Modern.az

Deputat Eldar Quliyev: "Əgər bu problem yaransa, Allah göstərməsin, aclıq deməkdir" (MÜSAHİBƏ)

Deputat Eldar Quliyev: "Əgər bu problem yaransa, Allah göstərməsin, aclıq deməkdir" (MÜSAHİBƏ)

23 May 2011, 14:12

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev Modern.az saytına geniş müsahibə verib.Deputat “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanundan və bu yaxınlarda Almaniyada olarkən bu ölkənin qeyd edilən sahə ilə bağlı təcrübəsindən, digər məsələlərdən danışıb.

- Eldar müəllim, “Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun layihəsi artıq Milli Məclisdədir. Bu qanun layihəsi cəmiyyətdə birmənalı qarşılanmır. Kimi kolxoza oxşar quruluşların yaranacağını deyir, kimi torpaqların kəndlilərin əlindən alınacağını bildirir, bir qism isə aqrar sektorun inkişaf edəcəyini söyləyir. Gerçəlik nədən ibarətdir?

- Bizə də çoxsaylı müraciətlər olunur. Qeyd edirlər ki, yenidən kolxozlara gedirik. Əksinə, mən deyirəm ki, biz kolxozlardan kooperasiyaya gedirik. Çünki keçmişdə də kooperasiya mülkiyyəti, ictimai mülkiyyət, kollektiv mülkiyyət olub. Kolxozların mülkiyyəti kollektiv olub. Bu gün Azərbaycan müstəqil dövlətdir. Onun Konstitusiyası var və orada  mülkiyyətin 3 forması göstərilib. Bu yeni qanun layihəsinə əsasən, hər bir insan kooperasiyanın üzvü olacaq. İnsan bilməlidir ki, onun mülkiyyət hüquqları var. Həmin insana məxsus olan mülkiyyət yalnız onundur. Sabah bu mülkiyyət heç kim tərəfindən onun əlindən alınmayacaq. Mülkiyyət həmin şəxsin övladına, vərəsəsinə özü tərəfindən verilə bilər. Bu kooperasiyanın özəyidir. Bu, bütün dünyada kooperasiya yaranandan belə olub. Ona görə, bunu bəzən insanlar başa düşürlər, bəzən başa düşmürlər. Onlar düşünürlər ki, keçmişdə kollektiv mülkiyyət olub, amma bu gün isə yoxdur. Bu gün mülkiyyət sahibi var. O, müstəqil şəkildə, sərbəst olaraq kiminlə istəsə, birləşə bilər. İnsanlar təsərrüfatlarını bir yerə qoyub böyük bir iş görə bilərlər və müstəqil şəkildə də müqavilə əsasında istədikləri vaxtlarda ərizə ilə müraciət edib həmin təsərrüfatdan ayrıla bilərlər. Biz belə bir hüquq olmaq şərti ilə bu kooperasiyanın yaradılmasının təşəbbüskarıyıq. Artıq biz bunu respublikada çox böyük təşkilatlarda, alimlərlə, ziyalı insanlarla müzakirə etmişik. Biz Gəncədə Kənd Təsərrüfatı Akademiyasında bu məsələni müzakirə etdik. Bundan başqa, ayrı-ayrı regionlarla da biz bununla bağlı geniş fikir mübadiləsi aparmışıq. Hər tərəfdən biz müsbət rəy almışıq. Bu görüşlərdə biz bir dəfə də olsun kimdənsə mənfi rəy almamışıq.

- Eldar müəllim, belədirsə, kolxoz məsələsi nə üçün ortaya çıxıb?

- Çünki bu təfəkkür sovetdən bizim hamımızda qalıb. Kooperasiya eşidən kimi, elə bilirik ki, mülkiyyət ümumi, kollektiv olacaq. Otuz adam bir yerə yığılırsa, bu, kolxozdur? İnsanlar bu günkü reallıqlardan həyata baxmalıdırlar. Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətdə də bütün qanunlar Milli Məclisdə qəbul olunur. Bu məsələ ölkə Prezidenti tərəfindən imzalanırsa, qanun qüvvəyə minir.
“Kənd təsərrüfatı kooperasiya haqqında” qanunda konkret olaraq mülkiyyətin özəl formasından söhbət gedir. Kollektiv mülkiyyət forması artıq Azərbaycanda yoxdur, hesab edirəm ki, bundan sonra da olmayacaq. Dünya ölkələrində də kooperasiya haqqında qanunlarda özəl şirkətlərdən, özəl kooperasiyalardan söhbət gedir.

- Kooperasiyaların yaradılması ilə bağlı mexanizm də yaradılacaqmı?

- Bizim Almaniya səfərimizin bir səbəbi də elə bu oldu ki,  gedib orada dövlətlə kooperasiya arasında münasibətlərin hansı şəkildə olduğunu öyrənək. Biz Almaniyanın Şərq tərəfinə getdik. Almaniyanın bu tərəfi 1945-ci ildən sonra uzun müddət sosialist blokunda olub. Orada da bizim kimi kolxozlar olub. 1992-ci ildə sovxozlar ləğv olunub və yerində kooperativlər yaranıb. Dövlət də bunlara müəyyən güzəştlər edib.

İlk növbədə bunlar hansısa fəaliyyət sahəsini inkişaf etdirmək istəyirlərsə, plan hazırlanıb verilir, kimin nə imkanı varsa göstərilir. Dövlət bunlara 5 il müddətinə həmin planda nəzərdə tutulanın 40 faizini ödəyir. Bu şərtlə ki, 5 il ərzində dövlətin nəzarətində olmalıdır. Məsələn, hansısa emal fabriki açırsan onun 10 milyon dəyəri var. Həmin məbləğin 4 milyonunu dövlət sənə kredit şəklində verir. 6 milyonunu isə öz mülkiyyətindən qoya bilərsən. 5 ildə dövlət hər dəfə gəlib ora nəzarət edir. 5 ildən sonra artıq dövlət bu pulu bağışlayır. Amma sən aldığın pulun bir hissəsini başqa yerə yönəldərsənsə, artıq sən dövlət qarşısında cavabdehlik daşıyırsan.

- Bəs bizdə necə olacaq?

- Biz də məsələ qoyuruq ki, dövlətlə kooperasiya arasında müəyyən bir müqavilə olmalıdır. Dövlət dedikdə Nazirlər Kabinetini nəzərdə tuturam. Burada mütləq müqavilə olmalıdır. Tərəfllər öz öhdəliklərini boyunlarına götürməlidirlər. Müəyyən kreditlərin verilməsi, faizlərin aşağı olması, texniki avadanlıqlarla təmin olunması, damazlıq heyvanların gətirilməsi, toxumçuluğun inkişafı və s. bu kimi məsələlərdə biz hesab edirik ki, dövlətin qayğısı olmalıdır. Əlbəttə, kooperativlər üçün xaricdən mal-qara, toxum gətirmək çətindir. Biz Almaniyaya getdik, orada mal-qara kooperativinə baxdıq. Qeyd edim ki, orada iri buynuzlu heyvanlar orta hesabla ildə 11-12 min ton süd verirlər. Bu Azərbaycandan 10 dəfə çoxdur. Toxum sahələrinə baxdıq. Orada 1 hektardan orta hesabla 80 sentiner taxıl götürülür. Bizdə isə 20-25, maksimum 30-dan yuxarı olmaz. Onların taxılının sortu birinci və əla sortdur. Bizdə istehsal olan taxılın keyfiyyəti ikinci, üçüncü növdür.

- Belə yüksək səviyyədə məhsul əldə eləmək nə ilə bağlıdır?

- Toxumçuluqla. Torpaq bizdə də var. Amma onların toxumlarının sortları bizimkindən fərqlənir. Onların toxumları çox güclü olur. Kənd təsərrüfatı nazirinin müavini də bizimlə Almaniyaya getmişdi. Onların iş forması bizi çox qane elədi. Orada təsərrüfatlar elə qurulub ki, məhsuldarlıq və əmək haqqı yüksəkdir. Kreditlər onlara aşağı faizlə verilir.

- İstehsalçının üzləşdiyi problemlər də nəzərə alınırmı?

- Mən hesab edirəm ki, bizdə kifayət qədər mütəxəssis var. Deyim ki, bizdə sovetin vaxtından o qədər qorxu qalıb ki, insanlar öz mülkiyyətlərinin üstündə əsirlər, qorxurlar. Amma mülkiyyətlərindən də normal şəkildə istifadə eləmirlər. İkincisi isə ən böyük dərdimiz istehsal etdiyimiz məhsulu normal şəkildə bazara çıxarıb sata bilməməyimizdir. Bu, bizim ən böyük problemimizdir. Bu baxımdan biz çalışırıq ki, istehsalçıların mənafeyini qoruyaq. Əgər bu gün biz istehsal ediriksə, nəyə lazımdır ki, biz gedib kənardan kənd təsərrüfatı məhsulu alıb gətirək. Biz istehsalçıya şərait yaratmalıyıq ki, istehsalçı öz məhsulunu bazara çıxarıb sata bilsin. Əgər istehsalçı öz məhsulunu sata bilmirsə, o gələn il bunu əkməyəcək.

- Yeni qanun bunu tənzimləyə biləcəkmi?

- Keçmişdə belə bir təcrübə var idi ki, istehsalçılar istehsal edirdilər, istehlakçılar da gəlib onlarla müqavilə bağlayırdılar ki, həmin məhsulları alsınlar. O zaman kənd təsərrüfatına 2 faizlə kredit verirdilər. Dövtət tərəfindən bununla bağlı güzəştlər edilirdi. Biz bank vasitəsi ilə işləyirdik. Bizim elə ənənələrimiz var ki, onları bəyənmirik, onlar bizə lazım deyil. Ölkə Prezidenti bizim qarşımızda bir nömrəli məqsəd qoyub ki, Azərbaycan özünü ərzaq məhsulu ilə tam təmin etməlidir. Biz də bunun üçün çalışırıq. Mən bir mütəxəssis, alim kimi sizə deyim ki, bu gün dünyada gözlənilən problemlərdən biri də ərzaq təminatı məsələsidir. İnanın ki, maliyyə böhranı bunun yanında heç nədir. Əgər bu problem olsa, Allah göstərməsin, bu, aclıq deməkdir. Siz gördünüz arada taxıl problemi oldu, bu zaman Rusiya da, Qazaxıstan da qapılarını bağladı ki, heç kimə məhsul verməyəcək. Demək istəyirəm ki, belə bir şey ola bilər. Bu gün mən hesab edirəm ki, qeyri-neft sektorunda ən vacib sahə aqrar sahədir. Bu baxımdan aqrar sahə inkişaf eləməlidir.

- Bu qanun monopoliyanın qarşısını ala biləcəkmi?

- Artıq bir neçə müddətdir ki, ölkə Prezidenti çıxışlarına monopoliya ilə mübarizə məsələsini qaldırır. Hökumət qarşısında, ayrı-ayrı qurumlar qarşısında, hətta Milli Məclis qarşısıda da belə bir tapşırıq var ki, biz monopoliyadan çıxmalıyıq. Mübarizə aparılmalıdır. Bu mübarizəni təkcə Prezident deyil, hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı aparmalıdır. Bunu tək aparmaq mümkün deyil. Sözsüz ki, cəmiyyətdə maraqlı tərəflər var ki, onlar bu işlərə can atırlar. Biz özümüz məhsul istehsal etməliyik, istehsalçıların mənafeyini qorumalıyıq. Biz heç olmasa, müəyyən qədər də olsa bunun qarşısını almalıyıq. Əgər məhsul bolluğu olmasa, Azərbaycanda həmişə məhsulun qiyməti yüksək olacaq. Qiymətlərin aşağı düşməsi üçün mütləq məhsul bolluğu yaradılmalıdır.

- Komitənizin sədri Eldar İbrahimov, siz, kənd təsərrüfatı nazirinin müavini Almaniyadan yeni qayıtmısınız. Bilmək istərdik, aqrar sahədə Azərbaycan gerçəkliyi və xarici təcrübəni necə qiymətləndirirsiniz?

- Qeyd edim ki, Türkiyədə taxılçılıq çox yüksək səviyyədə inkişaf edir. 70 milyona yaxın əhalisi olan Türkiyə özünü taxılla təmin edir, hətta kənara da satır. Biz də məsələn taxılçılığı Almaniyadan, Türkiyədən öyrənə bilərik. Bizə uyğun taxılçılıq bazası yarada bilərik. Bu bizim şəraitə uyğun olmalıdır. Bizim həm də o qədər də çox taxıl sahələrimiz yoxdur. Biz çalışmalıyıq ki, həm özümüzü təmin edək, həm də xaricə sataq.

- Azərbaycan əhalisinə verilən əkin sahələri yararlıdırmı? Bunlardan tam istifadə olunsa, əhali taxılla tam təmin oluna bilərmi?

- Siz yəqin ki, mənim Milli Məclisdə çıxışıma fikir vermisiniz. Mən həmişə demişəm ki, torpaqlarımızın monitorinqini keçirməliyik. Hesab edirəm ki, gələcəkdə “Dövlət torpaqlardan istifadəyə görə məsuliyyət haqqında” qanun qəbul etməliyik. Heç olmasa, kəndli torpağı əkmirsə, başqasına icarəyə versin. Elə bir şərait yaradılmalıdır ki, torpaqlardan istifadə olunsun. Elə adam var ki, hektarlarla torpağı var, amma bundan istifadə etmir. Məncə, burada məsuliyyət qoyulmalıdır ki, bu insanlar məsuliyyət daşısınlar. Misal üçün, deyim, kimsə Moskvada iş adamıdır, burada torpağı var. Gəlib 300-500 manat dövlətə rüsum ödəyir, amma həmin torpaqlar əkilmir. Bizə onun 500 manatı lazım deyil. Bizə lazımdır məhsuldarlıq bol olsun.

- Çox maraqlı məqama toxundunuz. Hər hansı sahibkarın hektarlarla torpaqı var, deyir “mən əkmirəm”, ona necə təsir etmək olar ki...?

- Biz bu gün ərzaq təhlükəsizliyi məsələsini qaldırırıqsa, hər bir Azərbaycan vətəndaşı bu baxımdan öz xalqı, dövləti qarşısında cavabdehlik daşımalıdır. Əgər onun bu imkanı varsa, ona demək lazımdır, əkirsən ək, əkmirsənsə, sənin əlindən alıb başqasına veriləcək. Ərzaq təminatı strateji məsələdir. Bu gün dünuyada 204 dövlət var. 2008-ci ildə 40 dövlət qanun çıxardı ki, özündən ərzaq məhsulunu kənara çıxarmasın. Hətta BMT-nin hesabatında da var ki, 2010-cu ildə 1 milyard 117 milyon adam acdır. Bu dünya əhalisinin altıda biridir. Bunun qarşısı alınmaldır. Mən bu məsələ ilə əlaqədar Roma səfəri zamanı çıxış eləmişdim. Mənim ərzaq təminatı ilə bağlı fikirlərin onları çox maraqlandırdı. Onlar maraqlı idilər bizimlə bu istiqamətdə müzakirələr aparsınlar. Yəni bu gün dünyanı maraqlandıran məsələ nə dollardır, nə yevrodur. Əsas məsələ insanların ərzaq təhlükəsizliyini təmin etməkdir. Bir dövlətin aclığı başqa bir dövlətin aclığı deməkdir. Bu bir virus kimi bütün insanlara təsir edəcək. Ona görə də, indidən dövlətlər proqramlar qəbul eləməlidirlər. Dövlətlər məcburi olaraq nazirliklərə, idarələrə, özəl sektorlara proqram qoymalıdır ki, bu qədər ərzaq istehsal olunmalıdır. Hər bir dövlət məsuliyyət daşımalıdır bu məsələdə. Bu işlə bütün dövlətlər məşğul olmalıdırlar, təkcə bir dövlət yox. Hətta o dövlətlər ki, bu gün çoxlu pul qazanırlar və deyirlər ki, ərzağı kənardan alacaqlar, amma bir gün gələr, pulu əlində qalar, heç kim ona ərzaq satmaz. Məqsəd budur, bir region deyil, bütün dünya ölkələri buna qarşı mübarizə aparsınlar. Insanların gələcəkdə taleyinin həll olunması üçün proqramlar qəbul olunmalıdır. Ərzaqsız yaşamaq qeyri-mümkündür. Pulsuz, zinətsiz yaşamaq olar, amma ərzaqsız, havasız, susuz yaşamaq olmaz.

- Bu gün Azərbaycanın ərzaq təhlükəsizliyi məsələsini necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, bizim üçün başqa dövlətlər kimi qorxulu heç nə yoxdur. Azərbaycan sovetlər dönəmində də özü-özünü kənd təsərrüfatı məhsulları ilə təmin edib. Bu gün Azərbaycan qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar sahələrin inkişafına geniş imkanlar yaradır. Hələlik yüksək nəticə yoxdur, amma inkişaf gedir. Bilirsiniz ki, kənd təsərrüfatı bir-iki ilin içində həll olunan bir məsələ deyil. Heyvandarlığın bu gün inkişafı üçün Azərbaycana yeni damazlıq heyvanlar gətirilməlidir.
İkinci əsas məsələ kimi burada yem bazası yaradılmalıdır. Çünki bizdə olan yem bazası ilə həmin heyvanları alıb saxlaya bilmərik. Əksinə, məhv edə bilərik. Biz hansı ölkədən damazlıq heyvan gətiririksə, paralel olaraq onların yemlənməsinə də xüsusi diqqət yetirməliyik. Heyvanlar düzgün yemlənməsələr onlar nə yüksək məhsuldarlıq verə biləcək, nə də belə bir şəraitdə qala biləcəklər.

- Bu məsələlərlə “Aqrolizinq” ASC məşğul olur. İnsanlar tərəfindən onun fəaliyyəti ilə bağlı tez-tez şikayətlər olur...

- Bəli, mən də tez-tez yerlərdə oluram, insanlarla söhbətləşirəm. Aparılan iş insanları bəzən qane eləmir. Gətirilən texnikaların çoxları sıradan çıxır, heç onların ehtiyat hissələri də olmur. Toxumçuluq da bizdə aşağı səviyyədədir. Heyvandarlıq məhsuldarlığı da yenə aşağı səviyyədədir. Xaricdən iri buynuzlu mal-qara gətirib 4 min manata aldığımızı insanlara 2 min manata veririk, bunun yem bazası olmayanadan sonra fermer bunu necə saxlayacaq... Bax buna görə də, Almaniyada olanda nazir müavini Bəhrəm müəllim bu haqda məsələ qoydu ki, yaxşı olardı ki, aldığımız heyvanlar qarnında balası ilə gəlsinlər ki, artım olanda bizim təbiətə, şəraitə uyğunlaşsınlar. Bu gün dövlətin də, insanların da bu sahəyə marağı çoxdur. Kənd yerlərində daimi iş yerləri aqrar sahədir. Bu sahədə heç vaxt tələb-təklif dəyişmir. Bu gün ola bilsin ki, kostyum sənin xoşuna gəlməsin, amma sən çörəyi həmişə axtaracaqsan. Odur ki, həmişə buna tələbat var. Fikir verin, hər şey dəyişilə bilər, amma nə ərzaq, nə hava, nə də suyu dəyişmək olmaz.

- Eldar müəllim, sizcə, nə üçün bizdə gənclər bu sahəyə o qədər də maraq göstərmirlər?

- Bu gün bizdə cavanların hamısı kəndlərdən qaçırlar. Amma Almaniyada olanda şahidi oldum ki, cavan qızlar kəndlərdə çox həvəslə işləyirlər. Bilirsiniz, belə bir məsələ var ki, fılankəsin əli torpaqdan soyuyub. İnsanlarda biz maraq yaratmalıyıq ki, bu sahə yaxşı sahədir.. Bizim gənclər torpaqdan soyuyublar. İndi “Regionların inkişaf proqramı” çərçivəsində rayonlarımızda da böyük inkişaf gedir. Rayonlar şəhər səviyyəsinə çatdırılır. Lazımdır ki, kənd təsərrüfatı da yerlərdə yüksək səviyyədə inkişaf etsin. İnsanlar bilməlidir ki, pul torpaqdan çıxır. Torpağın qiymətini bilmək lazımdır.

- Kənd təsərrüfatı kooperasiyaları yaranacaq. “Azərittifaq” bu məsələlərin koordinasiyasını öz üzərinə götürə bilərmi?

- Bu qanundan sonra əlbəttə ki, biz yenə çalışacağıq ki, bir yerdə işləyək. Əlbəttə, biz koordinasiya edə bilərik. Milli Məclisdə, xarici dövlətlərin qarşısında, hökumət qarşısında bu məsələni qaldıra bilərik. Həmçinin məhkəmələr qarşısında da bu məsələ qaldırıla bilər. Bilirsiniz ki, indi tez-tez məhkəmələrə müraciət olunur. Bu məsələlərdə biz həmişə kömək, dəstək ola bilərik. Satış məsələlərində də biz köməyimizi edə bilərik. Hazırda ən vacib məsələ satış yerlərinin olmasıdır. Bu qanundan sonra da biz yəqin ki, satış yerlərinin yaradılması ilə əlaqədar hansısa bir qanun işləyəcəyik. Kənd Təsərrüfatı Nazirliyi əziyyət çəkib yarmarkalar təşkil etdirir, amma gəlin, baxın, görək bu bizim tələbatımızı ödəyirmi? Buna nə şərait var, nə də bizim tələbatımızı ödəyir. Böyük marketlər olmalıdır ki, insanlar öz məhsullarını gətirib orda sata bilsinlər. Bunun üçün hər bir şərait olmalıdır.

- Ümumiyyətlə, bu qanun işlək olduqdan sonra ucuzlaşma ola bilərmi?

- Mən hesab edirəm ki, nə qədər məhsul bol olsa, bir o qədər də qiymət ucuz olacaq. Əsas odur ki, insanlara şərait yaradılsın, satış yerləri olsun. Bazarlar əgər bu günkü kimi işləsə çətin. Mən hesab edirəm ki, gələcəkdə bir dənə bazar saxlamaq lazımdır. O, da Şərq bazarı kimi, çünki bu bazar həm də bizim tariximiz kimi qəbul olunur. Ölkəmizə qonaqlar gələndə aparıb göstərək ki, bu bizim Şərq bazarıdır. Böyük marketlər tikilməlidir. Xaricdə olduğu kimi marketlərin birinci mərtəbəsi kənd təsərrüfatı məhsullarına verilməlidir. Belə olanda məhsulun həm saxlama şəraiti yaxşı olacaq, həm də müasir anbarlar olacaq.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq