Modern.az

Deputatlardan Modern.az-ın təklifinə dəstək: Bu, tarixə çevrilməlidir!

Deputatlardan Modern.az-ın təklifinə dəstək: Bu, tarixə çevrilməlidir!

Aktual

1 Avqust 2017, 09:53

1988-1994-cü illər arasında Ermənistan 130-dan çox azərbaycanlı uşağı qətlə yetirib. Demək olar ki, bu uşaqların çoxu ermənilər tərəfindən xüsusi amansızlıqla öldürülüb. Hətta Xocalı soyqırımı zamanı girov götürülən azyaşlılardan bir neçəsi valideynlərinin gözü önündə işgəncə verilərək yandırılıb, başları, qulaqları kəsilib, gözləri çıxarılıb.

1994-cü ilin mayından atəşkəs elan olunmasına baxmayaraq, ermənilərin azərbaycanlı uşaqları qətlə yetirməsi kimi bəşəri cinayətləri davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü faciəli şəkildə dünyasını dəyişib, 19-u isə müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olub. 

Ən iyrənc, ağlasığmaz hərəkətlərə əl atan ermənilər 1994-cü ildə uşaq oyuncağına partlayıcı maddə yerləşdirib, onu Tovuz rayonu ərazisindən axan çaya buraxaraq, cəbhə xəttindəki Əlibəyli kəndində iki uşağın ölümünə və birinin yaralanmasına səbəb olublar. 2011-ci ilin martın 8-də Ağdamın cəbhə xəttində yerləşən Orta Qışlaq kəndində həyətdə dostları ilə oynayan, ailənin tək övladı 9 yaşlı Fariz Bədəlov erməni snayperi ilə vurulub. Həmin ilin iyulunda yenə Tovuz rayonunun Əlibəyli kəndində ermənilərin çayla axıtdığı oyuncağın içindəki partlayıcı qurğunun işə düşməsi nəticəsində 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızı həyatını itirib.


Bu il iyulun 4-də həmin uşaqların sırasına daha biri əlavə olundu. Həmin gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 18 aylıq nəvəsi Zəhra Quliyeva qətlə yetirildi.

Avqustun 13-də balaca Zəhra və nənəsi Sahibə Quliyevanın 40 mərasimi keçiriləcək.


Modern.az saytı 2 yaşlı Zəhranın qətlə yetirildiyi yerdə həmin günün dəhşətini əks etdirən simvolik bir abidənun qoyulmasını təklif edib. Qoy, Azərbaycana gələn xarici qonaqlar, bütün beynəlxalq təşkilatların nümayəndələri körpə Zəhra və onun timsalında uşaq qətliamından xəbərdar olsunlar. Dünya ictimaiyyəti Azərbaycanda neçə-neçə uşağın qanına qəltan edildiyi barədə məlumatlansın. 

 

Milli Məclisin Qarabağdan olan deputatı Elman Məmmədov Modern.az-ın təklifini dəstəklədiyini bildirib:

 

“Biz illərdir körpələrimizin ermənilər tərəfindən amansızcasına qətlə yetirilməsinin şahidi olmuşuq.  Bu təşəbbüs çox dəyərlidir. Ola bilər kimsə razılaşmaya, “bundan əvvəl öldürülən uşaqlara niyə xatirə kompleksi, abidə ucaldılmayıb?” deyə bilər. Ancaq fikirləşirəm ki, ermənilər tərəfindən günahsız yerə öldürülən hər bir körpə üçün anım, xatirə lövhəsi qoyulmalıdır. Bu, gələcək nəsillər, ölkəyə gələn qonaqlar üçün qan yaddaşı olmalı, tarixə çevrilməlidir. Keçən əsrin əvvəllərində də ermənilər bizim yüzlərlə günahsız insanlarımızı öldürmüşdülər. Ancaq bircə daş, anım, yaddaş yeri yox idi. İndi biz müstəqil dövlətik, imkanlarımız var. Ona görə də bunu etməliyik. Erməninin kimliyini həm Azərbaycana gələn qonaqlar, həm də gələcək nəsillər bilməlidir. Onlar bilməlidir ki, burda Zəhra öldürülüb, orada Fariz öldürülüb, o biri rayonda Turanə öldürülüb”.

 

Parlamentin digər qarabağlı deputatı Flora Qasımova da ermənilərin iç üzünü göstərən qətliamın əbədiləşdirilməsinin tərəfdarı olduğunu vurğualayıb:

“Zəhranın öldürüldüyü yerdə abidə mütləq ucaldılmalıdır. Qoy hamı görsün ki, ermənilər böyüklərə anam vermədiyi kimi, körpələrə də aman vermir. Zəhra balamızın fotolarda donan təbəssümü, baxışı ürək parçalayır. Ona görə də gələcək nəsillərimizin unutmaması üçün belə bir abidənin, xatirə lövhəsinin qoyulmasını mən də dəstəkləyirəm!”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır