Modern.az

Pul yığımı səbəti ən az 3 valyutada formalaşmalıdır

Pul yığımı səbəti ən az 3 valyutada formalaşmalıdır

İqtisadiyyat

1 Avqust 2017, 09:58

Avropa pulunun bahalaşması Avrozona ölkələrinin iqtisadi gösətiricilərinin yaxşılaşması və eləcə də ABŞ ixracatını artırmağa çalışan Ağ Evin dolların ucuzlaşmasını hədəfləməsi ilə bağlıdır.

Modern.az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, son 2 ildə ilk dəfə olaraq dünya bazarında avronun dollara nisbətən məzənnəsi 1.18-dək yüksəlib. Yalnız bu ilin aprel ayından sonra avro ABŞ puluna nisbətən 11 faizə yaxın bahalaşıb.

“Dollar yalnız avroya nisbətən deyil, digər əksər aparıcı valyutalara nisbətən də dəyər itirməkdədir. Bu ilin ikinci rübü İspaniya daxil olmaqla əksər avrozona dövlətləri üçün nikbin sonluqlarla yekunlaşıb. 0.9 faizlik artım ilə İspaniya böhrandan əvvəlki vəziyyətinə qayıtmaqdadır. Fransadakı son prezident seçkilərindən sonra Avropa Birliyi daha möhkəm təsir bağışlayır ki, bu da avronun xeyirinə işləyən faktorlardandır. Bu həftə Avrozonada infilyasiya daxil olmaqla bir neçə əsas göstəricilər elan ediləcək. Əgər bu göstəricilər də birlik iqtisadiyyatına pozitv notlar əlavə edəcəksə, o zaman avronun möhkəmlənməsi davam edə bilər”.

 

Ekspert deyib ki, hazırda manat da avroya nisbətən ucuzlaşmaqda davam edir:

“Əgər aprel ayında Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 1 avro almaq üçün 1.80 qəpik ödəmək lazım idisə, indi 1 Avropa pulu üçün 1.9963, yəni 2 manata yaxın pul ödəmək lazımdır. Bu isə o deməkdir ki, son 4 ayda manat avroya nisbətən 10 faiz ucuzlaşıb. ABŞ puluna nisbətən stabillik nümayiş etdirən milli valyutamızın Avropa pulu qarşısında ucuzlaşması təbii ki, avronun dollara nisbətən möhkəmlənməsi ilə bağlıdır. Belə ki, manatın dollara nisbətən birbaşa, digər valyutalar ilə çarpaz məzənnəsi müəyyənləşdiyi üçün qlobal valyuta bazarında baş verənlər milli valyutamızın başqa dönərli pullar ilə kursuna birbaşa təsir göstərir. Bu isə o deməkdir ki, əvvəllər də qeyd etdiyimiz kimi, yığımın bir valyutada deyil, səbət formasında ən azı 3 valyutada aparılmasına ehtiyac var”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı