Modern.az

Stalinin sevimlisi, Xruşovun çəkindiyi, Brejnevin qısqandığı “GÜLMƏYƏN ADAM”

Stalinin sevimlisi, Xruşovun çəkindiyi, Brejnevin qısqandığı “GÜLMƏYƏN ADAM”

Reportaj

8 Avqust 2017, 22:00

Gürcüstanda tütün fabrikinin açılışında iştirak edən Kosıgin rəsmi tədbirdən sonra kollektivlə söhbət edərkən siqareti tərgitməyinə baxmayaraq fabrikin direktorundan bir siqaret istəyir. Direktor böyük məmnunniyyətlə cibindən qutunu çıxarıb onu siqaretə qonaq edir. Kosıgin siqaret qutusuna diqqət yetirir, ABŞ istehsalı olduğunu görüb fabriki tərk edir. Elə həmin gün də fabrikin direktoru vəzifəsindən azad edilir...

Modern.az saytı 16 il SSRİ Nazirlər Sovetinin sədri vəzifəsində işləmiş Aleksey Kosıgin haqqında yazını təqdim edir.

Kosıginin xalq arasında böyük populyarlığı olub. Onu məmur kimi deyil, işgüzar, bacarıqlı və həm də olduqca səliqəli, yaraşıqlı bir insan kimi seviblər. SSRİ-nin iqtisadi cəhətdən dirçəliş illəri məhz onun adı ilə bağlıdır. Elə bu gün də Rusiya iqtisadiyyatının inkişafınının bazasının Kosıgin tərəfindən qoyulduğunu söyləyənlər az deyil.

SSRİ-də fəhlə və qulluqçuların 5 günlük iş rejiminə keçirilməsi, aztəminatlı ailələrdə uşaqlara müavinətlərin verilməsi, mağazalarda ərzaq çeşidlərinin çoxalması, sovet vətəndaşlarının istirahəti üçün yeni sanatoriyaların, istirahət evlərinin istifadəyə verilməsi, mənzil təminatının yaxşılaşması, zavod və fabriklərin açılması və bu kimi bir çox məsələlərin həlli məhz Kosıginin gərgin əməyinin nəticəsi olub.

Gənc yaşlarından təyin olduğu vəzifələrdə ən qısa müddət ərzində fərqli iş prinsipi ilə ad çıxaran Kosıgin ilk yüksək vəzifələrini İosif Stalindən alıb. Ona Rusiyanın Nazirlər şurasının sədri, xalq komissarı (nazir) kimi vəzifələr həvalə olunub. Bəlkə də elə buna görədir ki, ona “Stalinin sevimlisi” titulunu veriblər . Stalin isə öz növbəsində Kosıgini “arifmometr” adlandırıb. Fenomenal yaddaşa malik olan Kosıgin öz çıxışlarında heç vaxt kağızlardan istifadə etməyib. Siyasi Büronun iclaslarında, müşavirələrdə rəqəmli faktların söylənilməsi lazım gələndə hamının gözü Kosıginə zillənib. O, heç bir çətinlik çəkmədən lazımi rəqəmləri, göstəriciləri birbaşa yaddaşından söyləyə bilib. Bu bacarığı xüsusilə Stalinin çox xoşuna gəlib.


Xalq arasında böyük nüfuzu olmasına baxmayaraq istər Stalinin hakimiyyəti dövründə, istər Xruşovun, istərsə də Brejnevin SSRİ-yə rəhbərliyi zamanı siyasi rəhbərlik, xüsusilə də Siyasi Büronun üzvləri Kosıgini sevməyiblər. Səbəb nə olub? Onu sərt adam adlandırıblar. Qromıkoya “Cənab Yox” adı verildiyi kimi Kosıginə də “Gülməyən Adam” adı verilib. Əslində sərtlik Kosıginin xarakterinə yad olub və lazım gəldikdə yerində gülməyi də bacarıb. Sadəcə bir çox yüksəkçinlilər sərt və ciddi olmaq arasındakı fərqi anlamayıblar.

Kosıgin uzun-uzadı və boş-boş danışmağı sevən adam olmayıb. Müşavirələrdə müzakirə olan məsələlərə Kosıgin məntiqli və konkret münasibət bildirib. Birinci şəxsin fikrindən asılı olmayaraq o özünün tam əsaslandırılmış fikirlərini söyləməkdən çəkinməyib. Belə münasibət xüsusilə Xruşovun ürəyincə olmayıb və tarixçilərin qənaətinə görə Xruşov Kosıgindən çəkinib. Ümumiyyətlə Kosıgin Xruşovu ciddi siyasi fiqur kimi qəbul etməyib və onun devrilməsi ilə bağlı tarixi plenumda Xruşovu “leninçi” olmamaqda ittiham edib.

Daha bir fakt. Siyasi Büronun iclaslarının birində mühüm dövlət məsələsi həll olunarkən xokkey azarkeşləri olan Brejnev, Podqornıy və Qreçko hansısa bir oyun haqqında qızğın fikir mübadiləsi aparıblar. Bir neçə dəqiqə bunlara qulaq asan Kosıgin əsəblərinə hakim kəsilməyərək əlini stolun üstünə çırparaq iclası tərk edib.

Kosıgin Siyasi Büronun yeganə üzvü olub ki, sovet qoşunlarının Əfqanıstana yerildilməsinə kəskin etirazını bildirib. Bundan sonra Brejnev komandasının Kosıginə soyuq münasibəti bir az da artıb.


Həmkarları tərəfindən Kosıginin qəbul edilməməsinin daha bir səbəbi olub. O, uzun-uzadı süfrə məclislərini, boğazdan yuxarı deyilmiş sağlıqları, böyük hədiyyələr almağı, intiriqalara qoşulmağı, həddini aşan əyləncələri sevməyib. Saflığını həmişə qoruyub saxlamağı bacaran Kosıgin xarici səfərlər zamanı ona verilən ən bahalı hədiyyələri belə SSRİ-yə dönən kimi dövlət fonduna təhvil verib.

Bu və digər ali xüsusiyyətləri və insani keyfiyyətləri Brejnevdə Kosıginə qarşı qısqanclıq hissi yaradıb. Leonid İliçin qısqanclığının son həddi isə Kremldə keçirilən bayram tədbirlərinin birində son həddə çatıb. Həmin tədbirdə Brejnevin “xüsusi rəğbət” bəslədiyi SSRİ xalq artisti Lyudmila Zıkinanin çıxışından sonra təbrik üçün söz Kosıginə verilib. Kosıgin öz təbrikinin girişini Zıkinanın ifasına münasibəti ilə başlayıb: “Mən Lyudmila Zıkinanın həm ifalarını, həm də özünü çox sevirəm...” Kosıgin bu sevgi məsələsini sırf rəmzi mənada işlədib. Çünki onun dəfələrlə özünün etiraf etdiyi kimi həyatda ən çox sevdiyi qadın həyat yoldaşı Klavdiya olub.

16 il SSRİ Nazirlər Sovetinin sədri olan Kosıginin apardığı iqtisadi islahatlar “Kosıgin islahatları” adı ilə termin kimi işlədilib. SSRİ-nin baş mühəndisi adlandırılan Kosıgin sadə həyat tərzi sürüb. Bütün vəzifələrindən azad olunduqdan sonra dövlətin ona ayırdığl bağ evini də kitablarını və şəxsi əşyalarını götürərək tərk edib.


Yüksək vəzifələrdə işlədiyi illər ərzində Kosıginin adı heç bir qalmaqalda, pul məsələlərində hallanmayıb. Borc almağı və verməyi sevməyən Kosıginin bütün həyatı boyu yalnız bir dəfə borcu olub. Belə ki, 1966-cı ildə Türkiyədə işgüzar səfərdə olanda SSRİ və Türkiyə arasında danışıqlar aparılarkən əsas mövzu iqtisadi böhranla üzləşən Türkiyənin SSRİ-dən sərfəli şərtlərlə kredit almaq məsələsi olub. İşgüzar görüşlərdən sonra Kosıgin Türkiyənin tarixi yerləri ilə tanış olmağı arzulayıb. Ali qonağın arzusu həyata keçirilib. Gəzinti zamanı onu Topkapıya da aparıblar. Bir az gəzintidən sonra Kosıgin sarayın daxilində olan hovuzun ətrafında ayaq saxlayıb. Bu zaman “Hürriyət” qəzetinin müxbiri ona yaxınlaşaraq türk inanclarının biri haqqında ona məlumat verib: “Bir arzu tutub hovuza dəmir pul  atanda həmin arzu həyata keçir”. Kosıgin bunu ciddi qəbul etməsə də maraqla qarşılayıb. Onu müşayiət edən Türkiyənin maliyyə naziri hovuza qəpik tullayıb. Həmin jurnalist, Aysəgül Dora çantasından qəpik çıxardıb Kosıginə uzadıb:

- Yəqin ki, sizin cibinizdə qəpik yoxdur.

Kosıgin qəpikləri alıb hovuza atıb. Səhərisi gün “Hürriyət” qəzetinin manşetində “Ayşəgül SSRİ-yə 150 qəpik borc verdi” yazısı günün ən maraqlı hadisəsinə çevrilib. Bu hadisədən sonra Kosıgin jurnalisti SSRİ-nin səfirliyinə dəvət edib. Böyük hörmətlə qonağını qəbul edən Kosıgin cibindən qəpiklər çıxardaraq jurnalistə uzadıb:

- Mənim heç vaxt heç kimə borcum olmayıb.

Sonralar Kosıgin həmin jurnalisti SSRİ-yə qonaq dəvət edib.

Aleksey Kosıgin 1980-ci ilin oktyabrında səhhəti ilə əlaqədar öz ərizəsi ilə tutduğu bütün vəzifələrdən azad edilib. Elə həmin ilin dekabrın 18-də vəfat edib. Kosıginin vəfatını 3 gün gizli saxlayıblar. Səbəb isə dekabrın 19-da Brejnevin ad gününün təntənəsi olub.



Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi