Modern.az

Korluqdan əziyyət çəkənlərin sayı artıb - Həm dünyada, həm də AZƏRBAYCANDA  

Korluqdan əziyyət çəkənlərin sayı artıb - Həm dünyada, həm də AZƏRBAYCANDA   

10 Avqust 2017, 10:01

Xarici ekspertlərin fikrincə, növbəti onilliklərdə dünyada korluqdan əziyyət çəkənlərin səviyyəsi indiki ilə müqayisədə 3 dəfə artacaq.

Belə ki, onlar proqnozlaşdırıb ki, əgər daha yaxşı müalicə üsulları tapılmasa 2050-ci ildə görmə qüsurlu insanların sayı 36 milyondan (hazırkı statistika) 115 milyona çatacaq.


Bəs korluğun artma səbəbləri nələrdir? Qeyd edilən statistik rəqəmlərin reallığına inana bilərikmi? 


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Oftolmologiya şöbəsinin müdiri Qurban İsmayılov Modern.az-a açıqlamasında bildirib ki, dünyada həmişə korluqdan əziyyət çəkənlərin sayı eyni olub: 


“Xəstəliklər ildən-ilə dəyişir. Korluğun dünya statistikasına nəzər salsaq, birinci növbədə şəkərli diabetlərin yaratdığı korluqların olduğunu müşahidə edirik. Fikrimcə, ikinci sırada  anadangəlmə və ya sonradan əmələ gələn törəmələr, gecikmiş kataraktlar ola bilər. Yəni bu sıralamanı artırsaq, dünyada həmişə korların sayı eyni olub. Sadəcə indi statistika daha dürüstdür və texnologiya, informasiya dövründə yaşayırıq. Dünyanın hər yerində xəstəliklər haqqında məlumatların yayılması və ya diaqnostikanın həddindən çox yenilənməsi  və müasir olması korluqların tam statistik sayını üzə çıxarır. Tutaq ki,  əvvəllər sovet dövründə hansısa rayonda kor xəstə haqqında kiminsə məlumatı var idi?.. Təbii ki, yox. Həmin şəxs orda-burda itib batırdı. Amma indi məsələni tam statistik izləmək olur. Düşünürəm ki, 30 il bundan qabaq nə xəstəlik var idisə, indi  də o xəstəlik var. Müəyyən faiz artma və ya azalma ola bilər. Amma xəstəliyin sayı kəmiyyət və kefiyyətcə də eyni səviyyədədir. Korluqdan əziyyət çəkənlərin sayının artmasına bir o qədər ciddi baxmıram.

21 il həkimlik təcrübəm var. 21 il bundan qabaq mənə desəydilər ki, bir uşağın iki gözündə anadangəlmə retinoblastoma var, buna ciddi yanaşmazdım. Amma son dörd ildə hər iki gözündə retinoblastoma  xəstəliyi olan təqribən 10-12 uşaq görmüşəm. Yeni doğulmuşlarda törəmələr və ya yaşlı adamlarda melanomlar kimi xəstəliklərin artma faizindən söhbət gedə bilər. Qlaukoma həmişə olub, yenə də var. Bəli, şəkərli diabet xəstələrinin sayı artıb, qida faktoru, düzgün olmayan həyat tərzi kimi səbəblər ortaya çıxıb.  Lakin korluqların  artması ilə əlaqədar rezonans yaratmaq qeyri-ciddi fikirdir”.

Oftolmoloq qeyd edib ki, hazırda Azərbaycanda demək olar ki, bütün xəstəliklərin müalicə üsulları mövcuddur:

“Praktikama əsasən deyə bilərəm ki, xəstəliklərin müalicəsi insanlardan asılıdır və müxtəlif cür ola bilər. Məsələn, 40 fazili görmə qabilliyəti olan biri 100 il bu cür yaşaya bilər. Lakin 90 faiz görmə ilə həkimə gedən xəstələrdə bütün müalicələrin aparılmasına baxmayaraq , faiz göstəricisi azala bilər. Yəni görmə sinirinin qidalanması pozular və görmə itə bilər. Yaxud şəkərli diabet xəstəsi müasir müalicə metodları ilə müalicə olunsa da, bunun effekti olmaya bilər. Xəstəlik və müalicə Allahın verdiyi qədərdən asılıdır. Azərbaycanda son zamanlar demək olar ki, bütün xəstəliklərin müalicəsi var”.

Q,İsmayılov əməliyyat üçün xarici ölkələrə üz tutub , peşman qayıdanların olduğunu da vurğulayıb:

“Donor haqqında qanuna əsasən, keroplastika əməliyyatından başqa bütün xəstəliklərin  cərrahi metodları istifadə olunur. Bu, birmənalıdır. Yalnız keroplastika əməliyyatına icazə verilmir.  Çünki Azərbaycanda kornea donor bankı hələ ki yoxdur. 

Yəqin ki, kornea donor bankla bağlı qanun qəbul olunandan sonra görmə pozğunluğu olanların respublikadan kənara çıxmasına ehtiyac qalmayacaq.  Ancaq elə hallar olur ki, xəstə xaricə üz tutur. Bu, onun azad seçimidir. Buna baxmayaraq peşman olub geri qayıdanlar və bizə müraciət edənlər də olur.  Hippokrat andına görə heç bir xəstəni geri qaytarmaq olmaz.  Həkim bacardığı qədər xəstəyə yardım etməlidir.  Geri qayıdanlar da millətimizin nümayəndələridir və onlar üçün əlimizdən gələni edirik”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir