Modern.az

“Dolu”ya düşmək...

“Dolu”ya düşmək...

18 Avqust 2017, 13:22

... Rayondakı ikimərtəbəli evimizin ikinci mərtəbəsində aynabəndin lap yuxarı başında çox böyük bir şkaf vardı. Kitab şkafı idi. O biri otaqlardakı servantlardan ayrı, tək bir şkaf idi. Ölçüsü də o birilərdən çox böyük idi. İçi kitablar, jurnallar, broşürlar, albomlar və sairlə dolu idi. Evimizin ən qiymətli, ən bahalı guşəsi aynabəndin həmin baş tərəfi idi. Böyük şüşə pəncərələrdən ibarət aynabəndimiz də “klassik” Azərbaycan evlərində olduğu kimi böyük idi, 14 metr uzunluğu və 6 metr eni olan aynabəndin eninə bütün divarı tutmuşdu bu şkaf. Ağlım kəsib hərf tanıyandan həmin şkaf mənim diqqət mərkəzimdə idi. Orda adını o vaxt hələ eşitmədiyim, heç bilmədiyim bir çox xarici, rus və yerli ədiblər, şair və yazıçıların kitabları vardı. Azərbaycan sovet ensiklopediyasının cildlərindən tutmuş, Puşkinə, Valter Skota, Drayzer, Hüqo, Tolstoy, Dostoyevski, Qoqol, Çexov, Səməd Vurğundan Məmməd Rahimə, Məmməd Arazdan Süleyman Rüstəm, Hüseyn Cavid, Mikayıl Müşfiqədək, Əli Vəliyevdən Hüseyn Arifədək, Bəxtiyar Vahabzadədən Əli Kərimə, Nüsrət Kəsəmənli, Salam Qədirzadə, Qulu Xəlilov, Nizami, Füzuli, Xətainin yaradıcılığına aid kitablar, Əliağa Vahidin qəzəlləri, çoxlu ədəbi-bədii-publisitik jurnallar, ayrıca hissədə anamın ən çox mütaliə etdiyi Anton Makarenkonun kitabları...daha nələr...  kimlər... kimlər. Bacılarımın “Göyərçin” və “Pioner” jurnalları da bu şkafda olurdu. Bir də bunların içərisində ayrıca “göz”də anamın şağirdlərinin 8 mart münasibətilə ona hədiyyə etdikləri kitablar vardı. Bu kitabların üz cildinin içəri tərəfi mütləq yazılı olurdu. “ Əziz və sevimli Fəridə müəlliməyə” ifadəsi ilə başlardı...

 

Ailədə kiçik qız olduğumdan mənə heç vaxt ev işləri gördürmürdülər, ya növbə çatmırdı, ya da ehtiyac hiss etmirdi anam. Bunun digər səbəbi də vardı. Çünki sonra heç kim qoyduğu şeyi yerində tapmayacaqdı. Ev işlərinə “yaradıcı” münasibətimin sonunda təzədən anam özü səliqə-sahman yaratmalı olurdu, təbii ki. məni xeyli məzəmmət edə-edə. Bu baxımdan həmişə evdə iməçilik - “kapitalnı ev tökmə” olanda könüllü şəkildə işə qoşulmaq istəyim əvvəllər hamını təəccübləndirirdi, lakin sonra artıq öyrəşmişdilər. Çünki həmin o böyük şkafı yığmağı öz öhdəmə götürürdüm. Və o xoşbəxt dəqiqələrim saatlara çevrilirdi. Kitab və jurnalların içərisində itib-batırdım. Etiraf edim ki, Çingiz Aytmatovun “Əsrə bərabır gün” romanını “Azərbaycan” jurnalında dərc olunmuş variantında ilk dəfə elə həmin şkafı töküb yığışdıranda oxumuşam. Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Qasım Qasımlı, Eldar Baxışın şeirlər kitabını da elə həmin vaxt şkafın önündəcə yerdə döşəmədə oturub su kimi içmişəm. Hamı işini görüb bitirsə də, mənim şkaf yığma prosesim bir gün axşama kimi davam edirdi. Şkaf hazır olanda isə seçdiyim ayrıca bir kitab yığını olardı və anam da hər dəfəsində “sən necə yığdın ki bu kitablar çöldə qaldı” - deyirdi. 4-cü sinifdə oxuyanda “Qızlar, sözüm sizədir” kitabını da ayırıb qırağa qoymuşdum və böyük bacım onu mənə böyüyəndə oxumağımı tövsiyə etdiyi və əlimdən aldığına görə onunla üç gün küsülü qaldım...

 

Mənim üçün kitab müqəddəs, ali bir məfhumdur. Kitaba məhəbbətim mənə anamdan və atamdan – ailəmdən keçib. Elə mənim sevgim də ana sevgisi qədər alidir kitaba qarşı. Kitab hədiyyə edən şəxs mənim üçün dünyanın ən böyük, ən müdrik, ən xeyirxah, ən doğma insanıdır. Anam qədər doğma... Və günlərin bir günündə bir zəng mənim kitab sevgimə daha bir çalar qatdı. Adi bir telefon zəngi məni göylərə uçurdu. Bu, müəllif idi, o öz kitabını mənə hədiyyə edəcəyini bildirdi. Həmin vaxt evdə deyildim. Utanmasaydım, elə küçədəcə qışqıracaqdım. Evə tez çatmaq üçün bilmədim uçum, yoxsa qaçım. Mən ona minnətdarlıq edərək sağollaşdım. Amma o bilmədi, bilmədi ki, mənə kitab deyil, xəzinə bağışladı, dünyanın ən böyük varidatını mənə göndərdi. Və bu xəzinənin adı “Dolu”dur...

Sevincim dolub daşırdı, hətta sevindiyimdən gözlərim də doldu, Amma gözlərimə yığılan dolu bu “Dolu”dan deyildi.

 

... Əlimdə tutduğum kitab deyil, bu, həm də tarixdir. Qarabağımızın tarixi, Dünyanın Ən Varlı Şəhərinin - Ağdamın tarixi və təəssüf ki, həm də işğal tarixi!

... Qara üzlü üstü qırmızı hərflərlə yazılmış kitabın cildi məndə bir vahimə oyadırdı. Kitabdan öncə filminə baxsam da, əsərin özündə, içərisində başqa nəsnələrdən də xəbərdar olmaq istəyimin içində bir də qəribə xof vardı. Ümumiyyətlə, müharibə, münaqişə zonalarında yaşayan, həyatının bu və ya hansısa bir dövrü, süsüsən uşaqlıq və yeniyetməlik dövtü müharibəyə düşən insanların psixikası belə şeylərdən uzaq olan insanlardan fərqli olur. Müharibə uşaqları hər şeyə başqa gözlə baxırlar. Bəzən hansısa qanlı hadisə heç təəccübləndirməz, bəzən də hansısa adi bir şey onlara dünyanın ədalətsizliyi kimi görünər. Bir də qara və qırmızıdan qorxarıq biz. Qaranı sevməz müharibə uşaqları... Qırmızı isə, qanı xatırladar..

 

Həmin gün kitabın “üzünü də açmadım”. Sanki ona yaxınlaşmağa cürətim çatdmırdı. Bir də beynimdə filmdən tanıdığım obrazlarla yenidən görüşmək, sanki ruhən təmasda olmaq istəyi vardı.

 

Səhər duran kimi ilk işim kitaba sarılmaq oldu. Saat 9.00-da tezdən əlimə aldığım kitabı saat 12-nin yarısı bitirdim. Yuxarıda qeyd etdiyim mütaliə aludəçiliyim məndə sürətli oxu vərdişi yaradıb. Lakin mən bu dəfəki sürətimə heç özüm də çata bilmirdim. Mən “Dolu”ya düşmüşdüm, yağan dolu güllələrin altında qalmışdım, hadisələrin gedişatında gah çaşıb qalır, gah itir, gah da tapılırdım, gah islanır, gah da quruyurdum... Dilim-ağzım kimi əllərim də quruyurdu, ayaqlarım üyüşürdü...

Vurğun Vurmuş Cavanlar mənə canlı gördüyüm vuruşan oğlanları xatırladırdı. Əsərin baş qəhrəman(lar)ını yenidən kəşf etdim. Komandiri də, Pələngi də, Drakonu da.

 

Anamın yurduna – Ağdama, Dünyanın Ən Varlı Şəhərinə getdim. Şəhərin təsviri mənə anamla olan söhbətlərimi xatırlatdı. Anamın babaları vaxtilə, inqilabdan çox qabaq Qarabağdan-Ağdamdan Qazağa köç ediblər. Dünyanın Ən Varlı Şəhərinin varlı-hallı sakini ulu babamla danışdım sanki, o torpağın, o yurdun şad-xürrəm vaxtlarından və sonrakı ağrı-acılarından söz açdı mənə bu kitab, doldum-boşaldım, dəfələrlə, günlərlə,  “Dolu” məni haralara aparmadı, ruhumu sanki qanadlandırıb özü ilə indi erməni tapdağında olan o Vətənə apardı. Dünyanın Ən Varlı Şəhərinin yerindəki Dünyanın Ən Böyük Xarabasına! 

 

“Dolu” roman deyil, əsər deyil, o söhbətdir, təmasdır, ruhdur, sanki bu ruhla danışırsan, söhbətləşirsən. Yazıçı sanki daxilindən gələn səslə nəql edir adama dünyanın ən varlı şəhərinin başının üstünü alıb qara buludların “Dolu” yağdırdığı bu məmləkətə.... Qədirin səsi ilə yuxuya gedən Tanrının başının dincəlməyə qarışdığı məmləkətə ...

...“Dolu”ya düşdüm, hara tərpənsəm də, üstümə yağırdı, başımdan dolu tökülürdü. Qəribədir, daha islanmırdım elə bil, iri damlaları üzərimdə düşdüyü hər bir əzamı qanadırdı sanki, incidirdi yeri... Qaysaq bağlamış Qarabağ yaramızın, Ağdam, Şuşa, Laçın dərdimizin, qan dolu Xocalı  yaramızın üstü qopmuşdu...

 

Mən “Dolu”ya düşdüm, bir neçə gün dolu yağdı başımdan... Təkrar-təkrar kitabı vərəqlədim, təkrar Dünyanın Ən Varlı Şəhərinin xarabalıqlarında özümüzün izlərini tapmaq istədim, orada - o şəhərdə hər şey bizimdir, vurub dağıtsalar da, söksələr də, uçursalar da, hamısı bizimdir, orda Azərbaycanın ruhu var çünki...

 

İndi mənim şəxsi kitabxanamın baş ucunda bir “Dolu” var. Dünyanın Ən Varlı Şəhərinin sakinindən - kitabın müəllifindən hədiyyə aldığım dünyanın Ən Qiymətli Kitabı.

 

Zeynab Kazımova, Fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi