa bir şey deyil. Əgər o insanlar qəhrəmanlıq etmək istəyirlərsə, milli ordu sıralarına yazılsınlar və döyüş bilgilərini artırsınlar. Heç bir ideoloji, siyasi əsası olmayan, kiminsə əlində özlərini islamçı, müsəlman kimi qələmə verən, əslində xristian dünyasının əlində alətə çevrilən bir qrupun tərkibində döyüşməyi heç bir azərbaycanlıya yaraşdırmazdım. O baxımdan da İŞİD-çilər də missioner təşkilatlardan biridir. Onların bir çox ölkələrdə nümayəndəlikləri, əlaltıları var. İnsanları şirnikləndirmə, yaxud da maddiyyatla yoldan çıxarıb, aparıb əllərinə silah verib dinc insanları qırdırmağı nə dinə, nə də insanlığa yaraşdırıram.

 


-  Necə hesab edirsiniz, sizcə, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri təyin olunan Yusif Məmmədəliyevin təyinatı gənclərlə bağlı məsələlərin həllinə necə təsir göstərəcək?

 

-  Ölkəmizdə gənclər siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoyub. 1994-cü ilin ortalarında ölkədə Gənclər və İdman Nazirliyinin yaranması haqqında sərəncam imzalanmışdı. Ondan sonrakı tarixə nəzər salsaq görərik ki, bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən də daim diqqət mərkəzindədir. Bu gün bunun məntiqi davamı Prezident Administrasiyasında da Gənclər və idman şöbəsinin yaradılması idi ki, bu, 1990-cı illərdə qoyulmuş siyasətin nəticəsidir. Yusif Məmmədəliyev təcrübəli gəncdir. Diplomatik sahədə ciddi fəaliyyəti mövcuddur. Eyni zamanda həm Heydər Əliyev Fondunda, həm müxtəlif şaxəli fəaliyyətləri olub. Düşünürəm ki, bu gün onun bu şöbəyə rəhbərlik etməsi çox ciddi və müsbət nəticələr verəcək. Bizim gənclər siyasətinə böyük töhfəsi olacaq. Ölkəmizdə mövcud olan gənclər təşkilatları da bu şöbə ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışıb fəaliyyət göstərməklə ölkəmizdə bu siyasətə öz töhfələrini verəcəklər.
  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər