Modern.az

Baş DYP İdarəsi ittihamlara CAVAB VERDİ  

Baş DYP İdarəsi ittihamlara CAVAB VERDİ   

İqtisadiyyat

9 Avqust 2017, 12:56

Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi Modern.az saytının 08.08.2017-ci il tarixli səhifəsində dərc olunmuş “DYP cərimələrlə bağlı elektron sistemdə süni problemlər yaradır” başlıqlı məqaləyə cavab verib.


Cavabı olduğu kimi təqdim edirik:


“Məqaləyə cavab olaraq bildiririk ki, Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi əməkdaşlarının xidməti vəzifəsi yazıda qeyd olunan kimi dövlət büdcəsi gəlirlərinin təmin edilməsindən deyil, yol hərəkətinin təşkili və tənzimlənməsi, eləcə də yol hərəkəti təhlükəsizliyinə nəzarətin həyata keçirilməsindən ibarətdir. Bu əsasla DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxslər inzibati məsuliyyətə cəlb olunur.


İki il əvvələdək hərəkət sürətinin 10-20 km/saat həddində aşılmasına görə cərimələrin tətbiq olunmaması məsələsinə gəlincə nəzərinizə çatdırırıq ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 4 mart tarixli 917-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151-1.1-ci maddəsində (yeni Məcəllə üzrə 328-1-ci maddə) nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın SMS məlumatlandırma sistemi yaradıldıqdan sonra həyata keçirilməsi ilə bağlı tapşırıq verildiyi üçün qeyd olunan qayda pozuntusu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmirdi.


Odur ki, məqalə yazılarkən mülahizələrə deyil, qanunvericiliyə və konkret faktlara istinad olunmalıdır. 


Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir.
İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 125-ci maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sisteminə yerləşdirilir.


Ona görə də barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş şəxsə müəyyən səbəbdən sənədlərin rəsmi qaydada çatdırılması bir il ərzində mümkün olmasa belə, onların sistemdə yenilənməsi qeyri-mümkündür.


Məqalədə göstərilən “konkret fakt”la bağlı bildiririk ki, 16.02. 2017-ci tarixində yol hərəkəti qaydalarının pozulmasına görə Cahangirov Fəxrəddin Əmiraslan oğlunun barəsində tərtib edilmiş MMX4039335 nömrəli elektron protokol üzrə 07.06.2017-ci il tarixdə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilib. Bu isə protokolun yenilənməsi demək deyil. Yəni, Məcəllənin 38.1-ci maddəsində də göstərilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu da onu göstərir ki, həmin protokolun ictrasında heç bir qanunazidd hərəkətlərə yol verilməyib.


Məqaləyə əlavə olunmuş “Asan Ödəniş” sisteminin həmin vətəndaşa göndərdiyi məlumatların DİN Baş DYP İdarəsinə aidiyyəti olmadığını nəzərə alaraq, tərəfimizdən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sistemi ilə əlaqə saxlanılmış, həmin Xidmətdən məsələnin tezliklə araşdırılacağı və vətəndaşa məlumat veriləcəyi bildirilmişdir".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir