Modern.az

“Turan” agentliyi ətrafında baş verənlər – Tanınmış jurnalistlərin fikirləri HAÇALANDI

“Turan” agentliyi ətrafında baş verənlər – Tanınmış jurnalistlərin fikirləri HAÇALANDI

18 Avqust 2017, 15:56

Xəbər verildiyi kimi Vergilər Nazirliyi “Turan” informasiya agentliyinin ofisində axtarışlara başlayıb.

Vergilər Nazirliyi “Turan” agentliyini vergidən yayınmaqda ittiham edir. Lakin “Turan” bu ittihamı qəbul etmir.

Bununla əlaqədar Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da münasibət bildirib.

 

Modern.az saytı baş verən olaylarla bağlı bir neçə mətbuat orqanları rəhbərlərinin də fikrini öyrənib.

 

Tanınmış jurnalist Elçin Şıxlı baş verənləri biabırçılıq adlandırıb:

 

““Turan” müstəqillik dövründə yaradılan, 27 yaşı olacaq agentlikdir. Onun yaradılmasında  Arif Əliyev, Mehman Əliyev kimi insanlar  zəhmət çəkib. Hazırda Mehman Əliyev bu işi davam etdirir. Dünyanın demək olar ki, bir çox yerlərində fəaliyyət göstərən beynəlxalq təşkilatlarda tanınan agentlikdir. Bu cür agentliyə belə  münasibət olmamalıdır.

“Turan”  15 gün ərzində bütün sənədlərin təhvil veriləcəyini bildirsə də, Vergilər  Nazirliyi onların ofisində axtarış aparır. Eyni  şey 4 il qabaq mənim də başıma gəlib. Bütün mühasibat sənədlərini, kompüterimi apardılar və indiyə kimi də qaytarmayıblar. Yəni heç nə dəyişməyib. İndi də “Turan” da belədir”.

 

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə axtarışların qanunvericilik çərçivəsində olduğunu  düşünür:

 

“Artıq Əflatun Amaşov da bu haqda fikirlərini bildirib. Düşünürəm ki, bu addımlar qanunvericilik çərçivəsində atılır. Təbii ki, aidiyyatı dövlət qurumu hər hansı addım atanda onların əlində əsas olur. Bununla bağlı obyektiv və ədalətli araşdırma olacağına şübhə yoxdur. Əgər agentliyin problemi yoxdursa, burada qeyri-adi heç nə ola bilməz.

İndiyə qədər  bir çox qeyri-hökümət təşkilatlarında və media qurumlarında bu cür araşdırmalar aparılıb. Hansısa qurumun vergidən yayınma halları olursa, belə araşdırmaların aparılması normaldır. Bundan şou düzəltmək və başqa məqsədlərə yönəltmək lazım deyil”.

 

"Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, məsələyə qərəzli  yanaşmaq lazım deyil:

 

“İstənilən hüquqi -demokratik ölkədə özəl  fəaliyyət subyektlərinin, eləcə də dövlət  orqanlarının  fəaliyyəti üzərində vergi nəzarəti qaydasında yoxlamaların aparılması  tamamilə normal mexanizmdir. Ona görə belə yoxlamalar ətrafında çox ajiotaj yaratmaq düzgün deyil. Hər halda müvafiq orqanların yoxlamaları haqqında rəsmi məlumatlar yayılana qədər  müəyyən şəxslərin çox hay-küy salması doğru deyil.

Azərbaycan mediası beynəlxalq arenada çox önəmli məsələ olduğu üçün ölkənin  adı ilə bağlı lazım olmayan söz-söhbətlər yarana bilər. Buna görə bütün əlaqəli şəxslərə tövsiyə edərdim ki, yoxlamaların nəticələri başa çatana qədər qərəzli subyektiv açıqlamalardan  yayınsınlar. Hər halda yoxlamaların nəticələrini gözləmək lazımdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...