Modern.az

Kredit və borcla Həccə gedən azərbaycanlılar...  

Kredit və borcla Həccə gedən azərbaycanlılar...   

31 İyul 2017, 12:50

Müqəddəs Həcc ziyarəti yaxınlaşır. Belə ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedən ilk zəvvar qrupu avqustun 24-də, növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub.

Modern.az-ın əməkdaşına məlum olub ki, ötən il ilə Azərbaycandan bir neçə nəfər kredit və borc götürərək, Həcc ziyarətinə yollanıb. Və, həmin hacılar bu günədək də kredit və borcu ödəməklə məşğuldurlar...

Maraqlıdır, Azərbaycanda daha çox hansı təbəqədən olan insanlar Həcc ziyarətinə yollanır? Kreditlə, borc götürməklə Həcc ziyarəti etmək düzgündürmü?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev Modern.az-a deyib ki, Həccə gedənlərin 80 faizi imkanlı şəxslərdir:


“Keçən illərdəki kimi bu il də Həcc ziyarətində hər hansı yenilik yoxdur. Yəni ora gedənlərin 80 faizini imkanlı adamlar təşkil edir. Qalanları isə kiminsə yardımı ilə gedənlərdir. Öz maaşı hesabına gedənlərin sayı isə çox azdır.

Maddi cəhətdən imkanı olmayan insanların Həccə getməsi ümumiyyətlə düzgün deyil. Gərək öz halal zəhmətin hesabına qazandığın pulla Həccə yollanasan. Mən də, o cümlədən siz də bilirsiniz ki, ölkəmizdə insanların öz əmək haqlarını yığıb 4000-5000 dollar həddinə çatdırması çətindir. Hər kəsin maaşı buna imkan vermir. Ona görə də kimsə hansısa yolla pul düzəldib gedirsə, bu artıq Həcc deyil. Bununla sadəcə insan özünün mənəvi tələbatını ödəyir”.

R.Əliyev bildirib ki, kredit və ya borc götürərək Həccə getmək yanlış əməldir:

“Borc götürərək və ya kreditlə Həccə getmək düzgün deyil. Əgər sənin borcun varsa, bunu ödəyəndən sonra Həccə gedə bilərsən. Kredit götürmək isə o deməkdir ki, sən ona faiz ödəyəcəksən. Faiz isə İslamda ən çox qadağan edilən  əməldir. İslamda sələmçilik yoxdur”.

“Həccə gedənlər qayıtdıqdan sonra əməllərinə diqqət etməlidir”

“Mənəvi nöqteyi-nəzərdən Həccə gedənlər özlərini təmizləyirlər.  Ümumiyyətlə, həmin insanlar ətrafa müsbət enerji verməli, normal münasibətlər qurmalıdır. Günahlardan təmizləndiyini nəzərə alaraq yanlış əməllərdən çəkinməlidir. Adətən Həccə gedənlərin əksəriyyəti dönəndən sonra əməllərinə diqqət edirlər”.

Qeyd edək ki, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək.

Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən il kvota 1040 nəfər olub.

Tərəfsiz Jurnalistlər Birliyinin icra etdiyi “Bank istehlakçıları arasında maliyyə savadlılığına dair maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində bu məsələ ilə bağlı digər alimlərin də rəyini təqdim edirik. Qeyd edək ki, layihə AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilir.

 

Türkiyənin dinçi alimləri də kreditlə, faizli borcla Həcc ziyarətinə getməyin düzgün olmadığını deyirlər. Tanınmış islamşünas Nihat Hatipoğlu deyir ki, faizli borc götürüb, bankdan kredit alıb ə qurban  kəsmək olar, nə də Məkkə ziyarətinə getmək: “Bu yolla Həccə getmək doğru deyil. Çünki sən bankdan kredit alırsansa, faktiki olaraq faizlə pul götürüb gedirsən. Bu isə qadağandır. Amma elə adamlar olur ki, kredit kartından pul çıxarıb onu faizsiz, bir neçə dəfəyə ödəyirlər və bu pula qurban kəsirlər. Bunun problemi yoxdur. Çünki bu adamlar deyirlər ki, mənim pulum var, sadəcə indi əlimdə yoxdur, ona görə sanki borc alırlar, faizlə yox, bir neçə dəfəyə ödəməklə vəsait götürürlər. Ümumiyyətlə, borca düşməklə qurban kəsmək məcbur deyil”.

 

Türkiyədə və digər İslam ölkələrində Həcc ziyarəti üçün faizsiz kredit təklif edən banklar da olur. Məsələn, elə bank var ki, ilk dəfə Məkkəyə ziyarətə hazırlana şəxslərə 36 aylıq faizsiz pul verir. Lakin bu təklif ikinci və daha növbəti səfərləri üçün keçərli deyil. Bəzi banklar isə faiz yox, sadəcə bank xərclərini istəyir. Bu da təxminən 1 faiz təşkil edir.

 

Müqəddəs torpaqları faizsiz kreditlə ziyarət etməyin daha bir yolu turizm şirkətləridir. Elə travel firmaları var ki,  onlar öz müştərilərinə Həcc ziyarətinə getmək üçün bütün xərclərini ödəyirlər və faizsiz olaraq bir neçə ay ərzində ödəməyə imkan verirlər. Bu zman yalnız 0.5-1 faiz aralığında xidmət haqqı tutulur. Bir ara Türkiyədə “HAPPY CARD'LA MUTLU HACILAR!” reklam kampaniyası çox populyar olmşdu. Bu ziyarət növü üçün müxtəlif paketlər təklif olunurdu. Hətta ailə və ya dostlarıyla müqəddəs torpaqları ziyarət etməklə istəyənlərdən biri də ailə dəstək paketi təklif olunur.

 

Amma bütün dinçi alimlərin bir məsələdə fikri yekdildir ki, kreditlə, faizlə borc götürməklə qurban kəsmək, Həcc ziyarətinə getmək olmaz. 

 

P.S Yazı AR Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Bank istehlakçıları arasında maliyyə savadlılığına dair maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?