Modern.az

Bu obraz gülünc bəhanə ilə Rasim Balayevin əlindən alınıb - Kino TARİXİ  

Bu obraz gülünc bəhanə ilə Rasim Balayevin əlindən alınıb - Kino TARİXİ   

8 Avqust 2017, 22:18

Bu gün kino tariximizdə Babək, Nəsimi, Beyrək,  Nicat, Əziz, Axundov, Hüseyn Cavid  kimi tarixi obrazlarla yadda qalan xalq artisti Rasim Balayevin ad günüdür. Aktyorun 69 yaşı tamam olur.

Modern.az saytı aktyorun ad günü münasibətilə hazırladığı yazını təqdim edir. Burada biz Rasim Balayevin adıçəkilən obrazları necə böyük rəqabətdən sonra yaratdığının və başqa hansı obrazdan məhrum edildiyinin şahidi olacağıq.
 

 “Yeddi oğul istərəm” fimindən Burada Cəlal obrazını əslində, Rasim Balayev yaratmalı imiş.

Filmdə Bəxtiyardan sonra ikinci əsas obraz olan Cəlal uğrunda əməlli-başlı “döyüşlər” gedib. Öncə bunu qeyd edək ki, film ilk olaraq rejissor Kamil Rüstəmbəyova tapşırılmışdı. Sonradan hansısa səbəblərdən çəkilişlər ona deyil Tofiq Tağızadəyə həvalə edilir. T.Tağızadə də əsasən öz komandası ilə işləməyə üstünlük verən rejissor olduğundan bu dəfə də ənənəsinə sadiq qalır. Cəlal rolu üçün artıq təsdiq olunmuş Rasim Balayevlə heç vaxt işləmədiyindən, yaxud, hansısa başqa səbəbdən Cəlalı ona deyil, aktyor Ənvər Həsənova həvalə edir. Rasim Balayev xatirələrində qeyd edir ki, rejissor onu filmdən uzaqlaşdırmaq üçün qeyri-adi bir dialoq aparır. Rasim Balayevdən soruşur ki, “sən şeir-zad bilirsən?” . O da “hə” deyib. Rejissor “onda get, sonra danışarıq” sözlərilə söhbətə yekun vurub. Amma R.Balayev də məsələnin nə yerdə olduğunu hiss edib və sabahısı gün heç çəkilişlərə də gəlməyib. 

Amma bu peşəkar aktyora bir növ, sonrakı dərs olub. Gələcəkdə də, aktyorun yaratdığı bir çox obrazlar az qala, əlindən alınacaqmış.

Məsələn, Mehdi Hüseynin “Abşeron” romanı əsasında çəkilən “Vulkana doğru” filmində əsas rol olan Tahir obrazını kinostudiyanın direktoru Cəmil Əlibəyov və tanınmış rejissor Həsən Seyidbəyli ona vermək istəməyiblər. Həsən Seyidbəyli filmin rejissoru olmasa da, Kinomatoqrafçılar İttifaqının sədri kimi nüfuza malik idi. O, 1973-cü ildə çəkdiyi “Nəsimi” filmi ilə Rasim Balayevi bütün Azərbaycana tanıtmışdı. Odur ki, aktyorun Tahir rolu ilə Nəsimini geridə qoyacağını zənn edib, onu bu film üçün qısqanmışdı. Filmin rejissoru Tofiq İsmayılovla aktyor sözlərində möhkəm dururlar. Amma Həsən Seyidbəylinin narahatlığı əbəs imiş. Tahir obrazı Nəsiminin heç kölgəsinə yaxın gələ bilmədi.

Rasim Balayevin digər “vizit kartı” Beyrək obrazı da az qala, ona qismət olmayacaqmış. “Dədə Qorqud” filminin rejissoru Tofiq Tağızadə bu rola ciddi-cəhdlə hamının Mixaylo kimi tanıdığı Nodar Şaşıqoğlunu dəvət edir. İnadkar rejissor kimi tanınan Tağızadə fikrindən daşınmır. Hətta Bədii Şuraya da qarşı çıxır. Lakin sovet dövrünün Bədii Şurası və onun sahibləndiyi səlahiyyət öz sözünü deyir. Rejissorun könlüncə olmasa da, bu rola Rasim Balayevi təsdiq edirlər.

“Qatır Məmməd” filmində Rasim Balayev Əziz obrazını yaradır. Əziz indiki rakursdan baxanda müsbət obrazdır. Lakin sovet ideologiyası onu mənfi obraz kimi qələmə vermişdi. Rasim Balayevin bu filmdə çəkilməsi təsadüfən alınır. Rejissor sınaq çəkilişlərində onu yox, başqa aktyorları bəyənmişdi. Eldəniz Zeynalovu hətta sınaq çəkilişinə də dəvət etmişdilər. Lakin Hüseyn Seyidzadənin filmdən imtinası və Eldəniz Zeynalovun atdan yıxılaraq zədələnməsi, Rasim Balayevə bu rolun qapılarını açır.

Aktyorun İlyas Əfəndiyevin pyesi əsasında çəkilən “Gözlə məni” filmində yaratdığı Bolşevik Nicat obrazı da çox məşhurdu. Lakin bütün çəkiliş heyəti sona qədər bu rola ya Əlabbas Qədirovun,  ya da Həsən Turabovun çəkiləcəyini düşünürdü. Hər şey tərsinə olur: Turabova Böyük bəy rolu həvalə edilir, Qədirov isə ümumiyyətlə filmə dəvət olunmur. Nicat obrazı isə Balayevin öhdəsinə qalır.

Rasim Balayevi tarixə yazdıracaq daha bir obraz- Babək rolu isə Eldar Quliyevin israrı ilə ona həvalə edilir. Bədii Şura Həsən Turabov, Mikayıl Mirzə, Aleksandr Abdulovu bu rola uyğun görür. Lakin o zaman gənc rejissor olan Eldar Quliyev Rasim Balayevin Babəki yaratması üçün təkbətək mübarizə aparır. İstəyinə də nail olur…


Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir