Modern.az

Ermənilər internetdə qız adı ilə azərbaycanlı oğlanlardan hərbi məlumatlar ala bilər 

Ermənilər internetdə qız adı ilə azərbaycanlı oğlanlardan hərbi məlumatlar ala bilər 

3 Avqust 2017, 16:50

Sosial şəbəkələr və internet həyatımızın önəmli bir parçasına çevrilib və ondan müxtəlif məqsədlərlə istifadə etmək olur.

Virtual tanışlıq da bunun tərkib hissəsidir.

 

Əks cinslə həmsöhbət olmaqla asudə vaxtını keçirənlər az deyil. İstifadəçilərin əksəriyyəti, xüsusilə də oğlanlar yeni  insanlar tanımaq üçün daha çox Facebook- a müraciət edirlər. Bu, normal haldır. Lakin məsələnin təhlükəsizlik tərəfini vurğulamaq lazımdır.

 

Belə ki, bəzi erməni kəşfiyyatçılar qız adı ilə  oğlanlarla əlaqə yaradır, əsgərlik xatirələrindən söz açır və bunun vasitəsilə müəyyən məlumatlar  əldə etməyə çalışırlar.

 

Belə olduğu halda  oğlan istifadəçilər nəyə diqqət etməlidir? Bunun ölkəmizin  təhlükəsizlik məsələsinə hansı təsirləri var?

 

Təhlükəsizlik məsələləri üzrə ekspert  İlham İsmayıl Modern.az-a açıqlamasında bildirib ki, sosial şəbəkə vasitəsilə kəşfiyyat aparmaq əsas tələ deyil:

 

“Bu cür təxribatlar ciddi nəticələr vermir. Xüsusilə də təhlükəsizlik sahəsi ilə əlaqədar olaraq mənfi təsirlərinin olma ehtimalı zəifdir.

 

Sosial şəbəkədə hansısa qız və ya oğlan adı ilə saxta profil açaraq cəbhəyanı bölgədə və ya hərbi hissələrdə baş verənlərlə bağlı məlumat əldə etməyə heç ehtiyac da yoxdur. Çünki adətən rayon sakinləri sosial şəbəkədə düşmən tərəfin əməlləri ilə bağlı müəyyən qeydlər edirlər. Məsələn, düşmənin atəş açması və.s kimi informasiyalar. Amma bu, əsaslı informasiya sayılmır. Düzdür, yeri gələndə müəyyən dərəcədə bu informasiyadan yararlanmaq    olur.

Sıradan vətəndaşdan alınan bilgilərin əhəmiyyəti yoxdur. Lakin hərbi sahədə işləyən və bu sahə üzrə informasiyalı olanlar ehtiyatlı olmalıdır.  Düşmən kəşfiyyatçıları həmin insanlarla virtual tanış olub məlumat əldə etməyi düşünə bilərlər. Digər tərəfdən bu insanlar da kimin onunla həqiqətən dostluq etdiyini, kimin yalançı olduğunu, hansı informasiyaları məxfi saxlamaq lazım olduğunu bilirlər.  

Nəticə olaraq sosial şəbəkənin informasiya sızması və dövlətçiliyə zərər vurmaq barədə xüsusi bir təhlükəsi yoxdur”.

 

“Maarifləndirici işlər aparmalıyıq”

 

İ. İsmayıl deyib ki,düşmən tərəfcəbhə bölgəsində əhalinin əhval-ruhiyyəsi barədə saxta profillər vasitəsilə məlumatlar əldə etməyə cəhd edə bilər.

 

“Əslində bunu biz də edə bilərik. Amma bu yolla mahiyyətcə böyük nəticə əldə etmək çətindir. Lakin maarifləndirici iş də aparmalıyıq. Yadınızdadırsa, aprel döyüşlərindən sonra Müdafiə Nazirliyi əhaliyə ətraf bölgələrdə olan məsələlərlə bağlı hər hansı bir informasiyanın verilməsinə ehtiyac olmadığını bildirmişdi.

 

Tutaq ki, magistralda hərbi maşınlar hərəkət edir və sən bunun şəklini çəkib “cəbhə bölgəsinə bu qədər maşın getdi” kimi sosial şəbəkədə məlumat yayırsansa, bu düzgün deyil. Bu, doğrudan da önəmli informasiyadır və bununla bağlı xəbərdarlıq edilməlidir. İnsanlar arasında maarifləndirici iş aparmaqla belə informasiyanı verməməli olduqlarını nəzərlərinə çatdırmalıyıq”.

 

Azərbaycan İnternet Forumunun prezidenti  Osman Gündüz qeyd edib ki, bu məsələdə istifadəçilərdən xüsusi diqqət tələb edilir:

 

“İnternet, sosial media açıq şəbəkədir və hər bir insan bundan qarşısına qoyduğu məqsədə uyğun  istifadə edə bilir. Əlbəttə ki, sosial şəbəkələrdən daha faydalı məqsədlər üçün istifadə olunması daha yaxşıdır. Yəni təhsil, karyera, pul qazanmaq, əlaqələr qurmaq, informasiyalar yaymaq və s.

 

Necə ki, real mühitdə məhdudiyyət var, eləcə də virtualda müəyyən qadağalar mövcuddur. Yəni  hansı informasiyaları yaymaq olar, hansıları olmaz. Bununla bağlı qanunvericiliyin öz tələbləri və buna uyğun prosedurları var.

 

Eyni zamanda istifadəçilər də diqqətli olmalıdır. Yəni istifadəçilər kimisə dostluğa qəbul edəndə, münasibətlər quranda bir qədər ehtiyatlı olmalı və saf çürük etməlidirlər. Hər şey ilk növbədə insanın özündən asılıdır. Burada təxribatdan söhbət getdiyi halda bununla bağlı müvafiq aidiyyatı qurumlara müraciət edə bilərlər. Buna qədər də profilaktikanı gözləmək lazımdır”.

 

“İnsanlar sosial şəbəkədən istifadə edərkən ehtiyatlı olmalıdır”

 

O. Gündüz qeyd edib ki, Facebook-dan istifadə edən oğlanlar öncə əlaqə qurduqları şəxslərin profillərini nəzərdən keçirməli və saxta olub-olmadığını müəyyənləşdirməlidir:

“Profillərə ən azı vizual baxmaq lazımdır. İstifadəçilər qarşı tərəfin profil məlumatlarına, şəkillərinə, dostlarına baxmalı, yazdığı statusları, paylaşımlarını nəzərdən keçirməlidir.

 

Bu qısamüddətli bir araşdırma tələb edir  və qarşı tərəfi araşdırmaq üçün yetərincə imkanlar var.

 

Əlbəttə, sosial şəbəkədən mənfi məqsədlə istifadə edən müəyyən  qurumlar, müxtəlif məqsədli qruplaşmalar  mövcuddur. İstənilən halda həmişə bundan qeyri-sağlam istifadə etməyə meylli olanlar olacaq. Bu düşmən və ya qeyri düşmən dövlətlər ola bilər.

Ona görə hər zaman insanlar və bu sahəyə cavabdeh qurumlar ehtiyatlı olmalıdır.  Sosial şəbəkələrdəki vəziyyəti araşdırmaq, monitorinq etmək önəmlidir. Müvafiq qurumlar bu sahə üzrə müəyyən tədbirlər görə bilər”.

  

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir