Modern.az

Ayaz Mütəllibov Qərbi Azərbaycanlıların Qarabağa yerləşdirilməsinin günahını Qorbaçovun üstünə atdı

Ayaz Mütəllibov Qərbi Azərbaycanlıların Qarabağa yerləşdirilməsinin günahını Qorbaçovun üstünə atdı

Ölkə

15 Avqust 2017, 15:39

Tarixdən azərbaycanlıların  bir neçə dəfə Ermənistandan  deportasiya olunduğunu bilirik.

 

1905-1907, 1918-1920, 1948-1953-cü il.  Sonuncu deportasiya isə 1988-ci ildə olub. Bu dəfə azərbaycanlıların deportasiya olunması həm də növbəti işğal planının tərkib hissəsi idi.  Təəssüf hissi ilə deyə bilərik ki, azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya olunmasını beynəlxalq aləmə çıxara bilməmişik.

 

Əslən Qərbi Azərbaycandan olan deputat Musa Quliyev Modern.az-a açıqlamasında deyib ki, deportasiya məsələsində ən böyük səhvimiz olub.

 

"O vaxt ən böyük səhv, deportasiya olunan azərbaycanlıların Dağlıq Qarabağa yerləşdirilməməsi oldu. SSRİ dağılana qədər o insanların ata- baba yurdlarına qayıtmaq ümidi olsa da, sonrakı proseslər bu imkanı heçə endirdi. Sonra bu insanlara Azərbaycan vətəndaşlığı verildi ki, fikrimcə bu doğru addım idi”.

 

Eks- prezident Ayaz Mütəllibov Modern.az-a açıqlamasında deputatın fikirlərinə cavab verib. Onun sözlərinə görə, o zamankı SSRİ hakimiyyəti planlar üzərində iş görürdü.

 

“SSRİ Nazirlər Sovetinin qərarı idi. Ermənilər isə həmişə Dağlıq Qarabağda azərbaycanlıların sayının artmamasına çalışıblar. Çünki belə olmasaydı ermənilər Dağlıq Qarabağda azlıq təşkil edərdilər. Bununla da onların Qarabağ ətrafında apardıqları siyasət buxovlanmış olardı. Mərkəzdən bizə icazə vermirdilər ki, deportasiya olunan insanlarımızı Dağlıq Qarabağa yerləşdirək. Bu mümkün olan şey deyildi. Hansısa birimiz bu cür məsələlərdə kəskin fikir bildirəndə dərhal adımızı “millətçi” qoyurdular. Neçə-neçə yüksək postda qərarlaşan insanlarımızın aqibəti bəllidir”.

Eks-prezident deyir ki, 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunan insanlara görə o zamankı rəhbərliklə üz-üzə də gəlib.

 

“1988-ci ildə Qərbi azərbaycanlılar deportasiya olunanda həm SSRİ rəhbərlərinin, həm də Qorbaçovun qarşısında etirazımı bildirmişdim. Dəfələrlə, Qorbaçovla bu məsələdə mübahisələrim olurdu. Bu məsələni gündəmə gətirdiyimə görə hədə-qorxu gəlirdilər. Çox keçmədi ki, 2 ildən sonra 1990-cı ildə 20 Yanvar hadisələrini törətdilər.

 

Təbii, yenə də erməni lobbiçiliyi elə güclü idi ki, bu məsələni nəzarətdə saxlayırdılar. Bir dəfə SSRİ rəhbərliyinə dedim ki, baxın görün nə edirsiniz. Azərbaycanda yaşayan ermənilərin sayı 300-500 min arasındadır. Siz isə bütün Ermənistan vətəndaşı olan azərbaycanlıları qovmuşunuz. Bakıda isə 250 mindən çox erməni yaşayır. Qeyri-mütanasibliyi necə izah edəcəksiz? Onlar məni ağıllı olmağa çağırırdılar. Təəccüblü odur ki, o zaman deportasiya sözünü işlətmirdilər. Faktiki olaraq azərbaycanlılar deportasiya olunmuşdu”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi