Modern.az

Azərbaycan narı xaricdə niyə tanınmır?

Azərbaycan narı xaricdə niyə tanınmır?

2 Avqust 2017, 14:30

Nar qədim zamanlardan Şərqdə bütün meyvələrin şahı hesab olunur. Onun ən qiymətli sortu eramızdan əvvəl Qədim Yunanıstanın Karfagen vilayətində becərilib.

 

Azərbaycanda becərilən nar isə öz keyfiyyəti ilə digərlərindən fərqlənir.

Son 25-30 ildə Muğan, Şirvan, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad, Kürdəmir, Beyləqanda narın müxtəlif sortları becərilir.

 

Bəs Azərbaycan narı brend olaraq dünya bazarında niyə tanınmır?

 

Marketoloq Yusif Vəliyev Modern.az-a deyib ki, hazırda ötən illərlə müqayisədə hansısa məhsulu dünya bazarına çıxarıb tanıtdırmaq çox çətindir:

 

“Çünki bazar həddindən artıq sıxlaşıb və kifayət qədər ölkələr brend strategiyası qurub. Bazardakı rəqabət hədsiz böyük olduğu üçün proses çətinləşib. İllər əvvəl Azərbaycanın “Çinar “şokoladlarını dünya bazarına çıxarmaq və tanıtdırmaq daha asan idi. Yüksək texnologiya və marketinqin hazırkı vəziyyətində nisbətən çətindir.

Ölkənin startegiyasında Azərbaycan brendinin formalaşadırılması əsas amillərdən biridir”.

 

Y.Vəliyev hesab edir ki, Azərbaycan narının dünya bazarına çıxarılması üçün ilk növbədə marketinq planı hazırlanmalıdır:

 

“Tədbirlər, nar festivalları yalnız ölkə daxilində deyil, xaricdə də təşkil olunmalıdır. Həmçinin, turizmin özündən marketinq aləti olaraq istifadə etmək mümkündür. Xarici ölkələrdə ən azı bir il sərf edərək Azərbaycan festivalları keçirməklə narın dünya bazarında tanıtımına nail olmaq mümkündür.

Burada ikili strategiya götürülür: biz narı şirkət olaraqmı tanıdırıq, yoxsa ölkə olaraqmı. 1990-cı illər və Sovet dövründə bir ölkənin məhsulunu tanıtmaq daha asan idi.

 

Hazırda şirkət olaraq narı dünya bazarına çıxarmaq o qədər də uğurlu olmaz. Çünki dünya bazarında nardan hazırlanmış içkilər kifayət qədərdir.

 

Narın milli brend olaraq tanıdılması daha uyğundur. İlk olaraq narı Azərbaycan meyvəsi olaraq dünya bazarına tanıtmağa çalışmalıyıq. Bundan sonra nardan hazırlanan müxtəlif növ içkiləri şirkət səviyyəsində tanıda bilərik. Azərbaycanda nar festivalları keçirilir. Amma bunu planlı və strateji şəkildə ölkə xaricində davam eləmək lazımdır.

 

Müəyyən maliyyə vəsaiti tələb edilməsinə baxmayaraq, brend strateji olduğu zaman Azərbaycan narı adı altında tanıdılandan sonra şirələr və müxtəlif içkilər şəklində də çıxara bilərik. Təbii ki, strategiya baş tutarsa, bunun dividenti daha çox olacaq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı