Modern.az

Azərbaycanlı xəstələr İrandan üz döndərib, məmurlar isə Almaniya, Türkiyə və İsrailə gedir

Azərbaycanlı xəstələr İrandan üz döndərib, məmurlar isə Almaniya, Türkiyə və İsrailə gedir

15 Avqust 2017, 09:00

Hər il yüzlərlə azərbaycanlı müalicə və müayinə olunmaq üçün xarici ölkələrə üz tuturlar. Adətən  İran İslam Respublikasına üstünlük verən xəstələrin son zamanlar istiqamətini dəyişdiyini müşahidə edirik.

Belə ki, azərbaycanlı xəstələrin üz tutduğu ölkələr artıq əvvəlki illərdən fərqlənir.

 

Almaniya, Türkiyə, İsrail...

 

Tibbi ekspert Adil Qeybulla Modern.az-a açıqlamasında  xəstələrin daha çox hansı ölkələrə axın etdiyindən söz açıb. Onun sözlərinə görə xaricə müalicə üçün gedənlərin sayında hələ ki azalma yoxdur:

 

“Təəssüflər olsun ki, yerli əhali hələ də müalicə üçün xaricə üz tutmaqda davam edir. Lakin əvvəlki illərdən fərqli olaraq artıq Türkiyə, Almaniya, İsrail kimi ölkələrə axın daha çoxdur.  Xüsusilə də müalicə üçün Almaniyaya gedənlərin sayında artım müşahidə edilir. Həmin şəxslər özəl klinikalarda müalicə olunurlar. Xarici ölkələrdəki özəl klinikaların qiyməti isə həddindən artıq yüksəkdir. Bu səbəbdən xəstələrdən böyük miqdarda vəsait tələb olunur. Bu isə ölkədən böyük valyuta axınıdır. Təəssüf ki, bu məsələdə nəinki azalma tendensiyası var, hətta artma müşahidə edilir. Hesab edirəm ki, sadə vətəndaşların qeyd etdiyim ölkələrə müraciətdə artma halları mövcuddur”.

Ekspert xaricə müalicəyə gedənlərin arasında məmurların xüsusi yer tutduğunu qeyd edib:

 

“Ümumiyyətlə faktdır ki, Azərbaycan məmurları ölkədə müayinə-müalicə olunmaq  istəmirlər və bundan qaçırlar. Sual olunur ki, onlar əgər bu səhiyyəyə güvənmirlərsə, bunu kimdən ötrü qurublar?.. Artıq məmurlar da daha çox qeyd etdiyim ölkələrə, xüsusilə də Almaniyaya üz tuturlar”.

 

“Ölkənin qərb standartları səviyyəsində tibbi xidmət göstərən müəssisələri var”

 

Digər tərəfdən müalicə üçün ölkə daxilinə üstünlük verən xəstələr də az deyil. Məlumdur ki, dövlətin səhiyyəyə qayğısı durmadan artır. Səhiyyə müəssisələrinə öz ixtisasını mükəmməl bilən peşəkar həkimlər cəlb edilir. A.Qeybulla Azərbaycan səhiyyəsinin zamanla inkişaf etdiyini və xəstələrin də bunun fərqində olduğunu bildirib:

“Əlbəttə, artıq Azərbaycanda Almaniya, Türkiyə səhiyyəsi ilə tanış olmuş mütəxəssislər fəaliyyət göstərir. Ölkənin qərb standartları səviyyəsində tibbi xidmət göstərən müəssisələri var. Təbii ki, bunun fərqində olanlar kifayət qədərdir. Bilənlər, tanıyanlar, güvənənlər daxili səhiyyəmizə müraciət edir. Amma bu, hələlik kütləvi axın deyil. Azərbaycan səhiyyəsində xeyli gəlişmələr izləmək olur. Maddi texniki bazanın artırılması, yeni aparatların alınması, kadr təchizatı baxımından xeyli irəliləyişlər var. Amma əhalinin icbari tibbi sığortası olmadığından hələ də problemlər yaşanır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?