Modern.az

Milli Məclisdə Qarabağla bağlı xüsusi iclas KEÇİRİLƏCƏK?

Milli Məclisdə Qarabağla bağlı xüsusi iclas KEÇİRİLƏCƏK?

17 Avqust 2017, 09:01

 

1988-ci ildən bəri Dağlıq Qarabağla bağlı həm ölkə parlamentində, həm xarici ölkələrin parlamentində, həm də beynəlxalq təşkilatlarda görüşlər keçirilir. Amma bu görüşlərin keçirilməsinə baxmayaraq hər hansı bir ciddi nəticə əldə olunmayıb.

Milli Məclisdə Dağlıq Qarabağla bağlı xüsusi iclas keçirilə bilərmi?

 

Məsələ ilə bağlı Modern.az saytı işğal olunmuş ərazilərin deputatlarının fikrini öyrənib.

 

Laçın rayonundan olan deputat Mahir Abbaszadə ümumiyyətlə Dağlıq Qarabağla bağlı danışıqların dayandırılmasının əleyhinə olduğunu bildirib.

 

“Bütün müharibələrin sonunda masa arxasında sülh yolu ilə bağlı danışıqların aparılması mümkündür. Tarixi hadisələr göstərir ki, bütün müharibələrin sonu sülhlə bitir. Ona görə də Dağlıq Qarabağla bağlı siyasi arenada danışıqların aparılmasının Azərbaycan üçün bir neçə üstünlükləri var.

 

Ən asası isə Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllini yalnız müharibə variantında görmür, bütün danışıqlara hazırdır. Dağlıq Qarabağla bağlı zaman-zaman Milli Məclisdə də müzakirələr aparılıb.

 

Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanda fəaliyyət göstərən xarici korpus rəhbərlərinin, vəzifəli şəxslərin, eyni zamanda bütün ictimaiyyəti əhatə edən şəxslərin iştirakı ilə Milli Məclisdə dəfələrlə iclaslar keçirilib. Parlamentdə Dağlıq Qarabağla bağlı məsələlərin müzakirə edilməsinin bir neçə üstünlükləri var. Dağlıq Qarabağla bağlı danışıqların istər birinci şəxs, istərsə də parlament səviyyəsində keçirilməsinin çox böyük həmiyyəti var. Düşünürəm ki, Milli Məclisdə Dağlıq Qarabağla bağlı məsələlərin müzakirəsinə hər zaman ehtiyac var”.

 

Xocalıdan olan deputat Elman Məmmodov isə deyib ki,  Milli Məclisdə Dağlıq Qarabağla bağlı xüsusi iclasın keçirilməsi ehtiyac yoxdur.

 

“Parlamentin fəaliyyət göstərdiyi müddətdə bütün deputatlar həmin fikirləri istər mediada, istər iclaslarda və başqa toplantılarda deyirlər. Həmçinin Dağlıq Qarabağla bağlı ən yüksək mövqe səsləndirən də prezident İlham Əliyevdir.  Tutaq ki, parlamentdə Dağlıq Qarabağla bağlı iclas keçirildi. Həmin iclasda yeni bir şeyin deyilməsi gözlənilirmi? Yaxud bu iclasla bağlı qərar qəbul edildi və müxtəlif beynəlxalq təşkilatlara, parlamentlərə göndərildi.

 

Bu beynəlxalq təşkilatlar bizim qəbul etdiyimiz qərara əsasən hansısa yenilik edəcəkmi? Xeyr, etməyəcək.  Çünki uzun illər ərzində Milli Məclis dəfələrlə belə qərarlar qəbul edib. Beynəlxalq təşkilatlar hanısa bir hərəkətə keçiblərmi? Birləşmiş Millətlər Təşkilatının (BMT)-nin və digər beynəlxalq qurumların Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qəbul etdiyi bir neçə sənəd var.

Amma onların heç biri yerinə yetirilmir. 1988-ci ildən Dağlı Qarabağla bağlı olan görüşlərin, danışıqların bir çoxunda da iştirak etmişəm. Mən bunların nəticəsini də bilirəm. Bu proseslər belə danışıla-danışıla davam edir. Nəticə isə yoxdur. 

 

Biz sadəcə olaraq, özümüzün doğru olduğumuzu sübut edən hüquqi sənədlər qəbul etmişik. Həmçinin bu illər ərzində güclü ordu yarada bilmişik.

 

Bu gün biz güclü iradə və mübariz ordu ilə torpaqlarımız işğaldan azad etməyə hazırıq. Biz bu istiqamətdə düşünməliyik. Yoxsa burda bir iclas keçirək, orda bir iclas keçirəklə iş düzəlmir. Mənə elə gəlir ki, artıq əməli fəaliyyətə keçib, ordunun gücündən istifadə etmək lazımdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...