Modern.az

İmtahanda yüksək nəticə göstərən müəllim şagirdin başını divara vurub

İmtahanda yüksək nəticə göstərən müəllim şagirdin başını divara vurub

17 Avqust 2017, 10:15

Təhsil aktual sahə olduğundan  tez-tez tənqid olunur. “Filan müəllim yaxşı dərs keçmir” sözü bəzi məsələlərin yanında köhnəlmiş görünür. Məsələn, son illərdə məktəblərdə müəllimlərin şagirdlərlə kobud rəftarı bunu deməyə əsas verir.

 

Necə olur ki, müəllimlərin biliyi imtahan edilir, amma psixoloji durumu nəzərə alınmır?! Hətta, bir faktı diqqətə çatdıraq. Ən savadlı müəllimlərin belə,  şagirdlərlə işlədiyi zaman  ciddi qüsurları ortaya çıxır. Bu da müəllimlərin psixoloji hazırlıq səviyyəsinin nəzərə alınması məsələsini gündəmə gətirir.

 

Unutmayaq ki, yüksək savada malik olmaq heç də hər hansı bacarıqlara yiyələnmək deyil.

 

Təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında məsələnin ciddi olduğunu deyib.

 

“Dərslər keyfiyyətli deyil”

 

“Təəssüflər olsun ki, biz hələ də savadlı müəllimləri ətrafımıza  yığa bilmirik. Hissələrə böləndə görürük ki, ilk mərhələdə müəllimin bilik və bacarıqları durur. Biliklərini yoxlaya bilirik, amma, bacarıqlarını yox. Dünya təcrübəsində bu var. Savadlı müəllim bütün bilik və bacarıqlara malikdirsə, şagirdlərə dərs keçə, biliyini ötürə  bilər.

 

Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan da görünür ki, istər buraxılış,  istərsə də qəbul imtahanlarında şagirdlərin göstərdiyi nəticələr tələblərdən aşağı səviyyədədir. Bu o deməkdir ki, orta məktəblərdə keçirilən dərslər keyfiyyətli deyil. Digər bir məsələyə baxaq. 2014-cü ildə Təhsil Nazirliyi müəllimlərin diaqnostik qiymətləndirməsini keçirdi. Məlum oldu ki, 45%-ə yaxın müəllim öz tədris etdiyi fənndən yüksək biliklərə malik deyil. Hər hansı biliyə malik olmayan şəxs qarşısındakını necə öyrədə bilər?!”

 

“Şagirdin başını divara vurmuşdu”

 

Təhsil eksperti deyir ki, müəllimlərin psixoloji testdən keçməsi zəruriliyi ortaya çıxır.

 

“Hazırda diqqət göstərilən məsələ odur ki, müəllimlər tələblərə cavab verən biliklərə malik olsunlar. 2014-cü ildə qəbul edilmiş “Müəllimlərin etik davranış Qaydaları” gündəmə gələcək. Bu ildən etibarən müəllimlərin işə qəbulu zamanı müsahibə mərhələsi həyata keçirilməyə başlayıb.            

Kimsə test tapşırığı imtahanından maksimum nəticə göstərir.

Lakin auditoriyaya daxil olan zaman bilik və bacarıqlarını ortaya qoya bilmir. Bir fakt danışım. 2 il bundan əvvəl bir müəllim maksimum nəticə göstərmişdi.

 

Amma gedib qəbul olduğu məktəbdə dərs vaxtı şagirdin başını divara vurmuşdu. Düşünürəm ki, müsahibələrlə bunu aradan qaldırmaq mümkündür”.

 

“50%-i müəllimlik peşəsinə yararsız olacaq”

 

Kamran Əsədov müəllimlərin psixoloji imtahandan keçməsi barədə danışarkən Rusiya üsulunu nümunə göstərib.

 

“Rusiya təhsil modeli var. Hər 6 aydan bir müəllimlər psixoloji testdən keçirlər. Ola bilsin ki, müəllimin ailəsində baş verən hər hansı hadisə onun psixologiyasına mənfi təsir göstərsin. Bu da xoşagəlməz hadisələrə yol aça bilər. Müəllimlər 6 aydan bir peşəkar psixoloqlar tərəfindən hazırlanmış testlərdən keçməlidirlər.

 

Yalnız onların psixoloji vəziyyəti auditoriyaya daxil olarkən şagirdlə işləməyə uyğun gələrsə onlara 6 ay müddətinə fəaliyyət göstərmək üçün icazə verilir. Məsələnin aradan qaldırılmasının yeganə yolu budur. Amma bir reallıq da var. Regionları müəllimlərlə tam təmin edə bilməmişik, üstəlik onları psixoloji testdən keçirmək istəyirik. İnanın, əgər müəllimləri psixoloji testdən keçirsək,onların 50%-i müəllimlik peşəsinə yararsız olacaq”

 

Sürücüləri yoxlaya bilirik, müəllimləri yox

 

Ekspert direktorların da imtahan edilməsinin vacibliyini vurğulayıb.

 

“Təəssüflər olsun ki, məktəb daxilində zorakılıq halları müşahidə olunur. İntiharların, erkən nikahların sayı  çoxalıb. Bu onu göstərir ki, məktəblərdə təlim prosesi düzgün qurulmayıb. Məktəb direktorları belə, bu vəzifəyə yararsızdırlar.

 

Necə olur ki, müəllimləri imtahan edirlər amma başda duran idarəçi (direktor) imtahan olunmur?! Bir çoxlarının sənədləri belə direktorluğa yararsızdır.

Bəzi direktorlar var ki, heç ali təhsilləri yoxdur, amma regionlarda direktor kimi çalışırlar. Ona görə də müəllimlərin psixoloji vəziyyəti yoxlanmalıdır. Necə olur ki, Bakı Nəqliyyat Agentliyi sürücülərin  yararlı olub-olmadığını yoxlayır bilir, amma biz müəllimləri yoxlaya bilmirik?!  Hesab edirəm ki, bunu Dövlət İmtahan Mərkəzi yüksək şəkildə həyata keçirə bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər