Modern.az

Baş redaktorlar “Qızıl Qələm” mükafatının verilməsinə münasibət bildirdilər

Baş redaktorlar “Qızıl Qələm” mükafatının verilməsinə münasibət bildirdilər

19 May 2011, 11:01

Bir vaxtlar Azərbaycan Jurnalistlər Birliyinin jurnalistika səhəsində fərqlənən qələm sahiblərinə verdiyi «Qızıl Qələm» mükafatı son illər Oqtay Salamzadənin rəhbəri olduğu Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir.
KİVHİ bu ilki «Qızıl Qələm» mükafatını da artıq sahibinə verib. Və bəyan edib ki, bu dəfə də qalibin seçilməsi üçün jurnalistlər arasında sorğu keçirilib. Adıçəkilən qurum bildirib ki,  2 ay müddətində keçirilən sorğuya Mətbuat Şurasına üzv olan 33 gündəlik, 59 dövrü mətbuat və 12 informasiya agentliyində çalışan jurnalistlər cəlb olunub. KİVHİ bu ilki “Qızıl Qələm” mükafatını Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirliyə verib.
Bununla bağlı informasiya dünən Modern.az saytında dərc ediləndən sonra redaksiyamıza jurnalistlər tərəfindən xeyli zənglər edildi və Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqının ciddi media  nümayəndələri arasında sorğu keçirmədiyi bildirildi. Belədə əməkdaşımız Mətbuat Şurasına üzv olan bəzi media quruluşlarının rəhbərlərinnin məsəlyə münasibətini öyrəndi.

“Yeni Müsavat” qəzetinin redaktoru Xalid Kazımlı KİV Həmkarlar İttifaqının Milli Mətbuat günü ilə əlaqədar jurnalistlər arsında keçirdiyi sorğuda şəxsən iştirak etmədiyini bildirib.
“Amma ola bilər ki, sorğunu burda işləyən başqa jurnalistlər cavablandırıb. Bu haqda dəqiq məlumatım yoxdur”.
“Qızıl qələm” mükafatının həmin qurumun ənənəvi mükafatı olduğunu deyən redaktor qeyd edib ki, bu mükafat müstəqil mətbuat yaranmamışdan əvvəl verilirdi.
“Bu mükafatı təqdim etmək onların müstəsna səlahiyyətləridir. Düzdür, mükafatın adı bir az yekə çıxır. Amma hansısa başqa qurum da özü müküfat hazırlayıb laureatlarına təqdim edə bilər. Həmin mükafatın qalibinin nə qədər mötəbər olduğu bir qədər mübahisəli məsələdir”.
X.Kazımlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin “Qızıl Qələm” mükafatına layiq görülməsinə belə münasibət bildirib: “Ən azından onun adını mətbuatda eşitdiyim üçün hesab edirəm ki, mükafatın ona verilməsi yerindədir. Bu gün dövlət qrumlarının mətbuat xidmətlərinin 90 faizinin adını bilmirik. Baş Prokrorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu, Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov kimi mətbuatın suallarını cavablandıran şəxslər barmaqla sayılacaq qədər azdır. Onlar hər zaman bizimlə əməkdaşlıq edirlər. Buna görədə Anar Qədirliyə uğurlar olsun, jurnalistlər məsləhət biliblərsə, demək layiqdir”.

“525-ci qəzet”in redaktoru Yusif Rzayev isə həmin sorğuda şəxsən iştirak etmədiyini bildirib. Redaktor hesab edir ki, “Qızıl Qələm” mükafatı mənasız mükafatdır.
“Çünki o mükafatı təqdim etdikləri insana onlar belə verirlər: zəng edirlər ki, “filankəs sənə “Qızıl Qələm” mükafatı verəcəm. Amma bunun nəyininsə hazırlanması üçün bu qədər pul verməlisən”. Yəni “Qızıl qələm” mükafatını pulla satırlar”.
Y.Rzayev Səhiyyə Nazirliyinin mətbuat xidmətinin qalib olmasına isə heç bir mənfi münasibəti olmadığını deyib. Və qeyd edib ki, əgər ondan rəy soruşsa idilər, o başqa mətbuat xidmətininin rəhbərinin adını deyərdi. “Amma seçilibsə, bu jurnalisrtlərin seçimidir, buna hörmətlə yanaşıram və təbrik edirəm”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı KİVHİ tərəfindən onlara belə bir sorğu göndərilmədiyini və bu barədə məlumatları olmadığını söyləyib.
““Qızıl  qələm” mükafatı Sovet dövründən, 70-ci illərdən Jurnalistlər Birliyi tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunurdu. İndi Azərbyacan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdır. Hesab edirəm ki, ənənəyə sadiq olaraq mükafat yenə Jurnalistlər Birliyi tərəfindən təqdim olunmalıdır. Niyə təqdim olunmadığını və ya hansısa problemlərin olduğunu isə bilmirəm” deyən baş redaktor hesab edir ki, son illlər Azərbaycan mətbuatında çalışmayan və ya jurnalistikaya imzası dəxli olmayan insanlar bu mükafata layiq görülür.
“Bu doğru deyil və istərdik ki, bununla bağlı tədbir görülsün”. A.Aşırlı da digər həmkarları kimi Anar Qədirlinin bu mükafata layiq görülməsini normal qiymətləndirdiyini qeyd edib.
“Çünki o jurnalistlərlə işləyir, səhiyyə ilə bağlı  bizim hər zaman suallarımıza cavab verir. Yəni elə problem yoxdur, Anar Qədirli mətbuata açıq insandır”.

APA-nın baş direktoru Vüsalə Mahirqızı isə KİVHİ-ni ciddi qurum kimi tanımadığını bildirib:
“Nə onların fəlaiyyətindən xəbərim var, nə də onların sorğularında iştirak etmişəm. Onların verdiyi hər hansı mükafatın da olduğunu bilmirəm. Bu tipli qrumları mən belə tanıyıram ki, mükafatın təqdim edilməsi onlar insanlardan müəyyən qədər pul istəyirlər” deyən baş direktor belə bir təklifin ona da edildiyini vurğulayıb.
“Bir dəfə də bu qurumdan mənə zəng edib deyilmişdi ki, “müəyyən qədər pul ver, sənə də “Qızıl Qələm” mükafatı verək””.
V.Mahirqizi Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin mükafata layiq görülməsinə isə belə münasibət bildirib.
“Anar Qədirli Səhiyyə Nazirliyində media qrupları ilə, o cümlədən bizimlə ən yaxşı işləyən insanlardandır. Məhz onun sayəsində biz nazirlə - nazir elə də çox müsahibə verən deyil- eksklüziv müsahibə etdik. Bu da məhz Anar Qədrilinin sayəsində olub. Amma deməzdim ki, Anar Qədirli mətbuatla işləyən ən yaxşı şəxsdir. Bunu jurnalistlər də, elə Anar Qədirlinin özü də bilir. Çünki media ilə ondan daha yaxşı işləyən dövlət strukturları və mətbuat xidmətləri var”.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev belə bir sorğuda iştirak edib etmədiyini xatırlamadığını bildirib. “Dumanlı şəkildə yadıma gəlir ki, nəsə sorğu blanklarını doldurmuşuq, amma konkret olaraq bilmirəm onların sorğuları idi, yoxsa yox”.
A.Quluyev bildirib ki, vaxtilə özü də  “Qızıl Qələm”mükafatı alıb.
“Həmin mükafatla mən də təltif olunmuşam, amma “Qızlı Qələm”in tarixçəsini bilmirəm. Ona görə mükafatın o təşkilat adından verilməsini izah edə bilmərəm. Bu dəfə bu mükafata layiq görülən Səhiyyə Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlini isə təbrik edirəm. Bütün hallarda dövlət idarələrinin mətbuat xidmətləri arasında Anar Qədirli ara-sıra mətbuata görünür, yəni qapalı deyil”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də belə bir sorğunun keçirilməsini xatırlamadığını söyləyib.
“Belə qrumun da fəaliyyətindən xəbərim yoxdur. Ümumiyyətlə Azərbaycanda belədir ki, istənilən adam, məsələn, müğənnilər arasında “kral”, “kraliça”, “primadonna” titullarını özləri yaradır. Jurnalistlər arasında da “qızıl”, “gümüş”, “brilliant” mükafatlarının təsis edilməsini təbii qarşılayırıq”.
Anar Qədirlinin qalib seçilməsinə gəlincə isə o qeyd edib ki, belə bir sorğu redaksiyada keçirməyib. “Amma jurnalistlərlə fəal işləyən dövlət qrumları kifayət qədərdir. Fikirləşirəm ki, bunların da içində ən yaxşılarının seçilməsində müəyyən addımlar atmaq olar. Yəqin mətbuat xidmətlərinin stimullaşdırılması ilə bağlı belə bir addım atılıb. Amma hesab edirəm ki, jurnalistlərin dövlət qrumlarını təltif edən mükafat təsis etməsi düzgün deyil”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu özü KİVHİ-nin sorğusunda şəxsən iştirak etmədiyini deyib. “Bəlkə uşaqlardan soruşublar, amma bu barədə məlumatım yoxdur”.
“Qızıl qələm”in həmin təşkilatından adından verilməsinə gəlincə, baş redaktor hesab edir ki, Oqtay Salamzadə Azərbaycan jurnalistikasında veteran, ədəbi-ictimai sahədə tanınmış ziyalılardandır.
“Onların belə mükafat verməsinə isə normal baxıram. Ümumiyyətlə, qiymətləndirmə kriteriyalarına ehtiyatla yanaşmaq lazımdır. Amma hesab edirəm ki, bu mükafat layiq olan insanlara verilsə, daha yaxşı olar. Yəqin ki, gələcəkdə də bu nəzərə alınacaq”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir