Modern.az

İnsan quduzluq xəstəliyinə necə yoluxur?

İnsan quduzluq xəstəliyinə necə yoluxur?

Aktual

18 Avqust 2017, 13:15

Xəbər verdiyimiz kimi iyulun 31-də Sumqayıtın 10-cu mikrorayon ərazisində quduz itin dişlədiyi 5 yaşlı Mikayılzadə Zeynəb Elçin qızı ötən gün dünyasını dəyişib.


O quduzluq xəstəliyinə yoluxduğu üçün dünyasını dəyişib.

 

Həkim-pediatr Vaqif Qarayev quduzluq barədə məlumat verərkən deyir ki, quduzluq törədicisi xüsusi viruslardır. İnfeksiya mənbəyi həm ev (it, pişik, iri və xirdabuynuzlular), həm də vəhşi heyvanlardır (tülkü,canavar və s.):

 

“Heyvanlar xəstəliyin başlanmasına 3-10 gün qalmış (həm də bütün xəstə olduqları dövr) yoluxucu olurlar. Virus insana xəstə heyvanın seliyi vasitəsi ilə keçir və əsasən sinir sistemini zədələyir. Xəstəliyin gizli dövrü 10 gündən 3 aya qədər uzana bilər. Əgər zədə başda, üzdə, yuxarı ətraflarda olarsa, gizli dövr qısalır. Baş və üz dişlənərsə, xəstəlik çox ağır keçir və ölümlə nəticələnir”.

 

Vaqif Qarayevin sözlərinə görə  xəstəliyin ilkin dövründə yara nahiyəsində ağrı, qaşınma hissi olur. Hərarət 37,2 - 37,5 dərəcəyə qalxır, halsızlıq, baş və əzələ ağrıları, ürəkbulanma, qusma, qorxu, həyəcan, depressiya müşahidə olunur:

 

"Xəstəliyin ikinci dövründə sudan qorxma, psixomotor oyanıqlığı (ətrafa qarşı aqressivlik, fiziki güc tətbiqi, əlinə keçən əşyaları vurub sındırmaq), udlaq və qırtlaq əzələlərinda spazm, tənəffüsün çətinləşməsi, güclü selik ifrazı müşahidə olunur. Xəstəliyin üçüncü dövründə hərarət 40-42 dərəcəyə yüksəlir və tənəffüs mərkəzinin iflici nəticəsində xəstə ölür”.

Pediatr xəstəliyə qarşı mübarizə üsulundan da söz açıb

 

“Dişlənən nahiyəni sabunlu su ilə təkrar-təkrar yumalı və təcili həkimə müraciət etmək lazımdır. Xəstəliyin qarşısını almaq üçün xüsusi vaksindən (müxtəlif sxemlərlə) istifadə olunur. Xəstəlik başlanmayıbsa vaksinin effekti var, xəstəlik əlamətləri inkişaf edibsə, vaksin bir qayda olaraq faydasızdır”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı