Modern.az

Elmi ad almaq yarışı

Elmi ad almaq yarışı

16 Noyabr 2009, 12:13

“Elmin tərəqqisi alimlərin əsərləri  və onların kəşflərinin dəyəri ilə təyin olunur” deyən L.Pasterin fikirlərini bizim məmləkətə də şamil etmək olar. Əgər bu şərtlərlə yanaşsaq ,Azərbaycanda elmin tərəqqisindən danışmağa  dəyməz. Hər il elm sahəsinə milyonlarla manat sərf olunsa da,  heç bir elmin nailiyyətin şahidi olmuruq.  Düzdür, hər il elmi dərəcə alanların sayı artır, ancaq elmin ölçüldüyü meyar görünmür.

Əslində alimlərdən gözlədiyimizi ucqar bir kəndin sakinindən görürük. Alimlər bu neçə ildə yanacaq enerjisi olmadan bir təkər belə tərpətmədiyi halda, ucqar bir kəndin Məmmədqulu adlı sakini yanacaqsız maşın tərpədir. Bunu görəndə təbii olaraq bir sual yaranır. Bu necə olur?

Elə bu suala cavab tapmaq üçün bir müəllimin dissertasiya müdafiəsində iştirak etdim. Deyəsən, gələn qonaqlar içərisində tək mən narahat idim. Hamı gül-çiçəklə, təbrik dolu nitqlərlə gəlmişdi. Müdafiənin nəticəsi blinmədən hamı səbəbkarı təbrik edirdi. Müdafiə başladı. Əvvəl elmi rəhbər, sonra da müdafiəçi çıxış etdi. Diqqət çəkən məqamlardan biri elmi işin yarısının Sovet təcrübəsinə dayanması idi. Müdafiə tərəfi problemin həlli üçün heç bir təklif vermədi. Tənqidçilərin suallarına isə müdafiəçi əvvəlcədən hazırlanmış və kompüterdə yığılıb, çap olunmuş vərəqdən cavablandırdı. Müdafiənin kulminasiya nöqtəsi Elmi Şuradan bir qadın nümayəndənin kürsüyə çıxıb “mən qadın həmrəyliyi nümayiş etdirib müdafiəçinin tərəfini saxlayıram” deməsi oldu. Elmi müdafiədə qadın həmrəyliyinə nə ehtiyac var?

Sonda qapalı otaqda səsvermə keçirildi. Müdafiə yüksək qiymətləndirilib , alqış və hədiyyələrlə yekunlaşdı. Elmi Şuranın üzvlərindən birini kənara çəkib soruşdum ki, indi bunun axırı necə olacaq? O, gülümsəyərək cavabında “bir axşam da qonaqlıq veriləcək, bununla da təzə elmlər namizədimiz  olacaq” dedi.

Elə bu soraqla okeanın o tayına məktub göndərdim. Öyrənmək istədim ki, görəsən onlarda elmi adlar necə alınır? Müdafiə zamanı qadın və kişi həmrəyliyi rol oynayırmı?

ABŞ-ın Memfis Universitetinin doktorantı Fariz Hüseynov  təcrübəsini bölüşür. Fariz deyir ki, Memfis Universitetinə hər il 30-50 nəfər elmi iş almaq üçün müraciət edir. Bunlardan ancaq 3-5 nəfər seçilir. Onun yazdıqlarını oxuduqca ABŞ-la bizim aramızda okean boyda fərqin olduğunu anladım.

Ancaq etiraf etmək lazımdır ki, dünya elminə tövhə verən azərbaycanlı alimlər də var. Burada  Lütfi-Zadə, Rafiq Əliyev, rəhmətlik Azad Mirzəcanzadənin adları çəkilir. Ancaq bu şəxslər Azərbaycanda nə dərəcədə tanınır, bax bunu demək çətindir.

Rafiq müəllim hələ də AMEA-nın müxbir üzvüdür. Bundan narazı olduğumuzu biləndə, dedi ki, elmin vətəni yoxdur. Elm üçün hansısa bir ad daşımaq da vacib deyil. Hələ də narahat olduğumuzu görüb bunun necə baş verdiyini açıqladı. “Bir gün AMEA-da həqiqi üzv seçmək üçün toplaşmışdılar. Hamı deyirdi ki, həqiqi üzvlüyə mən seçiləcəm. Seçimdə mənə səs vermək üçün xarici ölkədən bura gələn alimlər də var idi. Ancaq onların gözlədiyi kimi olmadı. Həmin iclasda iştirak etməyən bir şəxs AMEA-nın həqiqi üzvü seçildi”.

Rafiq Əliyev etiraf etməsə də, bu hadisədən təsirləndiyi açıq-aşkar görünürdü. Düzdür, onun bu ada heç ehtiyacı yoxdur. Onu təsirləndirən həmvətənlərinin ona qarşı ədalətsiz davranışıdır. Biz bu cür alimlərin  təcrübəsindən öyrənmək əvəzinə, onları özümüzdən küskün salırıq. Bu da bizi hər zaman geri addım atmağa məcbur edir.

Azərbaycanda elmi dərəcə almaq hər bir ali təhsilli üçün əlçatan olub. Burada yalnız istək rol oynayır. Elmi dərəcə alanlar isə elmə heç bir yenilik gətirmir. Sadəcə adlarının qarşısında “elmlər doktoru”,” professor” sözləri yazılır. Bu, əksər hallarda belə olur. Ancaq xarici təcrübədə qiymətləndirmə başqadır. İlkin mərhələdə elmi işin yetərli olması müzakirə olunur. Onun elmə verdiyi yenilik aydınlaşır. Yalnız bu halda elmi işin müdafiəsi uğurlu olur. Namizədlər elmi işlərinin bir neçə dəfə təqdimatını keçirir. Mövzuya aid olan konfranslarda onlar da müdafiə işlərini təqdim edir. Əsas tələb kimi elmə verilən yenilik müzakirə olunur. Tənqidlər və təkliflər səslənir. Elmi jurnallarda rektorun tərifi yox, mövzunun  məqaləsi verilir. Məqaləyə gələn rəylər əsasında bu işin nə dərəcədə uğurlu olması  aydınlaşır. Rəylər tanışlıq əsasında yox, peşəkarlıq tələbi ilə verilir. Bu cür təcrübənin Azərbaycanda tətbiqi elmin inkşafına təkan verər. Hər kəs bunun ciddiyyətini mənimsəyər. Rüşvət və tanışlıq əsasında elmi dərəcə alıb savadsız nəsil yetişdirmək heç kimə sərf etmir. Elmin qəbul etmədiyi rüşvət gərək onun qapısına ayaq açmasın. Bu, hamımız  üçün utancverici bir  hadisədir. Xarici mətbuatın ölkəmiz haqqında verdiyi məlumatda elmin rüşvət girdabında olduğu göstərilir. Müəllif buna ironiya etməyi də unutmur. Beləliklə, beyinlilərimiz köçür... Yerdə qalanlar isə yenə öz “yerlərindədir”. 

Sevinc Vaqifqızı

BDU-nun jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir