Modern.az

Hədisləri inkar etmək günahdır

Hədisləri inkar etmək günahdır

Hadisə

11 Avqust 2017, 09:51

İslam dinində, dəyişik hadisələr və çətinliklər qarşısında inananları aydınlatmaq, Quranın bəzi ayələrini daha açıq bir dillə ifadə etmək üçün Məhəmməd peyğəmbərin söylədiyi iddia edilən hədislər mövcuddur.  

 

Zaman-zaman hədislər haqqında həm  sadə xalq, həm də din alimləri arasında müxtəlif fikirlərin yarandığını görürük. Hətta hədisləri inkar edən din alimləri də az deyil.

 

Maraqlıdır, hədisləri inkar etmək günahdırmı? Bu haqda dində hər hansı hökm varmı?

 

“Əbu Bəkr” məscidinin imam camaatı  Hacı Qamət Süleymanov  Modern.az-a açıqlamasında bildirib ki, hədisləri inkar edənlər səhv yoldadır:

 

“Hədisləri inkar etmək yaxşı hal deyil.  Bu, insanın səhv yolda olduğunun göstəricisidir.  Lakin hədisləri inkar etməyin fərqli istiqamətləri ola bilər.

 

Məsələn, elə adam var, peyğəmbəri sonuncu peyğəmbər kimi qəbul etmir. Çünki əqidəsinə görə həmin adamın öz peyğəmbəri var.

 

Bu cür düşünən adam artıq dində kafir hesab edilir. Amma hədislərin bəzi növlərini qəbul etməyən kafir deyil, sadəcə onu bidətçi  zənn etmək olar, yəni yenilik gətirən.

 

İslamda mövcud olan bəzi firqələr Əhəd hədislərini qəbul etmirlər. Hədisin mötəbər olmağı üçün ilk növbədə onun zəncirvari sənədinin olması şərtdir. Yəni bu, ayrıca elmdir.

 

Hədisi inkar edənlər cürbəcürdür. İnkarın səbəbini tapdıqdan sonra həmin adamları hökm etmək mümkündür. Biz hədissiz Quran kitabını başa düşə bilmərik.

 

Qurani Kərim müxtəsərdir, hər şeyin əsli, kökü bu kitabda öz əksini tapıb. Ancaq hər şeyin təfsilatı yoxdur. Bu da bizim peyğəmbərimizə həvalə edilib. Əgər hədisləri inkar etsək, o zaman din hər kəsin ağlına görə olacaq”.

 

İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov  hədisləri inkar etməyin günah sayıla biləcək qədər mənfi bir hadisə olduğunu vurğulayıb:

 

“İlahi vəhy və Allah kəlamı olan Qurani-Kərim Allaha iman gətirmək, ona itaət etmək və tabe olmaqla bərabər İslam Peyğəmbərinə iman gətirmək, ona itaət etmək və onun sünnəsinə tabe olmağı bir çox yerdə əmr edir.

Bu mənada peyğəmbərsiz islamı düşünmək mümkün deyil. Və onsuz islamı kamil şəkildə anlamaq və həyata tətbiq etmək böyük naqislik meydana gətirir.

 

Peyğəmbərimizin həyatı və sünnəsi isə mötəbər hədis əsərlərində və digər dini elmi əsərlərdə müxtəlif formalarda qeyd olunub.

İslam ümmətinin əsrlərin süzgəcindən keçərək əlində olan bu mötəbər hədis əsərlərinin və bu əsərlərdə ortaya qoyulan-bənzəri digər elmlərdə olmayan hədis metadalogiyasının qəbul edilmiş kriteriyalarına uyğun olan və sağlamlığı haqqında heç bir şübhə olmayan, sağlam və səhih olan hədislərin inkar edilməsi islam ənənəsində qəbul edilməzdir.

 

İslam peyğəmbərinin xüsusilə də halallar və haramlar xüsusundakı əmrlərini inkara gətirib çıxartdığına görə günah sayıla biləcək qədər mənfi bir hadisədir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir