Modern.az

Yollarda piyada ölümləri niyə artıb... - SƏBƏBLƏR  

Yollarda piyada ölümləri niyə artıb... - SƏBƏBLƏR   

10 Avqust 2017, 09:19

Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri, xüsusən də piyadaların vurulması və ölümü ilə nəticələnən qəzaların sayı artıb. Bu, ölkədə baş verən yol qəzalarının rəsmi statistikasında da qabarıq şəkildə görünür. Buna səbəb nədir?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az-a piyadalarla bağlı qəzaların artma səbəbini şərh edib. Şöbə rəisi bildirib ki, piyadaların vurulması hadisələri keçən il 62 faiz olubsa, bu il 67 faizə qalxıb. 

“Bu çox ciddi narahatçılıq doğurur.  Belə hadisələrin sayının azaldılması üçün əlavə və zəruri tədbirlərin keçirilməsi planlaşdırılır”.


V.Əsədovun sözlərinə görə, piyadaların ölümü ilə nəticələnən qəzalara səbəb kimi sürücü səhlənkarlığı və diqqətsizliyini, eyni zamanda piyadaların özlərinin məsuliyyətsizliyini göstərmək olar.

“Təəssüflər olsun ki, piyadaların vurulması və ölümü ilə bağlı hadisələr piyada, yeraltı keçidlər yaxınlığında baş verir. Amma sürücü səhlənkərlığı və piyada diqqətsizliyi yol-qəza hadisələrinin yaranmasına səbəb olur. Bu da bizim mentalitetimizlə bağlı olan təhlükəli vərdişlərə adət etməyimizdən irəli gəlir. Bəzi hallarda qadağan olunmuş yollardan keçmək piyadaların həyatı bahasına başa gəlir. Bu baxımdan mövzuya daha çox yer ayırmaq lazımdır. Nəzərə almaq lazımdır ki, ailə başçılarımız, gənclərimiz, azyaşlılar, ahıllar yol qəzalarında dünyasını dəyişir. Mütəmadi olaraq maarifləndirmə, təbliğat işlərinin aparılmasına baxmayaraq, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hələ də kütləvi xarakter daşıyır. Hər gün də piyadaların vurulması ilə bağlı qəzalar baş verir. Çox sayda yeraltı, yerüstü keçidlər olsa da, vətəndaşlar həyatlarını təhlükə altına atırlar. İstər şəhər mərkəzində, istər şəhər kənarlarında, hətta rayonlararası sürət həddinin yüksək olduğu yollarda belə, piyadalar qanunla qadağan olunmuş yerlərdən yol keçirlər. Nəticədə zərərçəkən də özləri olur”.

 

V.Əsədov qeyd edib ki, piyadaların vurulmasında onların özlərinin təqsiri az deyil.

“Piyada keçidlərinin olmasına baxmayaraq bir sıra hallarda vətəndaşlar keçidlərdən istifadə etmirlər. Bununla onlar həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükədə qoyurlar. Əlbəttə, sürücülər də diqqətli olmalıdır, bilməlidir ki, piyadalar arasında zəif görənlər, zəif eşidənlər var. Sürücülər yol hərəkəti qaydalarına riayət etməklə piyadanı vurmamaq üçün bütün zəruri tədbirləri görməlidir. Təəssüflər olsun ki, bəzi sürücülər sürət həddini aşırlar. Nəticədə isə xoşagəlməz mənzərə ortaya çıxmış olur”.

 

“Avtosfer.az”ın baş redaktoru, yol hərəkəti üzrə ixtisaslaşmış ekspert Elməddin Muradlı deyib ki, piyadaların ölüm hallarının artmasına səbəb ilk olaraq, avtomobillərin təhlükəsizlik elementləri ilə bağlıdır.

“Avtomobildə tormoz sistemi və digər avadanlıqların standartlara uyğun olması vacib şərtlərdən biridir. Amma ən vacib şərt avtomobilin düzgün idarə olunmasıdır. Yalnız yol hərəkəti qaydalarına əməl etməklə yol qəzasından xilas olmaq olar”.

 

Müsahibimiz bildirib ki, “Yol hərəkəti haqqında “ qanuna mütləq yenidən baxılmalı və orada olan boşluqlar aradan qaldırılmalıdır.

“Ümumilikdə isə avtomobili qaydalara uyğun idarə etmək və başqalarına problem yaratmamaq lazımdır. Bu gün bəzi sürücülər müxtəlif qayda pozuntularına yol verir, təhlükələr yaradır. Ona irad tutanda da deyir ki, “özüm bilərəm”.  Əgər həmin şəxslər dərk etsə ki, belə etmək olmaz, onda bizim problemimiz olmayacaq.  Həmin şəxslərə başa salmaq lazımdır ki, sənin səhvindən ötrü başqaları həyatını itirə, ömürlük şikəst ola bilər.  Düşünürəm ki, insanlar qanunlara uyğun şəkildə avtomobili idarə etsə, ölüm halları da olmayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir