Modern.az

27 il öncə Bakıda itkin düşmüş hakimə “Şəhid” statusu verildi - FOTOLAR

27 il öncə Bakıda itkin düşmüş hakimə “Şəhid” statusu verildi - FOTOLAR

3 Avqust 2017, 11:33

Şövkət Ağayev Həsənoviç... 1990-cı ilə qədər Suraxanı Rayon Məhkəməsinin hakimi olan bu şəxs düz 27 il bundan əvvəl isti ocağından çıxıb və bir daha geri qayıtmayıb. O, məşum 20 yanvar günü meydanlara axışan insan selinə qarışıb... Bu günə kimi də Şövkət Ağayevi gördüm deyən olmayıb...


Bir müddət əvvəl bu haqda Modern.az-a onun qızı Sevinc Ağayeva danışıb. S.Ağayeva artıq atasının ölümü ilə razılaşıb. Ən yaxşı halda razılaşmaqdan başqa çarəsi qalmayıb. 
 

“Biz 1996-cı ilə kimi atamı axtardıq. Çünki anam heç bir halda atamın ölümünü qəbul edə bilmirdi. Biz hər zaman onun itkin düşdüyünə inanmışıq. Biz atamı İnterpol vasitəsilə də axtardıq, xarici ölkələrdə axtarışlar verdik, televiziyalara çıxdıq. Onun heç bir yerə çıxışı ilə bağlı görüntüsü, kiçik bir məlumat əldə edilmədi. Qanunda göstərildiyi kimi, bir neçə il atamdan xəbər tutmadığımız üçün onun ölümünü təsdiqlətdik”.

Qısa arayış

14 dekabr 1936-cı il təvəllüdlü Şövkət Ağayev 19 yanvar 1990-cı il tarixində evdən çıxaraq, küçədəki vətəndaşlara qoşulub. Bundan sonra ŞAğayev evə qayıtmayıb. Ailəsi Ş.Ağayevi nə qədər axtarsa da, onu “gördüm” deyən olmayıb. Bundan sonra onun həyat yoldaşı Həqiqət Babayeva Binəqədi Rayon Məhkəməsinə həyat yoldaşının itkin düşməsilə bağlı müraciət edib. Məhkəmənin 22 may 1996-cı il qətnaməsilə Şövkət Ağayevin xəbərsiz itkin düşməsi elan olunub.

Həqiqət Babayeva 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ailə başçısını itirdiyinə görə əmək pensiyası təyin edilməsi üçün ərizə verib və məhkəmənin 21 may 2014-cü il tarixli qərarı ilə iddia təmin olunub.

Məhkəmə iclasında şahid kimi dindirilmiş qızı Ağayeva Sevinc Şövkət qızı və onun xalası Şövkət Ağayevin 19 yanvar 1990-cı ildə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

Həqiqət Babayeva daha sonra Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) Yasamal rayon şöbəsinə iddia ərizəsi ilə müraciət edib. Onun mərhum əri Şövkət Ağayevin ailə üzvü kimi, ailə başçısını itirdiyinə görə bütün əlavə və artımlar nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi, pensiyanın çıxdığı vaxtdan hesablanmaqla birdəfəlik ödənilməsinin Azərbaycan Respublikası DSMF-nin Yasamal rayon şöbəsinə həvalə edilməsi barədə iddiası təmin edilib.

Qeyd edək ki, Mülki Məcəllənin 42.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun barəsində beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, məhkəmə qayasında ölmüş elan edilə bilər.

Həmin Məcəllənin 41.4-ci maddəsinə görə isə bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.

Azərbaycan Respublikasının MPM-nin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.

 Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edib ki, Şövkət Ağayevin harada olması barədə beş ildən çox müddət ərzində məlumat olmadığından, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğundan güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşdüyünə görə ərizə təmin edilib. Ş.Ağayevin ölmüş elan edilməsi barədə qətnamə çıxarılıb.

Qızı bildirib ki, anası Həqiqət Babayeva yoldaşının ölümün uzun müddət qəbul etməyib:

“Anam həmişə “bəlkə tapılar”, “bəlkə haradansa sorağı çıxar” ümidilə yaşayıb. Biz dövlətdən nəsə güdməmişik. Çünki anam özü də dövlət qulluqçusu olub. Atam Şövkət Ağayev Suraxanı Rayon Məhkəməsinin hakimi idi. Bir müddət Prezident Aparatında işləyib. Biz dövlətdən maddi olaraq nəsə almağı düşünməmişik. Sadəcə, nə vaxtsa tapılacağına ümid etmişik. Tapılmayanda isə məcburən müvafiq qurumlara müraciət etdik. Bu da anamın xərçəng xəstəliyinə tutulması ilə bağlıdır. Bu gün anam ilik əriməsi diaqnozu ilə müalicə olunur. Prosedurlar bahalı olduğundan maddi durumumuz onu müalicə etməyə imkan vermir. Tək istəyimiz atama şəhid statusu verilməsilə bağlı fərmandır. Çünki DSMF bütün sənədlərin qaydasında olduğunu, müəyyən olunan gündən müavinət kəsilməsi barədə qərar çıxarıb”.

İndi S.Ağayevanın yeganə istəyi 1990-cı ilin 20 yanvarında itkin düşən, daha sonra ölümü elan edilən atasına kəsilmiş müavinətləri almasına kömək edilməsidir. Alacağı vəsaiti isə uzun illərdir xərçəng xəstəliyinə tutulmuş anasının müalicəsinə sərf edəcəyini deyir.

“Bu qərarın icrası üçün isə yeganə olaraq atama şəhid statusu verilməlidir. Çünki nazirlik, DSMF tərəfindən bütün lazımi prosedurlar həyata keçirilib. Çox xahiş edirik, aidiyyatı qurumlardan, bizə kömək etsinlər”.

 

S.Ağayevanin gözləntiləri özünü doğruldub. 2 avqust 2017-ci il tarixində Prezident İlham Əliyev “20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.


Sərəncamda deyilir:

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar Şəhidi” fəxri adı haqqında Əsasnamə”yə uyğun olaraq qərara alıram:

1. 1990-cı il 20 Yanvar hadisələri nəticəsində həlak olmuş Ağayev Şövkət Həsənoviçə “20 Yanvar Şəhidi” fəxri adı verilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub