Modern.az

Atalar və övladlar: “İnanmazdım ki, atam məni yarı yolda qoyub gedər” - Ədalət Əsgəroğlunun qızı  

Atalar və övladlar: “İnanmazdım ki, atam məni yarı yolda qoyub gedər” - Ədalət Əsgəroğlunun qızı   

10 Avqust 2017, 16:05

Modern.az saytının “Atalar və övladlar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...

Həmçinin, dünyasını dəyişən məşhur atalar barəsində də övladları danışır, onların portretini gözümüz önündə canlandırırlar.

Bu dəfə vaxtilə bütün jurnalistlərin dostu olan, ədəbiyyat cameəsinin mətbuatdakı ən tanınmış simalarından biri, şair, publisist Ədalət Əsgəroğludan bəhs edəcəyik. Uzun müddət  Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi kimi çalışan Ədalət Əsgəroğlu haqqında təəssürat və xatirələri qızı Aytəkin Ədalətqızı danışır.

Sizi Aytəkin xanım və onun atalı xatirələri ilə baş-başa buraxırıq:

 

Həm mülayim, həm də səbirsiz Ədalət Əsgəroğlu

 

-...Bəli... Atam bəlkə də bizim üçün bu dünyaya, Yer üzünə, ömrümüzə  göydən düşən bir mələk idi. Atam güclü insanıydı. Varlığıyla, nəfəsiylə, yaşamı ilə güclü bir ata... İnsanlar ondan çəkinirdi. Haqsızlığı bağışlamırdı, sözünü çəkinmədən deyərdi. Əgər haqsız yerə kiminsə xətrinə dəyirdisə, o insandan üzr istəməyə belə, qadir bir insan idi.

Bununla yanaşı, Ədalət Əsgəroğlu çox mülayim, gülərüz, ən əsası ailəsini sevən biri idi. Qürurluydu, kinli və yaltaq insan deyildi. Ailədə olan Ədalət Əsgəroğluyla kənardakı Ədalət Əsgəroğlu arasında böyük fərq var idi. Çalışırdı ki, işdə olan problemləri evə gətirməsin. Atamın ən gözəl xüsusiyyətlərindən biri hər zaman gülməyi idi, heç kim bilməzdi ki, onun hansısa problemi var və yaxud canı ağrayır. Atamı səbirsiz bir insan kimi qələmə verirlər. Əslində, çox da səbirsiz biri deyildi. Onun  ən gözəl xüsusiyyətlərindən biri sözündə durmağı idi.

Sizə bir xatirə danışım: biz hər il sentyabrın 1-də atamızla məktəbə gedirdik. Həmin gün qardaşım da I sinfə getməliydi. Məktəbin açılmasına iki gün qalmış atam Moskvaya ezam olundu. Və özəl günlərimizdə atamızın yanımızda olmamağı bizim üçün az qala faciəyə döndü (bəlkə başqa bir ailədə adi qarşılanardı). Atamı Moskvaya yola salanda inanmazdıq ki, özünün dediyi kimi, sentyabrın 1-də məktəbin qarşısında olacaq... Həmin gün  hər il sentyabrın 1-də olduğu kimi, bir süfrədə oturduq... Gecə yenə Moskvaya yola düşdü.



1994-cü ilin qəzası...

-Atam işiylə əlaqədar tez tez-tez rayonlara gedirdi. Elə bir şey ola bilməzdi ki, o gecikən zaman bizə zəng vurub xəbər verməsin. Həmin gün atam heç zəng etmədi... mən gecəyə qədər pəncərənin qarşısında dayanıb, gözləyirdim.Və səhər bizə ağır qəza xəbərini çatırdılar. Təsəvvür edirsiniz, həmin maşında heç bir insana hec nə olmamışdı, ancaq atamı yarıcan Bakıya çatırmışdılar. Atam ölümlə çarpışaraq bir il içində dörd əməlliyat keçirdi. Ağrılarla, əzablarla dolu bir ili arxada qoydu. O, iradəli və güclü insan olduğunu bir daha sübut etmişdi!

“Əsgəroğlu-Haqqın qulu
Sevdalıdır ömür yolu...”

-Fikrimcə, atam öz həmkarlari arasında seçilirdi. Öz şair qələmi ilə buna  can atırdı və artıq əhəmiyyətli dərəcədə seçilirdi. Şeirlərində cəsurluq, qorxmazlıq, həyat eşqini tərənnüm edirdi. Atam öz şeirlərini bədahətən deməyi çox sevirdi. Ömrünün son zamanlarında irfan şairi kimi tanınırdı. Təsadüfi deyil ki, o, YUNESKO-nun təşəbbüsü ilə keçirilən Mövlanə Cəlaləddin Ruminin 800 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin qaliblərindən biri olmuşdu. Ona irfan şairi kimi müraciət etməyi çox sevirdi. Atam Allahına bağlı bir insan idi. Qeyd etdiyim kimi, o, sufi şeirlərinin çoxunu qələmə almırdı, bədahətən söyləyirdi:

“Mən gedirəm, Allah bilir
Bir də nə vaxt qayıdacam
Susmaz könül bu eşq ilə,
Demə, nahaq qayıdacam”

 

Poetik dillə atam Yer üzündə hər şeyin Allaha məxsus olduğunu,  Allahın hər şeyə qadir olduğunu  misra-misra  tərənnüm edir.

 


Bilmədiyimiz Əsgəroğlu - daş karxanasının sahibi

-Atam bir müddət ticarət və daş karxanası açaraq ora rəhbərlik edib. Ailəsini dolandırmaq üçün hər şeyə əl atırdı. Məncə, atam pis bir iş görmürdü. O, həm sənətinə sadiq idi, həm də bizə - canından çox sevdiyi övladlarına... Bu işlərlə yanaşı, yaradıcılığıyla da məşğul idi.  Qəzetlərdə məqalələri, tərcümələri dərc olunurdu. Daha sonra iki mətbu orqanının – “İnterfaks” və “Elin sözü” qəzetlərinin baş redaktoru oldu. Ondan sonra məlum olduğu kimi, ömrünun sonunadək Yazıçılar Birliyində mətbuat xidmətinin rəhbəri işlədi. 


Ömrün acı illəri…

 

-Atam zəhmətkeş insan olub. 16 yaşından Bakıda yaşayıb. Öz əlinin zəhmətiylə, alının təriylə Ədalət Əsgəroğlu olub. O, ailəsinə görə heç vaxt usanmadan, yorulmadan çalışıb, bizə halal çörək yedizdirib. Atam o illəri –ağır tələbəlik illərini, zavodda fəhlə kimi çalışdığı günləri  xatırlasa da biz uşaq olduğumuz üçün  çox da dərinlikləri anlamazdıq... Bəlkə də uşaqlıq ona görə belə şirin, qayğısız olur... anlamadığımız üçün...

“Can istəsə, canım peşkəş”  (Ədalət Əsgəroğlu)

-Atam xeyirxah bir insan idi. Özü yeməzdi, yedizdirərdi. Cibində olan son qəpiyə qədər əl tutardı. Sizə 1992-ci ildə olan hadisəni danışım. Qardaşımla mən Səbail rayonunundakı Məmməd Rahim adına 7 nömrəli məktəbdə oxumuşuq. Atam o zaman məktəbimizdə valideynlər komitəsinin sədri secilmişdi. Hər ay bizə nə alırdısa, özləri bilmədən imkanı olmayan ailənin uşaqlarına da həmin şeylərdən alırdı, minnətsiz-sünnətsiz... Mənim atam etdiyi yaxşılığın qarşılığını gözləməzdi.

Yaxın dost

-Atam mənim üçün hər şey idi. Mən göydə Allaha, yerdə ona inanır və arxayın idim. Deyirlər ki, atalar qızlarını çox istəyir… Əlbəttə, min təəssüf ki, bütün atalara aid deyil bu! Amma atam mənimlə, mən də onunla nəfəs alırdım. Heç zaman inanmazdım ki, məni nə zamansa yarı yolda qoyub gedər. Lakin həyatın dəyişilməyən qanunları var ki, onlardan biri də ölümdü. Atamın ölümü də bir anda oldu. Elə bil bir qanadlı mələk bu Yer üzündən uçub getdi və məni bu amansız həyatın ağuşuna atdı…

Atam səbirsiz insan olmağına baxmayaraq, mənə həyatda səbirli və iradəli olmağı öyrətdi. Mən atama hansısa bir problemlə bağlı müraciət etsəm, dinləyər və  çalışardı ki, məsləhtləriylə özüm bu vəziyyətdən çıxa bilim. Mən indi anlayıram ki, o, niyə belə edirdi…Yəqin, bilirdi ki, nə zamansa yanımda olmayacaq…Və bu gün çalışdığım iş yerimdə, ictimai işlərimdə qazandığım nə varsa, ona borcluyam. Atamın mənə verdiyi tərbiyəyə, təhsilə, aşıladığı səbrə, iradəyə borcluyam!!!

Atam hec vaxt ailədə hansısa bir qanun qoymurdu. Bizim ondan qorxub çəkinməyimiz üçün  nəsə demirdi. Onun bir kəlməsi bir baxışı bizə bəs idi. Artıq  bilirdik nə demək istəyir.

Mən ölə bilərəm durduğum yerdə
Bax elə-beləcə xəstələnmədən.
Şeirim asudə quş olub birdən
Uçar sevgisinə qəsd eləmədən.

 


Sonuncu gün, sonuncu görüş

-Atamla son görüşüm işimdə oldu. Bizim iş yerlərimiz yanaşı idi. Çalışdığımız qədər naharı birgə edirdik. Həmin gün nahara çatmadı. Çünki səhəri xəstəxanda müalicə almalıydı deyə, işlərini sahmana salırdı. Amma tez-tez əlaqə saxlayırdım ki, hansı həkim nə dedi. İşimin sonuna 5 dəqiqə qalmış mənə zəng vurub aşağı düşməyimi istədi. Qızımın birinci  sinfə getdiyi zaman çəkilən şəkillərini, diski mənə verib dedi ki, “bizə get, gəlib bir yerdə baxarıq”.
Amma atamın gözləri heç zaman yadımdan çıxmıyacaq! Sanki mənimlə vidalaşırmış kimi arxaya çönüb bir daha sağollaşdı və mənə “möhkəm ol! Sən mənim qızımsan, güclü ol” dedi. Çox hissiyatlı insan idi. Bəlkə də son görüşümüz olduğunu anlamışdı.
 

…Mən həmin günü atamgilə qızımın dərsləriylə əlaqədar gedə bilmədim. Gecə saat 12-nin yarısında atamla son danışığım oldu: “Sabah xəstəxanaya müalicəyə gedəcəm, günorta gəlib nahar edərik Aytək” - dedi.  Nə biləydi ki, sabah gedəcəyi xəstəxanadan onun cansız bədənini təhvil alacağıq…

Yaddaşın ağ və qara üzü

-Atamın bir sözü yadımdan çıxmır: “Mən öləndən sonra insanları tanıyacaqsınız”. Elə də oldu; yaxşını da onda tanıdıq, pisi də… Bilirsiz, bu bir həyatdı. Kimlərisə də qınamaq da olmaz. Atamın bütün dostları vəfasız oldu, desəm, düz olmaz. Onların içərisində atamın ölümünə yanan, halımızı soruşan dostları da oldu. Etiraf edim ki, həyatın dərsləri çox acı və amansızdır.


Həyata keçməyən arzular

-Demərəm ki, atam ürəyində hansısa arzu ilə getdi. Əlbəttə, güclü yazar, güclü ata, güclü baba, güclü insan idi. Arzuları tükənməzdi. Həyatda arzuladığı bütün istəklərinə çatan bir insan idi. Özünün diliylə desək,  “xoşbəxt o adamdır ki, öləndə də “heyf!” desinlər”. Atam o insanlardan oldu ki, hər kəs “heyf!” dedi... Bəlkə ölümüylə də arzusuna çatdı. Heç kəsə yük olmadı həyatda. Onun qəlbi bulaq kimiydi, hər gün arzularla coşub-daşırdı… Nəvəsini xoşbəxt görmək istəyirdi… Heyf səndən, ata! Ölər günə qədər sən mənim qəlbimdə, köksümdə olacaqsan!!!

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi