Modern.az

 İsgəndəriyyə kitabxanasından sonra dünyada 2-ci böyük kitabxana Azərbaycanda olub

 İsgəndəriyyə kitabxanasından sonra dünyada 2-ci böyük kitabxana Azərbaycanda olub

5 Avqust 2017, 12:39

Görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi (1201-1274) dövrünün ən nəhəng Marağa rəsədxanasını (1259-1271) tikdirmişdi. O, monqol hökmdarı Hülaku xanın nüfuzundan istifadə edərək, rəsədxanada çalışan alimlər üçün zəngin kitabxana düzəltmişdi. Sahəsi 330 kv. metrə bərabər olan kitabxanada 400 min əlyazma vardı. Əlyazmaların əksəriyyəti Azərbaycanda, yerdə qalan hissəsi isə ölkə hüdudlarından kənarda yazılmışdı. Bağdad monqollar tərəfindən işğal olunanda (1258) Tusi Hülaku xanın razılığı ilə orada olan bir çox qiymətli əlyazmaları, incəsənət nümunələrini və tarixi fərmanları karvanlara yükləyərək, xüsusi süvari dəstəsi ilə Marağaya göndərmiş və bununla da bəşər tarixi üçün vacib olan bir çox tarixi sənədləri məhvdən qurtarmışdı. Marağa kitabxanası Yaxın Şərqdə yerləşən ən böyük kitabxanalardan biri sayılır və orada saxlanılan əlyazmaların əksəriyyətinin öz tarixçəsi var idi. Ona görə ki, əsərlərin müəllifləri dünya elminə və mədəniyyətinə xidmət etmiş, tarix qarşısında öz çəkisi olan müdrik, kamil və aqil insanlar idi.


Kitabxananın sahəsinə şübhə ilə yanaşan B. Rzayev yazır: “...Qazıntılar zamanı məlum olub ki, bu qədər kitab (400 min əlyazma – R. D.) kitabxanaya yerləşə bilməzdi. Yəqin ki, kitabların bir qismi də əsas binada saxlanılırmış”.


Kitabxananın fəaliyyəti haqqında yazan Təbatəbai göstərirdi ki, kitabxana Əbu Səidxan Elxaninin dövründə də fəaliyyət göstərmişdi.


Hülaku xanın qoşunlarının, ətrafda yerləşən ölkələrin şəhərlərinə edilən işğalçılıq yürüşlərdən bir çox mədəniyyət, incəsənət abidələri, elm mərkəzləri bərbad vəziyyətə düşürdü. Tusi belə bir ağır və təhlükəli vəziyyətdə sinəsini irəli verərək, həmin abidələrin və sənət əsərlərinin məhv olunmasının qarşısını almış və dünya mədəniyyəti üçün qiymətli sayılan sərvətləri Azərbaycana gətizdirərək, onların təhlükəsizliyini təmin etmişdir. Məhz bu səbəbdən Marağada belə bir zəngin kitabxana yaranmış, şəxsən Tusinin 100-dən çox əsəri orada saxlanılmışdı. Rəsədxanada çalışan alimlərin əksəriyyəti, bir elmi mənbə kimi onun əsərlərindən istifadə etmişdilər. 

                                                             

Bundan əlavə orada qədim yunan və Şərq alimlərinin də elmi işləri saxlanılırdı. Əlyazmalar arasında azərbaycanlı müəlliflərin də əsərləri olub – Əbu Əli Əhməd ibn Məhəmməd Bərdəinin “Tarix”, Şəmsəddin Məhəmməd ibn Osman Sərəvinin “Cavanmərdlərə nəsihətlər toplusu”, Mühtəsəddin Əbilxeyrin “Tarix Azərbaycan”, Qazi Əfzələddin Təbrizinin “II Nüsrətəddin Pişkinin ömür yolu” və digərləri. İbn Həcər yazır ki, əlyazmalar arasında “Marağa tarixi”“Arran tarixi” kimi əsərlər də var imiş.


Çin, Hindistan, Ərəb ölkələri, Monqolustan və Avropadan gələn alimlər burada geniş elmi iş aparırdılar.


On il boyunca kitabxananın qoruyucusu və açarcısı olmuş İbn əl-Füvati “Təzkirə mai qəsədə əl-rəsədxana” adlı əsərində minlərlə уerli və əcnəbi alimlərin, mütəxəssislərin adını əks etdirib. Həmin fundamental əsərin müxtəsər variantı dövrümüzə qədər gəlib çıxıb.

Akademik Ziya Bünyadov Tusinin elmi-irsini araşdırarkən, alim barəsində belə bir fikirlər söyləmişdir: “Məşhur Marağa rəsədxanasının və və nəhəng elmi kitabxanasının yaradılması Nəsir əd-Din Tusinin adı ilə bağlıdır və yalnız bu fəaliyyəti onu ölməzliyə qovuşdurmuşdur.


Nəsir əd-Dinin çoxəhatəli elmi yaradıcılığı, astronomiya, həndəsə, triqonometriya və başqa dəqiq elmlərə həsr edilmiş çoxsaylı əsərləri, onun adını hələ Avropada elm yenicə inkişafa başladığı zaman artıq məşhur etmişdi.


Nəsir əd-Din Tusi elmin hərəkətverici böyük zəkalarından biri olmuşdur. Orta əsr elminin bir çox klassik sahələri onun nailiyyətidir”.


Tusinin fenomenal biliyə malik olan dahi alim kimi tanınması heç kimdə şübhə oyatmaz. O, bir neçə alimlərin gördükləri işi təkbaşına görmüşdü. İş ondadır ki, alim heç bir dövlət və ictimai işlərinə, özünün qiymətli enerjisini sərf etmədən elmi işlərlə məşğul olsaydı, daha da unikal kəşflər əldə edərdi. Lakin buna baxmayaraq, Tusi “Əlamut” qalasından azad ediləndən sonra vaxtının əksəriyyətini dövlət işinə, rəsədxananın tikintisinə, yaradılan kitabxanaya qiymətli əlyazmaların toplanmasına, bir çox tanınmış alimlərin və istedadlı tələbələrin, şagirdlərin Marağaya cəlb edilməsinə, onalrın bütün qayğılardan azad olunmasına, Azərbaycanın bir çox şəhərlərində tədris ocaqlarının yaradılmasına sərf edirdi. 

                                                                 

Həmin dövrdə “Elxanilər” dövlətində uzunmüddətli sabitliyi görən Bizansın, Venetsiyanın, Genuyanın və digər Avropa şəhərlərinin tacirləri, dənizçiləri, elm və mədəniyyət adamları Təbrizə, Ürmiyəyə, Marağaya, Ərdəbilə mütəmadi olaraq səfərlər etmiş və əlverişli fürsətdən istifadə edərək, orada məskunlaşmağa da çalışmışdılar. Buna bariz nümunə əsasən, genuyalıların Təbrizdə böyük bir küçədə yaşayış evləri alması idi. Məhz onlar Marağa kitabxanasına gəlib oradakı əlyazmalarla maraqlanmış və rəsədxana dağılandan sonra onların bəzilərini alıb öz vətənlərinə aparmışdılar.

Xatırlamaq lazımdır ki, məşhur İsgəndəriyyə kitabxanasında 700 min əlyazma olmuşdu. O da illər ötdükcə talana məruz qalmışdı.




Yazıçı-tədqiqatçı Ramiz Dəniz
Prezident təqaüdçüsü,
“Qızıl qələm” mükafatı laureatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir