Modern.az

Elçinin şeirləri susuzluqda birnəfəsə içilən su kimidir

Elçinin şeirləri susuzluqda birnəfəsə içilən su kimidir

Ədəbi̇yyat

14 Avqust 2017, 13:55

Yaxşı şairlərin azaldığı,yaxşı şeirlərin qıtlaşdığı bir vaxtda yaxşı şair kimi, yaxşı şeirləriylə qarşımıza çıxdı Elçin Mirzəbəyli.Yaxşı şeir sözünün burda yetərli olub-olmadığını bilmirəm amma xoşumuza gələn, sevdiyimiz şeylərə yaxşı dediyimizi dəqiq bilirəm. Bu mənada Elçinin şeirləri doğurdan da xoşagələndir, yaxşıdır, hətta, bəzən o qədər yaxşıdır ki, ruhumuzu oxşayır, ovqatımızı yüksəldir, bizi duyğulandırır, kövrəldir.

 

Məncə yaxşı şeirdəki əsas məziyyətlər də elə bunlardır. Bir də ədəbiyyatsevərlər, poeziya aşiqləri bilirlər ki, şeir həm də o zaman sevilir ki, o seir həm də oxucunun ovqatını, düşüncələrini ifadə etmiş olur.

 

Axı heç də hamımız hiss etdiklərimizi, düşündüklərimizi, duyğularımızı poetik dillə qafiyəli şəkildə ifadə edə bilmirik. Ona görə də şairlər həm də bir növ bizim hiss və duyğularımızın ifadəçisidirlər. Bu mənada mən Elçini həm də mənim ruh halımın, poetik hisslərimin tərcüməçisi kimi, onları sözə çevirən ustad kimi görürəm. Azərbaycan ədəbiyyatında çox böyük, cox nəhəng imzalar var. Onların hamısının qarşısında baş əyməklə qeyd etmək istəyirəm ki, Elçin şerirlərində olduqca səmimidir.

 

Düşünürəm ki, Elçinin şeirlərini sevdirən iki cəhət varsa onlardan biri şeirdəki səmimiyyət, ikinci isə həmin şerilərin hər birində sezilən incə ruhdur. Bir də Elçinin özünəməxsus metaforaları əvəzsizdir. Mən şair dostumun şeirlərindəki incə ruhu yalnız böyük Mikayıl Müşfiqin poeziyasındakı ruhla müqayisə edə bilərəm. Elçinin şeirləri sanki ipək sapdan sıx toxunmuş Təbriz xalçasıdır, İrəvan, Dərbənd, Borçalı, Kərkük xalçasıdır.

Milli ruhumuzun sözlə toxunmuş bütöv Azərbaycan xalçasıdır. Bəzi şairlər şeir quraşdırılar, bəzi şairlər qafiyə uydururlar, bəzi şairlər heca düzəldirlər və nəticədə klassik mənada şeirin və şeir yazmanın bütün tələbləri yerinə yetirilmiş olur. Yəni əslində şeir yazmış olurlar. Ancaq belə şeirlərin ruhu olmur.

 

Belə qəlibbasmalar qəzet səhifələrini doldura bilər, yüksək pafosla oxuna bilər, hətta lap xoşa da gələ bilər. Ancaq ruhu olmadığı üçün sevilə bilməz, insanla dialoqa girə bilməz, insan duyğularının tərcümanı ola bilməz. Elçinin şeirlərində izafi heç nə yoxdur. Elçinin şeirləri susuzluqda birnəfəsə içilən su kimidir .Su qədər ömrün olsun əziz dostum. Səni 50 yaşın münasibətilə ürəkdən təbrik edirəm. Yeni şeirlərini oxumaq ümidiylə...


Hikmət Babaoğlu

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir