Modern.az

50 yaşlı tanınmış jurnalist: “Yaşın ağırlığı altında əriyib qalmaq fikrim yoxdur” – MÜSAHİBƏ

50 yaşlı tanınmış jurnalist: “Yaşın ağırlığı altında əriyib qalmaq fikrim yoxdur” – MÜSAHİBƏ

12 Avqust 2017, 10:13

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəylinin 50 illik yubileyidir. 

 

O, 12 avqust 1967-ci ildə Lənkəran şəhərində anadan olub.

 

Modern.az saytı olaraq Elçin Mirzəbəyli ilə əlaqə saxladıq. Yubilyarı təbrik etmək qərarına gəldik. Məlum doğum günü olduğundan başı təbrikləri qəbul etməyə qarışıq olsa da suallarımızı cavablandırdı.

 

- Elçin bəy, əlamətdar gündə sizinlə danışırıq. 50 yaşınız tamam olur. Bu elə yaş dövrüdür ki, bir çoxları ömrün yarıya çatdığını, bir çoxları isə qocalığa doğru getdiyini düşünür. Siz nə düşünürsüz?

 

- Özümü çox yaxşı və rahat hiss edirəm. Əslində, 50 yaş bəlli bir məsafənin başa çatmamasıdır. Müəyyən hissələri ölçüb-biçirəm. Gələcək haqqında düşünürəm. Sözün düzü, yaşın ağırlığı altında əriyib qalmaq fikrim yoxdur.

 

 - Siz həm siyasətin içindəsiz, həm də poeziyanın mərkəzində dayanmısız. Hər iki sahə bir-birinə yabançıdır. Siyasət sərt mövqeyi, poeziya isə mülayimliyi ilə seçilir. Hər ikisini bir arada necə idarə edirsiz?

 

- Bütün bunların əsasında rasional düşüncə dayanır. Mənim poeziyam da rasional poeziyadır. İrrasional poeziya deyil. Digər tərəfdən insan bütün günü poetik təsir altında ola bilməz. Əgər bir insan bütün günü poetik ovqatın təsiri altındadırsa, deməli, psixoloqa müraciət etməsinə ehtiyac var. Normal həyat tərzi yaşayanlar öz peşələrini daha çox sevirlər. Kifayət qədər dostlarım yaxınlarım var ki, dəqiq elmlərlə məşğuldurlar, amma poeziyanı bəzi ədəbiyyatçılardan daha yaxşı bilir. Riyaziyyat müəllimimi hər zaman ədəbiyyat müəllimi hesab etmişəm. Ümumiyyətlə, ədəbiyyat və incəsənət barədə ən dolğun məlumat verən adam  o olub. Yaş fərqimizin olmasına baxmayaraq, 8-9-cu sinifdə oxuyanda riyaziyyat müəllimimlə yaxın dost idik. Demək olar ki, dünya ədəbiyyatından tutmuş musiqisinə qədər ondan öyrənmişəm. Ona görə də yanaşmalarda kifayət qədər fərqlər var. Ortaya fenomenal hadisələr çıxa bilər. Əsas məsələ odur ki, siyasətdə ədəbiyyat, ədəbiyyatda da siyasət olmur.

 

- Sual bir qədər sərt ola bilər. Amma gerçəklik də var. Siyasətdə bir simalı idarəçilik keçərli deyil. Maraqlıdır ki, siz uzun illərdir  siyasətin içində abrınızı qoruyub saxlaya bilmisiz. Buna necə nail olmusuz?

 

- Deməzdim ki, siyasətçinin mütləq bir neçə üzü olmalıdır. Bu, yanlış təfəkkürdür. Həmçinin, siyasətçinin cəmiyyətə təqdim olunan yanlış tərəfidir. Siyasətçinin ideyaları olmalı və o, ideyalarına hər zaman sadiq qalmalıdır. Prinsiplərinə sədaqətlə xidmət etməlidir. Dostları ilə eyni əxlaqa sahib olmalıdır. Bu aspektdən yanaşdıqda, siyasətçi necə olmalıdırsa, mən də elə olmağa çalışmışam. Sadəcə, müxtəlif insanlar öz şəxsiyyətlərinə görə seçdikləri yoldadır. Hər şeyin əsasında şəxsiyyət faktoru dayanır. Ona görə də abırlı olmağa çalışmışamsa bu da xarakterimdən irəli gələn məsələdir. Bunun nə peşəyə, nə də hansısa sahəyə aidiyyatı var.

 

- Məşhur bir marşınız var. “Azadlıq” marşı. Neçə yaşınız olanda bu marş yaranıb?.

 

- “Azadlıq” marşı 1988-ci ildə yazılıb. Həmin vaxtlarda 21 yaşım vardı. Marş olaraq isə 1989-cu ildə formalaşıb.

 

- 27 ildən sonra həmin marşı dinləyəndə nə düşünürsüz? Hərçənd ki, 21 yaşınız qaynar siyasi mühitin olduğu dövrə təsadüf edib.

 

- Marş Qarabağ məsələsinin baş qaldırdığı vaxtlarda yaranıb. Fərqi yoxdur, bu gün də qulaq asanda həmin hissləri keçirirəm. O marşı başqa bir adam da yaza bilərdi. Allahın qisməti imiş. Torpaqlarımızın azad edilməsini, işğalçılıq siyasətinə son qoyulmasını istəyirəm. Marş yazlandan sonra Azərbaycan müstəqilliyini əldə edə bildi.

 

- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında sədr müavinisiz. Neçə illərdir  bu postda qərarlaşmısız?

 

- Demək olar ki, təşkilat yarandığı gündən burdayam. Artıq 15 ildir.

 

- Sualımızın məqsədi odur ki, hər adam müavin postunda illərlə qala bilmir. Bilmək çox maraqlıdır. Kimdir yola gedən? BAXCP sədri Qüdrət Həsənquliyev, yoxsa, siz?

 

- Qüdrət bəyin çox müsbət keyfiyyətləri var. Bizim münasibətlərimiz sadəcə sədr və sədr müavini münasibətləri üzərində qurulmayıb. Yaxın dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Bu günə qədər bu münasibətlər qorunub saxlanmaqdadır. Qüdrət bəyin alicənablığı və mənim də buna qarşılıq verməyə çalışmağım, üstəlik  təşkilatdakı insanların yüksək mədəniyyəti bizim ən çətin anlarda belə doğru qərar verməyimizə zəmin yaradıb. Bundan sonra da münasibətlərin qorunub-saxlanmasına qətiyyən şübhə etməyin!

 

- Və nəhayət sonuncu sualımız. Doğum gününüzü necə keçirəcəksiz?

 

-Adətən heç bir plan qurmuram. Dünən partiyada mənim üçün sürpriz oldu. Doğum günümü qeyd etdilər. Qalan hallarda isə ya dostlarım, ya da ailəm doğum günümü keçirməyimi təşkil edir. Heç zaman doğum günü keçirməyi planlaşdırmıram. Hər şeyi həyatın axırına buraxıram. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir