Modern.az

Yunanıstana olar, Türkiyəyə yox? - S-400 nəyi nişan alacaq...

Yunanıstana olar, Türkiyəyə yox? - S-400 nəyi nişan alacaq...

Dünya

3 Avqust 2017, 12:22

Türkiyənin Rusiya ilə S-400 zenit-raket komplekslərinin alınmasına dair razılıq əldə etməsi beynəlxalq hərbi-siyasi çevrələrin əsas müzakirə predmetidir.

 

Ankaranın Kremllə hərbi əməkdaşlığının dünyada analoqu olmayan S-400 hava hücumundan müdafiə sisteminin alınacağı ilə nəticələnməsinə etiraz edən ölkələrin başında ABŞ durur.

 

ABŞ dəfələrlə buna dair bəyanatlar verib və açıq şəkildə olmasa da narahatlığını dilə gətirib. Vaşinqton hesab edir ki, S-400-lər NATO-ya inteqrasiya olmayıb.

 

Lakin bəzi ekspertlər S-400-lərin NATO-ya inteqrasiyası ilə bağlı problem olmadığını bildirir.

 

Məsələn, Yunanıstanda S-400-lərin əvvəlki variantı olan S-300-lər var. Düzdür, Yunanıstan bunu Rusiyadan yox, Kiprdən alıb, amma nəticədə bunlar Rusiya istehsalıdır.

 

S-200, S-300-lərdən istifadə edən NATO ölkələri var. Bu sistemlər Rumıniya, Bolqarıstan, Almaniyada  var. Bəs Amerika niyə Türkiyənin S-400 almasına qarşı çıxır?

 

Hesab oluna bilər ki, bunun səbəblərindən biri də Amerikanın silah bazarında dominantlığını qoruyub saxlamaq cəhdləri ilə bağlıdır.

 

Bundan başqa, Ağ Evlə Ankara arasında yaşanan gərginlik fonunda Türkiyənin Moskva ilə əməkdaşlığa üstünlük verməsi ABŞ-ı qıcıqlandırır.

 

Bu həm də bir növ Türkiyənin, Amerikanın Suriyada PKK-nın qolu olan YPG-yə dəstək verməsinə bir reaksiyadır.

 

Bu yaxınlarda ABŞ Silahlı Qüvvələri qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Cozef Danford bu barədə ölkəsinin narahatlığını dilə gətirib. O, Rusiya-Türkiyə hərbi münasibətlərinin ABŞ-ı narahat etdiyinə eyham vurub.

 

“Türkiyə hələ ki, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almayıb. Əgər alsa idilər, bu, bizm üçün narahatlıq mənbəyi olardı. Amma Türkiyə belə bir silah almayıb” –Danford belə deyib.

 

S-400-lərin əvvəlki modifikasiyası olan S-200, S-300-lərdən istifadə edən NATO ölkələri var. Bu sistemlər Rumıniya, Bolqarıstan, Almaniyada  var. Amma NATO ölkələrinin heç birində S-400 yoxdur.

 

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, başçılıq etdiyi hərbi təşkilat alınacaq avadanlıqların öhdəliklərə uyğun olub-olmamasına diqqət edəcək. Bunun konkret detallarının nə olmasını deməyən baş katib “bu da mənim mesajımdır” deyərək üstüörtülü xəbərdarlıq ünvanlayıb.

 

Türkiyə mənbələri isə bildirir ki, ölkənin milli təhlükəsizliyinin gücləndirilməsinə ehtiyac olduğu üçün Ankara S-400 almağa qərar verib.

 

Rusiya ilə Türkiyə müdafiə nazirlərinin imzasından sonra qüvvəyə minəcək bu razılaşmanın yerinə yetirilməsi iki mərhələdə olacaq. 2.5 milyard dollar qarşılığında alınacaq S-400-lərin birinci partiyası (2 ədəd) 2019-cu ildə Türkiyəyə veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar