Modern.az

7 yaşlı “Qafqazinfo”nun baş direktoru:: “Euronews”-un rəhbəri olmaq istəyirəm

7 yaşlı “Qafqazinfo”nun baş direktoru:: “Euronews”-un rəhbəri olmaq istəyirəm

16 Avqust 2017, 12:30

Bu gün “Qafqazinfo” xəbər portalının  7 yaşı tamam olub. 2010-cu ilin avqustun 16-da fəaliyyətə başlayan xəbər portalı  ötən 7 il ərzində mediada özünəməxsusluğu ilə seçilib.

 

“Bütün mətbuat orqanları ilə yaxşı münasibət qurmağa çalışırıq”

 

“Qafqazinfo”nun baş direktoru  Elbrus Ərud Modern.az saytı ilə öz təəssüratlarını bölüşüb. O bildirib ki, “Qafqazinfo” yeni media deyən zaman ilk ağla gələn mətbuat orqanlarından biridir:

 

“Biz bu günü əlamətdar gün hesab etmirik. Adi günlərdən biridir. Bu mənim üçün şəxsi planda da belədir. Ad günü və ya digər özəl günləri əlamətdar gün hesab etmirəm. “Qafqazinfo”nun 7 yaşı tamam olur.  Hələki təəssüratlarımız yaxşıdır. Bu günə qədər dayanmadan  çalışmışıq, hər şey  öz axarında gedir. Son 7 ildə həyatımda elə bir gün olmayıb ki, “Qafqazinfo”suz olsun.  Artıq kollektivimiz formalaşıb, peşəkar əməkdaşlarımız var. Azərbaycanda onlayn, yeni media deyən zaman ilk ağla gələn mətbuat orqanlarından biriyik. O cümlədən bütün mətbuat orqanları ilə yaxşı münasibət qurmağa çalışırıq. Biz bacardığımız qədər oxuculara həqiqəti çatdırmağa, obyektiv olmağa səy göstəririk”.

 

Qafqazinfo”nu  digər media orqanlarından  fərqləndirən cəhəti nədir?

 

“Hazırda minlərlə sayt fəaliyyət göstərə bilər. “Qafqazinfo”nu bunlardan fərqləndirən əlamətləri biz yox, oxucular deyə bilər. Hər gün açılan yeni saytların hamısını media hesab etmək olmaz. Mətbuat yaşamağı bacarmalı, dalğa kimi gəlib getməməlidir. Mətbuat həm də zamanın sınağından çıxa bilməlidir. Mən demirəm ki, biz zamanın sınağından çıxmışıq. Zaman mücərrəd anlayışdır. Bəzən bir dəqiqə zaman hesab edilsə də, 7 il zaman olmaya bilər. Hər halda 7 il ərzində işləmişik. Mən olsam da, olmasam da, “Qafqazinfo”nun yaşayacağına, mətbuatda qalacağına inanıram”.

 

“Biz heç kimə rəqib prizmasından yanaşmırıq”

 

E.Ərud  xəbər portalının heç kimlə mübarizə aparmadığını qeyd edib:

 

“Media olaraq kimləsə mübarizə aparmırıq ki, ona da rəqib olaq. Bizim öz meydançamız var və o meydançada oynayırıq, öz işimizi görürük. Xəbəri kim yazırsa, qolu da o vurur. Yəni bu gün hesab bizim xeyrimizə ola bilər, amma sabah nəticənin dəyişmə ehtimalı var. Əslində bu gün xəbəri operativ, doğru, vaxtında yazan qalibdir. Bu səbəbdən düşünürəm ki, hər gün lider olmaq da mümkün deyil”.

 

“Qafqazinfo”nun gələcək planları...

 

“Hazırda multimedia sisteminə keçir və video xəbərlərin sayını artırmağa çalışırıq. Bu işə redaktor, montajçı ayırıb texniki avadanlıqlar da almışıq. Gələcəkdə  bunu daha da inkişaf etdirmək fikrimiz var.

Ümumiyyətlə gələcək üçün o qədər planım var ki... Məsələn, “Euronews”un rəhbəri olmaq istəyirəm. Bilirsiniz ki, “Qarabağ” Çempionlar Liqasının Pley Off-unda oynadı. Azərbaycanın masştabından çıxmaq, Danimarkanı məğlub etmək  bizim bu günə qədər görmədiyimiz hadisədir.

 

Ölkə mətbuatımızın da bu cür uğur qazanmasını arzu edirəm. Mediamız dünya media orqanları sırasında yer alsın və biz də onun bir parçası kimi iştirak edək”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir