Modern.az

Salyan gəncləri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi

Salyan gəncləri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi

18 Avqust 2017, 17:05

Salyan rayonunun bir qrup yeniyetmə və gənci ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

 

Səfər Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə köməkliyi ilə “Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş salyanlı gənclərin xatirəsinə həsr olunan tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.

 

Tədbirdə  şəhər 6 saylı və Aşağı Kürkənd kənd tam orta məktəblərinin şagirdləri, rayonun Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai Birliyi Salyan filialının, rayon Uşaq  Fondu qeyri-hökumət təşkilatlarının sədrləri, hərbi hazırlıq müəllimi, KİV təmsilçiləri  iştirak edib.

 

Şəhid Azər Əliyev adına Aşagı Kürkənd kənd tam orta məktəbinin həyətinə toplaşan səfər heyəti qarşısında çıxış edən “Ana Kür” ictimai birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov icra olunan layihənin mahiyyəti və səfərin proqramı barədə məlumat verib .

 

Salyanlı gənclər Bakı şəhərinə gələrək öncə Fəxri Xiyabanda  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib , xatirəsi qarşısında  baş əyərək önünə tər gül-çiçək dəstələri düzüblər.

 

Tədbir iştirakçısı, Aşağı Kürkənd kənd tam orta məktəbinin direktoru İlkin Kərimov bildirib ki, yay dövründə, məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsinin önəmli olduğu bir vaxtda  “Ana Kür” ictimai birliyi tərəfindən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə köməkliyi ilə “Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş salyanlı gənclərin xatirəsinə həsr olunan tədbirlərin təşkili” layihəsi  çərçivəsində Bakı şəhərinə edilən səfər, Ümummilli Liderin yad edilməsi, şəhidlərimizin bir daha xatırlanması  çox əhəmiyyətlidir. Kənd məktəbinin şagirdləri bu səfər zamanı öz dünyagörüşlərini daha da artıracaq və zəngin  təəssüratla qayıdacaqlar.

 Səfər heyəti Fəxri Xiyabana gəlib. Əllərində gül-çiçək dəstələri tutmuş məktəblilər öncə  20 Yanvar  şəhidi, həmyerliləri,  tələbə Elçin Beydulla oğlu İmanovun və digər şəhidlərin  məzarlarını ziyarət edib, önlərinə tər gül-çiçək dəstələri düzüblər. Tədbir iştirakçıları vurğulamışlar ki, səfər günlərində Elçin İmanovun 50 yaşı tamam olur və onun xatirəsi  Azərbaycanın müstəqilliyinin qorunması uğrunda  həlak olmuş gənclərdən biri kimi daim yaşayacaq.

 

Sonra  gənclər Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş əsgər və zabitlərin məzarlarını ziyarət ediblər. Milli Qəhrəman Təbriz Xəlilbəylinin məzarını ziyarət edərək önünə tər gül-çiçək dəstələri düzən gənclər həmyerlililərinin qəhrəmanlığını xatırlayıb, torpaqlarımızın müdafiəsi işində ondan nümunə götürdüklərini bildiriblər. Şəhər 6 saylı tam orta məktəbin hərbi hazırlıq müəllimi Murad Feyziyev bildirmişdir ki, o özü də gəncdir.

 

Birinci dəfədir ki, belə tədbirlərdə iştirak edir.  Səfər həm onun, həm də şagirdlər üçün çox böyük əhəmiyyət kəsb etmişdir. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai Birliyi Salyan filialının sədri Arif Əsgərov isə bildirib ki, bu gün torpaq altında yatan şəhidlərimizin çoxu mənim əsgər dostlarım və silahdaşlarım idi. Biz 2016-cı ilin aprel günlərində də şəhidlər vermişik.

 

“Onların xatirəsi heç vaxt unudulmayacaq. Biz təkcə layihələr çərçivəsində deyil, hər gün onları anırıq. Dövlətimizin şəhidlərə və şəhid ailələrinə, müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə isə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı