Modern.az

Hərbçi-idmançılarımız Dünya çempionatına yollanır

Hərbçi-idmançılarımız Dünya çempionatına yollanır

19 Avqust 2017, 10:55

MOİK-in idmançıları Litva Respublikasında idmanın güləş növü üzrə keçiriləcək hərbçilərin 32-ci Dünya çempionatında iştirak edəcək

 

Azərbaycan Ordusu sıralarında xidmət edən yüzlərlə idmançı hərbi xidməti ilə yanaşı idman fəaliyyətini də Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda yüksək səviyyədə davam etdirir, müxtəlif mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edirlər.  

 

Modern.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda (MOİK)  16 idman növü üzrə fəaliyyət göstərən bölmələrdə  bütün yaş qrupları üzrə məşqlər keçirilir.

 

Azərbaycan milli yığma komandasının əksər üzvləri Mərkəzi Ordu İdman Klubunun təmsilçiləridir. Olimpiya, Dünya, Avropa və başqa yarışlarda qazanılan medalların da bir hissəsi ordu idmançılarına məxsusdur.

 

Həmçinin, MOİK-nun yetirmələri "BAKI-2017" İslam Həmrəyliyi Oyunlarında 1-ci yeri tutan Azərbaycan yığmasının qələbəsində də pay sahib oldular.

Onlardan 2-si qızıl, 1-i gümüş və 1-i bürünc olmaqla komandamızın hesabına 4 medal qazandılar.

MOİK 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (SİZM) fəal üzvüdür. SİZM-ə üzv olduğu gündən bu günə kimi, MOİK-in yetirmələri 6 dəfə Ümumdünya Hərbi İdman Oyunlarında və hər il keçirilən idman növləri üzrə Dünya çempionatlarında uğurla çıxış edərək 33 qızıl, 42 gümüş və 58 bürünc medal qazanıb.

 

Həmçinin, 2015-ci ildə SİZM-in Koreya Respublikasında keçirdiyi 6-cı Ümumdünya Hərbi İdman Oyunlarında iştirak ediblər. 120 ölkədən 8100 nəfər idmançının iştırak etdiyi bu yarışlarda Azərbaycan Respulikasının Silahlı Qüvvələri 5 idman növü üzrə 30 idmançı ilə təmsil olunub.

 

Hərbçilərin cüdo üzrə dünya çempionatı Qafqazda birinci dəfə, Rusiya Federasiyasından sonra ilk dəfə Azərbaycan Respublikasında keçirilib. Bununla yanaşı, SİZM-in çərçivəsində hərbçilərin 2004-cü ildə cüdo üzrə 30-cu, 2006-cı ildə güləş üzrə 24-cü və 2008-ci ildə boks üzrə 52-ci dünya çempionatları keçirilib. MOİK-in ən böyük uğurlarından biri də 2013-cü ildə hərbçi idmançılar arasında ilk dəfə keçirilən futbol üzrə Dünya Kuboku yarışının Azərbaycanda keçirilməsi olub.

 

Beynəlxalq Hərbi İdman Şurasının keçirtdiyi yarışlarda dəfələrlə Azərbaycan Respublikasının Silahlı Qüvvələrini layiqincə təmsil edərək Vətənə çoxlu medallar gətirmiş Mərkəzi Ordu İdman Klubunun yetirmələri 18-25 sentybar 2017-ci il tarixində Litva Respublikasının Klaipeda şəhərində idmanın güləş növü üzrə keçiriləcək hərbçilərin 32-ci Dünya çempionatında güclərini sınayacaqlar.  Bu yarışda ölkəmizi 16 idmançı, 2 hakim və 2 məşqçi təmsil edəcək. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu