Modern.az

Bir səfərin təəssüratları, yaxud bizim üçün qəribsəyən toponimlərimiz

Bir səfərin təəssüratları, yaxud bizim üçün qəribsəyən toponimlərimiz

18 May 2011, 18:21


Bakıdan Minsk hava limanına istiqamət alan Boinq-737 markalı təyyarə nəhəng qanadlarını gərərək birbaşa Belarus paytaxtının hava limanına eniş etdi. Düz Kiyev hava limanında olduğu kimi. Mən Kiyev hava limanının adını təsadüfən çəkmədim. Çünki bəzi hava limanlarında, o cümlədən, bizim çox sevdiyimiz Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarələr yerə enərkən hava limanının üzərində bir neçə dəfə dövrə vurmaq zorunda qalırlar. Çünki şəhərin relyefi və hava limanının strukturu hava nəhənglərinin birbaşa enişi üçün əlverişli deyil. Tacikistanın paytaxtı Düşənbə şəhərinin hava limanındakı vəziyyətdən isə danışmağa dəyməz. O mənada ki, Düşənbədə hava limanından qalxan, yaxud da hava limanına enən təyyarələr ən azı 7-8 dəfə dövrə vurmaq məcburiyyətində qalırlar. Çünki şəhər Varzop dağlarının demək olar ki, yamacında yerləşir. Bu dağı aşmaq üçün xeyli yüksəlmək lazımdır. Bu isə sərnişinlər üçün çox yorucu olur.

Beləliklə, təyyarədən düşüb hava limanının binasına daxil olduq. Dərhal bizdən səhiyyə sığortası tələb etdilər və 3 dollar məbləğində pulu ödədikdən sonra səhiyyə sığortamızı alıb, şəhərə çıxdıq. Mənim Belarusa getməkdə məqsədim Baranoviç şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmək idi. Məni ora alim həmkarlarım dəvət etmişdi. Bir sözlə, hava limanından birbaşa həmin şəhərə getməyə qərar verdim. Ətrafda çoxlu taksi sürücüləri vardı və onlar hara gedəcəyimiz barədə bizə suallar verirdilər. Mən isə özümə bir yoldaş axtarırdım ki, Baranoviç şəhərinə birlikdə gedək. Elə bu vaxt bir qədər kənarda dayanmış bir nəfər mənə yaxınlaşaraq "Mən də Baranoviçə gedirəm" dedi. Beləliklə, ikimiz birlikdə çox da böyük olmayan məbləğə razılaşıb taksiyə oturduq.

Burada bir haşiyə çıxım ki, Belarus sıx meşəliklərlə əhatə olunmuş böyük və düzənlik bir ölkədir. Paytaxt Minsk isə demək olar ki, tamamilə yaşıllıqlar içərisində, olduqca geniş prospektlərə, geniş yollara və küçələrə, çox da hündür olmayan binalarla zəngin məhəllələrə sahib olan gözəl bir şəhərdir. Bir çox hallarda Minski tipik Sovet şəhəri adlandırırlar.

Beləliklə, biz razılaşdıqdan sonra Anatoli adlı sürücünün taksisinə oturduq. Maşında gedərkən nəzərimizi ilk cəlb edən tamamilə sağdan və soldan meşə massivi ilə örtülü olan düzən və hamar yol oldu. Yolun nə vaxt salınmasına gəlincə Anatoli dedi ki, 1980-ci ildə Moskvada olimpiada keçirilən zaman Brestdən Moskvaya qədər geniş yollar çəkilib və bu da onlardan biridir. O zamandan bu günə kimi bəzi hissələrində xırda təmirlər olsa da, yol öz keyfiyyətini qoruyub saxlayır. Görünür bir tərəfdən yol tikintisinin çox diqqətlə aparılması, digər tərəfdən isə Belarusun münasib iqlim şəraitinə görə yol bu günə qədər öz keyfiyyətini qoruyub saxlaya bilib.

Diqqətimizi cəlb edən digər bir şey isə yol qırağında ayrı-ayrı heyvanların rəsmi olan xəbərdarlıq işarələri idi. Məsələn, yola ayı, yaxud da maral çıxacağı ilə bağlı xəbərdaredici işarələr vardı. Düzü, bu işarələrin real məna kəsb etdiyinə inanmırdım. Lakin bir qədər irəlilədikdən sonra isə hər şey aydın oldu. Daha doğrusu, yenə bizim sığır dediyimiz böyük maral şəkli qoyulmuş bir işarəyə rast gəldik. Həmin işarənin altındakı yazıda "Bu döngədən sonra qarşınıza sığır çıxa bilər" sözləri ilə sürücülərdən diqqətli olmaq tələb edilirdi. Düzü mən bu məsələni ürəyimdə götür-qoy edərkən qəfildən meşənin içərisindən böyük, qol-budaqlı buynuzları olan nəhəng bir sığır çıxıb yolun qırağındakı talaya doğru irəliləməyə başladı. Doğrusu mən buna həm heyrətləndim, həm də qibtə etdim.

Baranoviç şəhərinin yeni universiteti

Qeyd edim ki, Baranoviç kiçik, 150-200 minlik əhalisi olan, yeni qurulan bir şəhərdir. Əslində, Baranoviçə yeni qurulan şəhər demək, bir qədər çətindir. Yəni, Baranoviç köhnə şəhərdir. Lakin sadəcə, bu şəhərdə yerləşmiş hərbi şəhərciklər, həmçinin, hərbiyə aid müxtəlif  tikililər və strukturlar mülkiləşdirilərək ayrı-ayrı müəssisələrə verilib. Belə müəssisələrdən biri də 10 il əvvəl yaradılmış Baranoviç Dövlət Universitetidir. Bu universitet vaxtı ilə həmin şəhərdə mövcud olmuş hərbi şəhərciyin inzibati kompleksində yerləşdirilib. Universitetin həyəti olduqca böyükdür və hər cür idman qurğuları ilə təmin olunub. Universitet cəmi 10 ildir ki, fəaliyyət göstərməyinə baxmayaraq, çox böyük nailiyyətlər əldə edib. Belə ki, artıq Avropanın tanınmış universitetləri ilə bərabər müxtəlif elmi konfranslar təşkil edib və öz adını keçmiş Sovet məkanında, həmçinin, Şərqi Avropada tanıda bilib. Mənim də bu şəhərə qonaq getməyimin məqsədi həmin universitetin təşkil etdiyi beynəlxalq konfransda iştirak etmək idi.

Konfrans beynəlxalq münasibətlər və hüquq məsələlərinə həsr olunmuşdu. Mənim də orada "Beynəlxalq münasibətlərin müasir ənənələri və inkişaf perspektivləri" adlı məqaləm dərc edilmişdi. Yeri gəlmişkən, Baranoviç şəhərinə girərkən qarşımıza çıxan mərkəzi prospekt Lenin prospekti oldu. Prospektin başında Leninin heykəli hələ də qalmaqdadır. Şəhərə girərkən sanki bir neçə on il bundan əvvələ qayıtdıq. Yəni, sanki Sovet dövründə mövcud olan bir şəhərlə üz-üzə qaldıq. Lenin prospekti, Lenin bulvarı, Leninin heykəli və s. Həmin şəhərdə keçmiş Sovet dövrünü xatırladan başqa bir əlamət isə 1 may bayramının gəlişi ilə əlaqədar Baranoviçin qırmızı bayraqlarla bəzədilməsi idi. Ona görə də,  özümü sanki 20-30 il öncəsinə dönmüş kimi hiss edirdim.

Elə yerləşdiyimiz hotel də tipik sovet hotellərini xatırladırdı. Hotelə yerləşdiyimi öyrənən kimi universitetin beynəlxalq münasibətlər və hüquq kafedrasının müdiri, professor Yelena Vasilyevna dərhal arxamca gəldi. O, mənim hoteldə qalmayacağımı dedi və universitetin özünün yataqxanasında qonaqlar üçün ayrılmış, hətta bəzi hallarda hotel kimi fəaliyyət göstərən xüsusi bir binaya köçürülməyimə yardım etdi. Beləliklə, universitetin yataqxanasında, daha doğrusu, əvvəl yerləşdiyim hoteldən daha keyfiyyətli bir  hotelə yerləşdim. Bundan dərhal sonra isə biz universitetlə tanış olduq və rektor Vasili İvanoviç Koçurko ilə, elmi məsələlər üzrə prorektor Alla Vasilyevna ilə görüşdük. Mən Azərbaycanla bağlı onların suallarına cavab verdim və eyni zamanda, Belarusla, bu ölkənin elmi-ictimai həyatı ilə bağlı suallara onlardan cavab aldım. Bundan sonra isə universitetin təşkil etdiyi ekskursiyaya çıxdıq.

Baranoviç şəhərindən 50 km Polşa sərhəddinə doğru böyük bir qəsr və kilsə kompleksi var. Belarusların dediklərinə görə, bu qəsr və kilsə kompleksi Şərqi Avropada ilk tikilmiş xristianlıq abidəsidir. Beləliklə, Rusiya, Ukrayna, Qazaxıstan, Avstriya, Macarıstan, Çexiya və Polşadan gəlmiş qonaqlarla birgə qarşılıqlı dialoq və qarşılıqlı tanışlıq şəraitində biz həmin kompleksin yerləşdiyi geniş və gözəl parkı gəzdik. Bundan sonra isə axşam bizim üçün təşkil olunmuş banketdə elm adamları ilə mədəniyyətimiz, elmimiz və konfransın həsr olunduğu mövzu haqqında qarşılıqlı dialoq şəklində söhbətlər etdik.

Avstriyadan gəlmiş professor Orxan Ciftçinin qəmli hekayəti və yaxud erməni cinayətinin yeni bir səhifəsi

Yeri gəlmişkən, universitetə getməzdən öncə, səhər-səhər hotelin önündə gəzintiyə çıxmışdıq. Bu zaman mən uşaqlıqdan bəri çox yaxşı tanıdığım, hətta bəzi hallarda qida kimi istifadə etdiyimiz "çobanəppəyi" adlanan bitkini götürüb, ovcumda tutaraq, ətrini iyləyirdim. Avstriyadan konfransa gəlmiş nümayəndə heyətinin üzvü, türk Orxan Ciftçi mənə yaxınlaşaraq, "Çobanəppəyi yeyirsən"-deyə, sual verdi. Düzü, uzun müddətdir bu bitki növünə rast gəlmədiyimə görə, adını unutmuşdum və adını xatırlamağa çalışırdım. Orxan Ciftçinin sualı məni təəccübləndirdi. Eyni zamanda, bu bitkinin adını Avstriyadan gəlmiş birisi, hətta türk olsa belə, sırf bizim dildə, azərbaycanlı ləhcəsində bu şəkildə tələffüz etməyi beynimdə müəyyən suallar yaratdı.

Bundan sonra konfransın plenar iclası başladı və iclasda nümayəndələr öz məruzələrini etdilər. Bu barədə bir qədər sonra söhbət açacayıq. Həmin gün axşam banket zalında oturarkən Orxan Ciftçi ilə yanbayan stola düşdük. Birdən o mənə "sağındakı godluq stəkanı mənə ver" dedi. Mən bir daha heyrətləndim. Çünki "godluq stəkan" məhz azərbaycanlılara məxsus sözdür. Böyük stəkandan bir az daha böyük olana godluq stəkan deyirik. Bu dəfə artıq mən özümü saxlaya bilməyib, Orxan Ciftçiyə "siz azərbaycanlısınızmı"-deyə sual verdim və təsdiqləyici cavab aldım.

Beləliklə, Orxan Ciftçi mənə öz qəmli həyat hekayətini danışdı. Məlum oldu ki, onların əsilləri tarixi Qərbi Azərbaycanın, yəni, indiki Ermənistan Respublikasının Amasiya rayonunun Şiştəpə kəndindən imiş. 1918-ci ildə erməni quldur Andranikin dəstələri digər Azərbaycan kəndlərinə olduğu kimi Türkiyə ilə sərhəddə yerləşən Şiştəpə kəndinə də hücum edir. Hücum zamanı Orxan Ciftçinin babası Məşədi Məhərrəm bütün ailə üzvlərini at arabasına yığaraq, Türkiyəyə tərəf qaçmağa çalışır. Lakin qaça bilmirlər. Çünki erməni quldur dəstəsi onları haqlayır.

Bu zaman Orxan Ciftçinin nənəsi böyük oğluna, yəni, Orxan Ciftçinin əmisinə "sən kiçik qardaşını da (yəni, Orxan Ciftçinin atasını) götür, burdan qaç" deyir. O isə qaçmaq istəmir. Belə olduqda qadın "qaçmasan və qardaşını xilas etməsən bir ana kimi südümü sənə halal etmərəm. Onsuz da bizi öldürəcəklər. Heç olmasa, sən qardaşını da götürüb, qaç" deyir. Həmin vaxt Orxan Ciftçinin əmisinin 16-17, atasının isə 4-5 yaşı olub. Beləliklə, Orxan Ciftçinin əmisi dərhal əlindəki xəncərlə atın arabaya qoşulmuş qayışlarını kəsərək arabadan açır və kiçik qardaşını da, yəni, Orxan Ciftçinin atasını da götürüb Türkiyəyə qaçır.

Bundan sonra onlar Türkiyədə, Karsda məskunlaşırlar. Qısa müddətdən sonra onun ailəsi İstanbula, oradan isə Almaniyaya mühacirət edir. Orxan Ciftçi isə Vyanada elmlə məşğul olur və hazırda Avstriya vətəndaşı olaraq, həmin ölkənin elmini beynəlxalq aləmdə təmsil edən bir professora çevrilib.

Düzü, bu epizod mənə böyük təəssüflə 1918-ci ildə yaşadıqlarımızın bir də təkrarən 70 il sonra, yəni, 1988-ci ildə yaşadığımızı xatırlatdı. Mən çox üzüldüm ki, 70 ildən sonra biz təkrar bu faciəni yaşadıq. İnanmaq istəyirəm ki, bir daha belə faciələr yaşamayacağıq. Orxan Ciftçinin bu qəmli hekayətini oxuculara çatdırmaqda da məqsədim ondan ibarətdir ki, bir daha ermənilərin bizim başımıza açdıqları müsibət bugünkü nəsillərimizə çatsın.

Belarus dilinin nağılı və yaxud bugünkü Belarus dili, Belarus dilidirmi?

Sözün açığı mənə gələn dəvətnamədə diqqətimi cəlb edən ilk söz Baranoviç Dövlət Universitetində dövlət sözünün slavyan dilində olmayan bir sözlə ifadə edilməsi olmuşdu. Baranoviç Dövlət Universitetinin blankında dəvətnamə belə yazılmışdı: "Baranvşki Dzyarjaynı Universitet". Düzü mən nə qədər çalışsam da Dzyarjaynı sözünü "qosudarstvennıy" sözü ilə uyğunlaşdıra bilmədim.

Bununla da, səfərə başlamamışdan öncə Belarus dili ilə rus dilinin az qala eyni dil olması haqqında təəssüratlarım dəyişdi. Onu da deyim ki, Minsk vağzalının önündən keçəndə də vağzalın üzərinə yazılmış söz bir daha mənim diqqətimi cəlb etdi. Hər halda gözləyirdim ki, "Jeleznedarojnıy vokzal" və yaxud buna bənzər bir söz oxuyacam. Amma vağzalın üzərində "Çuqunaçnı vokzal" yazılmışdı. Göründüyü kimi, bunun "jeleza" sözü ilə heç bir əlaqəsi yoxdur. Sonradan öyrəndim ki, Belarus dilində dəmiryol vağzalı "çuqunaçnı vokzal" adlanırmış və onlar dəmirə çuqun deyirlərmiş. Bu isə Belarus dilinin rus dilinə nisbətən daha qədim dil olduğuna bir işarədir. Çünki insanlar dəmirdən əvvəl çuqunla tanış olublar.

Bu artıq məndə Belarus dilinin müasir rus dilinə çox yaxın olması ilə bağlı fərziyyələri alt-üst etməyə başladı. Elə buna görə də, Minskdən gələn professor M.K.Yudrodan Belarus dili haqqında soruşdum. O əvvəlcə bir ah çəkdi və "yaxşı olar ki, biz bu haqda danışmayaq" dedi. Mənim təkidimi gördükdə isə kövrək şəkildə yalnız aşağıdakıları söylədi: "Bugünkü danışdığımız dil Belarus dili deyil. Belarus dili heç bu gün Belarusun bəzi məktəblərində "Belarus dili" adı altında tədris olunan dil də deyil. Belarus dili tamamilə fərqli bir dildir. Çox təəssüf ki, biz bu gün o dili bilmirik. Nadir hallarda qocalar öz aralarında bu dildə danışırlar ki, biz də onları o qədər də yaxşı başa düşmürük. Bir polyakı nə qədər başa düşürüksə, qədim Belarus dilində, yəni, həqiqi belarusca danışan bir belarusu da o cür başa düşürük".

Bu gün belaruslar slavyan köklü olaraq özlərinə rusları böyük hami hesab edirlər. Və doğrudan da, Belarus ərazisi Şərqi Avropadan Rusiyaya keçid qapısı olduğu üçün bütün Avropa fatehləri Rusiyayla müharibə edən zaman məhz Belarus torpaqlarından keçiblər. Buna görə də, daima bu torpaq tapdalanan torpaq olub və Minskin ətrafında olan Qrodna, Brest və bu kimi şəhərlərin böyük əksəriyyəti əvvəllər Polşanın şəhərləri olub. Açığını deyim ki, belaruslar bunu etiraf edirlər ki, bu torpaqlar onların tarixi torpaqları deyil. Amma sonradan SSRİ qurularkən Lenin I Dünya müharibəsindən sonra çar Rusiyası ilə imzalanmış "Brest" sülh müqaviləsini "bədbəxt sülh müqaviləsi" adlandırdı və qırmızı ordu həmin torpaqları azad edib, Belarusun inzibati-siyasi sərhədləri içərisinə daxil etdi. Məhz bunlara görə, Belarus xalqı bir növ daxillərində minnətdarlıq və vicdan borcu olaraq rus hegemoniyasına və rus dilinin hegemoniyasına etiraz etmirlər. Lakin əlbəttə ki, onların ürəklərinin dərinliyində çox hörmətli professor M.K.Judronun da etiraf etdiyi kimi bir dərin belarus dili həsrəti yaşamaqdadır.

Problemlər də, narahatlıqlar da eynidir

Növbəti gün artıq "Beynəlxalq münasibətlər və hüququn aktual problemləri" mövzusunda keçirilən konfransımız başladı. Plenar iclasda Qazaxıstandan gəlmiş Aydarxan Skakov, Avstriyadan gəlmiş Orxan Ciftçi və s. kimi qonaqlarla birlikdə Azərbaycana və Azərbaycan elminə hörmət əlaməti olaraq məni də rəyasət heyətində oturtdular. Konfrans bütövlükdə postsovet məkanında mövcud olan aktorların müasir beynəlxalq münasibətlərdə yeri, rolu və mövqeyi, bu münasibətlərə onların verdiyi töhfələr və beynəlxalq münasibətlərdən doğan siyasi şəraitin onların həyatına təsirinə həsr olunmuşdu. Keçmiş Sovet İttifaqı məkanından olan alimlərin konfransdakı çıxışlarını dinləyərkən bir daha mənə aydın oldu ki, bütün postsovet məkanında olan problemlər təqribən eynidir. Eyni zamanda, Qərbi Avropa ölkələrinin mədəni, iqtisadi və siyasi hegemoniyasından biz hamımız təqribən eyni dərəcədə əziyyət çəkirik. Mənə o da aydın oldu ki, bütün postsovet respublikaları Avropada yerləşən beynəlxalq təşkilatların diktəsindən bir növ yorulublar. Alimlərin çıxışından o da bəlli oldu ki, onlar Avropadan diktə olunan yeni siyasətin, yeni hüquq sisteminin, yeni dəyərlərin heç də postsovet xalqlarının mədəniyyəti ilə uzlaşmadığını və eyni zamanda, bu gün onların milli maraqlarına xidmət etmədiyini başa düşüblər. Ona görə də, müəyyən narazılıqlar ifadə olunurdu. Onu da qeyd edim ki, Şərqi Avropadan, məsələn, Çexiya, Polşa, Bolqarıstandan olan alimlərin də çıxışları təqribən keçmiş Sovet İttifaqı məkanından olan alimlərin mövqeyi ilə uyğun idi. Lakin əlbəttə ki, nisbətən Qərbdən gələn alimlərin mövqeyi tamamilə fərqli idi.

Qazaxıstanlı uşaqların "qai-qai" oyunnu

Burada bir haşiyə də çıxmaq istəyirəm. Belə ki, Qazaxıstandan gəlmiş professor Aydarxan Skakov çıxışının sonunda ölkəsində olan bəzi sosial problemlər, sosial büdcənin istismar olunması və yeni nəslin bir növ kapitalist ruhunda böyüməsi probleminə toxundu. Və aşağıdakı maraqlı məqamı qeyd etdi: "Mən nəvəmi bağçadan gətirməyə gedərkən bir maraqlı hadisənin şahidi oldum. Bağçada uşaqlar "qai-qai" oyunu (yəni, yol polisi oyunu) oynayırdılar. Bir neçə uşaq maşın sürən kimi hərəkət edir və maşın səsləri çıxarırdılar. Ortada isə bir uşaq əlində ağac alıb özünü yol polisi kimi aparırdı. Çox maraqlıdır ki, həmin "sürücü" uşaqlar gəlib onun yanına yaxınlaşanda o çubuğu qaldırır və onlar da dayanaraq əllərini ciblərinə atıb, guya ki, yol polisi əməkdaşına pul verib keçirdilər. Bu mənzərəni seyr edərkən yeni nəslin oyunlarına məəttəl qaldım və böyüyəndə onların hansı fikrin, hansı sosial münasibətlərin daşıyıcısı olacağı məni dəhşətə gətirdi".

Ondan sonra çıxış edən Ukraynadan gəlmiş professor Oksana Mixaylovna isə:  "Qazaxıstandan gəlmiş yoldaşın çıxışına çox diqqətlə qulaq asdım. Amma mənə elə gəldi ki, o, Qazaxıstandan deyil, Ukraynadan danışır. Sadəcə, Qazaxıstanın adını götürüb, ora Ukraynanın adını qoysaq eyni mənzərə alınacaq" dedi.

Azərbaycan haqqında həqiqətlər xariciləri heyrətə salıb

Yəni, demək istəyirəm ki, problemlərə yanaşmada postsovet məkanından olan alimlər təqribən eyni mövqedən çıxış edirdilər. Bu, eyni zamanda, rüşvət və korrupsiya məsələsində də təkrarlanırdı. Yeri gəlmişkən, söhbət rüşvət və korrupsiyadan düşmüşkən mən də əsas çıxışımdan sonra həmkarlarımın replikasına uyğun olaraq Azərbaycanda mövcud olan vəziyyətlə bağlı məlumatlar vermək zərurətini hiss etdim.

Bir sözlə, çıxışımın sonunda Azərbaycanda qəbul edilmiş xüsusi antikorrupsiya Dövlət Proqramı haqqında danışdım. Qəzetimizdə gedən antikorrupsiya başlıqlı bir sıra məqalələr haqqında onlara məlumat verdim. Ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan səmərəli mübarizə haqqında danışdım, həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin antikorrupsiya ilə bağlı səsləndirdiyi bir neçə fikri iştirakçıların diqqətinə çatdırdım. Açığını deyim ki, Azərbaycanda antikorrupsiya ilə bağlı həyata keçirilən işlərdən danışan zaman auditoriya iki dəfə alqışlarla mənim sözümü kəsdi. Çıxışdan sonra da onlar mənə yaxınlaşıb korrupsiyaya qarşı mübarizə və onun nəticələri barədə çoxsaylı suallar verdilər. Və mən bir daha Vətənimlə, Azərbaycanla, ölkəmizdə həyata keçirilən siyasətlə qürur duydum.

Minskdən olan professor V.S.Tonkoviç isə "mən bu deyilənləri belə yekunlaşdırardım: "harda dövlət varsa, orda korrupsiya var və yaxud korrupsiya bərabərdir dövlət" dedi. Bununla da bu mövzuda söhbət yekunlaşdırıldı.

Ümumiyyətlə isə, konfransda daha çox beynəlxalq münasibətlər, postsovet məkanında olan ölkələrin üzərində olan Qərbi Avropa basqısı, onların milli maraqlarının və müstəqilliklərinin qorunmasında müxtəlif problemlərlə üzləşməsi, bu problemlərin məhz milli maraqlar müstəvisində deyil, Qərbin arzuladığı formada həllini tapması kimi məsələlər müzakirə olundu. Mən də fürsətdən istifadə edib, məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi barədə alim həmkarlarıma məlumat verdim.

Beynəlxalq konfransda, həmçinin, asimmetrik informasiya müharibəsindən söhbət açıldı və postsovet xalqlarının təkcə iqtisadi, siyasi, mədəni deyil, eyni zamanda, Qərb ölkələrinin informasiya ekspansiyası altında olduğu, bu informasiya axınından kənara çıxa bilmədikləri təəssüflə vurğulandı.

Qreçka, yoxsa qarabaşaq?

Tədbirdəki çıxışının sonunda professor M.K.Yudro "bu gün Belarus dünyada yeganə ölkədir ki, burada ərzaq naturaldır" dedi. (Doğrusu, onun bu sözlərində həqiqət vardı. Belarusda doğrudan da çörəkdən başlamış süd və kolbasa məhsullarına qədər hamısı naturaldır. Soyadan demək olar ki, istifadə edilmir. H.B). Professor, eyni zamanda, qarabaşağı milli bitki kimi təqdim etdi və dedi ki, qarabaşaq, ilk növbdə, çox kalorili, çox keyfiyyətli bir qidadır. Slavyan qadınları öz gözəlliklərinə görə, həm də qarabaşağa borcludurlar. Çünki onun tərkibində insan dərisini cilalayan və təravət verən xüsusi komponentlər var. Təəssüf ki, son dövrlər onun qiyməti yaman bahalaşıb.

Konfransdan sonra mən professordan "qreçka" sözünün etimologiyasını soruşdum. O isə etiraf etdi ki, bu sözün etimologiyasını bilmir. Çünki onun bildiyi qədər Belarus dilində bu sözün izahı yoxdur. Onun fikrincə, ümumiyyətlə, onlara "qreçka" Ukraynadan gəlib və çox güman əsas mənası da ukrayna dilindədir. Mən bu sözün "qrek", yəni, yunan sözü ilə bir bağlantısının olub-olmadığını soruşdum. Professor əsla belə bir əlaqənin olmadığını və ümumiyyətlə nəinki yunanların, o cümlədən, əksər Avropa xalqlarının qida rasionunda bu məhsulun olmadığını, heç lüğətlərində belə bu sözün olmadığını bildirdi. 

Bu zaman "əgər istəyirsinizsə, mən bu sözün azərbaycancasını deyim və onun etimologiyasını sizə izah edim" dedim. Dedim ki, biz "qreçka"ya qarabaşaq deyirik. "Qreçka" sözü də qarabaş, qarabaşka sözündəndir. Deməli, qarabaş sözü slavyan dillərinin tələffüzündə deformasiyaya uğrayaraq qaraçka, sonradan bir az da qısalaraq qreçka olub. Sözün kökü qarabaş sözündəndir. Bu bitkinin çiçəyi doğrudan da qara olduğuna görə, həmçinin, zəmi bir növ tünd qəhvəyi və qara rəngdə olduğuna görə, bu qarabaş adlanıb. Dedim ki, bu söz ukraynalıların əcdadı dəşti-qıpçak türklərinə aiddir və adı da onlar qoyublar. Professor bu sözümdən heyrətləndi. Amma əks arqument tapa bilmədiyinə görə, bunu qəbul etmək zorunda qaldı.

Adlar nə deyir, yaxud da Belarusda da qıpçaq, türk izi...

Növbəti gün isə biz Polşa ilə 4 kilometrlik sərhəddə yerləşən Qrodnı şəhərinə gəldik. Qrodnıdan Brestə gedərkən maşında diqqətimi yolların kənarında yazılmış tanıtım nişanları çəkdi. Bir neçəsini oxuduqdan sonra özümdə qeydlər aparmağa başladım. Qrodnıdan Brestə gedən yolda çox maraqlı kənd, qəsəbə və digər yaşayış məntəqələrinin adları vardı. Bu adlar məndə heyrət doğururdu. Məsələn, Baykavıs, Subacı, Padarski, Turunçi, Qalayçiçi, Xaraba, Kukal, Babdüzyuk, Turna, Batıkal kimi kənd və qəsəbə adları qədim hunlardan və sonra isə monqol-tatarlardan, qıpçaqlardan, türklərdən xəbər verirdi. Mən maşında olan alim həmkarlarımdan bu sözlərin izahını soruşurdum. Məsələn, professor M.K.Yudrodan soruşdum ki, xaraba sözü sizin dildə nə deməkdir. Cavab verdi ki, bilmirəm, sadəcə addır. O zaman dedim ki, xaraba bizim dilimizdə dağıdılmış, viran qoyulmuş bir ərazi deməkdir. Professor buna təəccübləndi və xaraba sözünün bizim dildə izahı bu dəfə onu ikiqat heyrətləndirdi.

Soruşdum ki, bəs, Batıkal nədi? Yenə də izah edə bilmədi. O zaman "Bura Batının məskəni deməkdir. Görünür ki, Batı xan gəlib və bu adları özü ilə gətirib. Eyni zamanda, Batıkaldan sonra Xaraba adlı kəndin olması çox normaldır. Yəni, çox güman ki, o dövrdə monqol-tatarların xaraba qoyduğu yer olduğu üçün belə adlanıb" dedim.

"Bəs Turna kəndi hansı mənanı ifadə edir" sualıma da lazımi cavab almadım. Dedim ki, turna bizim dildə "juravli" durnadır. O zaman professor "doğrudan da bu xətt Avropadan Asiyaya köç edən köçəri quşların yolunun üzərində yerləşir" sözlərini əlavə etdi. Eyni ilə Azərbaycanda Kükəl və Padar kəndlərinin olması barədə məlumat verdim və onlarla Belarusdakı Kukal və Padarski kəndləri ilə hansısa bir formada mütləq əlaqəli ola biləcəyini söylədim. Doğrudan da, padar tayfaları qıpçaqların bir boyu olmaqla hazırda Azərbaycanın Qəbələ, Kürdəmir, Şamaxı, Ağsu və s. rayonlarında yaşayırlar. Şirvanda məşhur Padarçöl düzü də onların adı ilə bağlıdır. Bu icma üzvləri lap son illərədək köçəri həyat tərzlərini davam etdirirdilər.

Sözün açığı mənim bu izahlarım qarşısında Ukraynadan və Belarusdan olan həmkarlarım təəccüblərini gizlədə bilmirdilər. Həmçinin, elə bil ki, bir növ öz yaşayış ərazilərini yenidən kəşf edir, yenidən tanıyırdılar. Mənim bu izahım Qazaxıstandan gəlmiş, çox hörmətli dostumuz, professor Aydarxan Skakovun məmnuniyyəti və xoş təbəssümü ilə qarşılanırdı. Sonradan məlum oldu ki, onun özü də elə qıpçaqdır. Qıpçaqlar barədə bu qədər məlumatlı olmağım həmkarıma ləzzət eləyir, onun Azərbaycana rəğbətini artırırdı. Bildirdim ki, bizdə qıpçaqların sıx məskunlaşdığı Qazax rayonu da var. Professor bu barədə artıq məlumatının olduğunu dedi.  

Ukraynalı qıpçaq Oksana Vasilyevna

Söhbətlərimizin birində isə mən Ukraynadan gəlmiş Oksana Vasilyevnaya dedim ki, siz qıpçaqsınız. Dedim bax biz bir-birimizə necə bənzəyirik. Sivri burunlarımız, açıq bənizlərimiz, yarıqıyıq gözlərimiz var. Bir sözlə, ümumi bənzətmə apardım. O, soruşdu ki, qıpçaqlar kimdir. Cavab verdim ki, qıpçaqlara siz poloveslər deyirsiniz, avropalılar isə onlara kumanlar deyir. Dedi ki, bu barədə eşitmişəm. Söylədim ki, ukraynalıların böyük əksəriyyətinin əcdadları qıpçaqlardır. O bir az təəccüblənərək "Ola bilər, amma mən tarixçi deyiləm deyə bu barədə məlumatım azdır. Arzu edirəm ki, bir il sonra yenidən burda görüşək. Mən politoloqam və Ukrayna tarixini yaxşı bilmirəm. Lakin sizin bu sözünüzdən sonra bizim kim olmağımız, Ukrayna xalqının kim olmasını öyrənmək üçün mütləq gedib tarixi mənbələri araşdıracam. Sonra isə ukraynalıların slavyan əsilli olduğunu sizə sübut edəcəm" dedi. Mən də məmnuniyyətlə dərhal razılaşdım və qıpçaq tarixi ilə  bağlı material göndərməyə söz verdim və "Akdamardan Sarı Gəlinədək erməni yalanı" adlı kitabımı həmin xanıma verdim. Dedim ki, burada sizin tarixlə, Ukraynada yaşayan qıpçaqlar, onların adları, dilləri barədə müəyyən məlumatlar var. O cümlədən, bizdə mövcud olan və çox populyar olan "Sarı gəlin" mahnısının da dəşti-qıpçaqda, yəni, Ukraynada, Azovətrafı qıpçaqlarda, yəni, xristian qıpçaqlarla mövcud olan versiyasını da bu kitaba daxil etmişəm.

"Sovetskaya Belarusiya" qəzeti 400 min tirajla çıxır

Görüşlərimizdən biri Qrodna şəhərində vilayətin mətbuat-yayım şirkətinin rəhbəri İ.V.Polko ilə oldu. O dedi ki, 1 milyonluq əhalisi olan Qrodna şəhərində mətbuat yayımının 88 köşkü var. Sovet İttifaqı dağılandan sonra "Sovetskaya Belorusiya" qəzeti "Belarusiya seqodnya" ("Belarusiya bu gün") adlandırılıb. Qəzet bu il 400 min tirajla çap olunur. Amma keçən il tirajı 500 min olub. Buna görə də, onu Minskə çağıraraq regionda tirajın azalmasından narazılıqlarını bildiriblər. Ancaq tirajın hamısı abunədir. Həmin şəxsin sözlərinə görə, onun 600 işçisi var və onların hamısı qəzetə abunə yazılıblar.

Onu da deyim ki, internet media bizdə olduğu qədər orada yayğın deyil. Hətta bəzi həmkarlarımdan əlaqə saxlamaq üçün elektron ünvan istədikdə onlarda bunun olmadığı ortaya çıxırdı. Biz mətbuatın inkişafı baxımından onlardan çox-çox irəlidəyik. Mən Azərbaycan dövlətinin mətbuata qayğısından, bizdə fəaliyyət göstərən Mətbuat Şurasından, KİVDF-dən, bu quruma ayrılan maliyyə vəsaitinin məbləğindən danışdıqca görüşdə iştirak edən belaruslu həmkarlarımız çox təəccüblənirdilər və bu modelin hər hansı bir şəkildə Belarusda da tətbiq olunmasını arzulayırdılar.

Göydən bir cüt sona endi

... Ancaq bu dəfə qarlı dağın arasına deyil, Minskdə, "Yubileynaya" hotelinin qarşısına... Brest şəhərindən Minskə gəlmək üçün Varşava-Moskva  qatarına mindik. Səhərəyaxın artıq Belarusun paytaxtına çatdıq. "Yubileynaya" hotelində yerlərimizi rahatlayıb hotelin bağçasına çıxdıq. Bağçada olan kiçik fəvvarə və hovuz həzin-həzin şırıldayırdı. Elə bu zaman... bir yaşılbaş ördək öz çilli cütü ilə bərabər düz hovuza endi. Su içib bir qədər hovuzda çimdikdən sonra xeyli müddət sanki ətrafda heç kim yoxmuş kimi lələklərini təmizləyib, səliqəyə saldılar. Sonra isə üçüb getdilər. Bu mənzərə o qədər gözlənilməz və xoş idi ki, hamımız sakitcə onu seyr edirdik...

Həmkarlarım belə mənzərənin onların şəhərlərində də olub-olmadığı barədə danışarkən mən sadəcə susurdum.  Çünki deyə bilməzdim ki, bizdə belə şey olsa bu ördəkləri necə olursa-olsun mütləq daşla, tüfənglə, sapandla, nə iləsə vurub salacaq, sonra qızartma edib "tutovkayla" içəri ötürəcəkdik... 

Beləliklə, Belarusa səfərimiz başa çatdı. Əlbəttə ki, inkişaf etmiş ölkəmizi təmsil etmək mənim üçün bir qürur idi. Bir daha əmin oldum ki, postsovet ölkələrində olan ölkələrin böyük əksəriyyəti istənilən sahədə bizimlə rəqabətə girə biləcək gücdə deyillər.

Hikmət Babaoğlu
Bakı-Minsk-Baranoviç-Brest-Bakı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?