Modern.az

Cümhuriyyətə intellektuallıq gətirən ilk “avropalı” ziyalılarımız- “AXC-100”

Cümhuriyyətə intellektuallıq gətirən ilk “avropalı” ziyalılarımız- “AXC-100”

19 Avqust 2017, 16:39

 

Azərbaycan maarifçilik cərəyanı XIX əsrin sonları XX əsrin əvvəllərində özünün ən ilk çağlarını yaşadı. Təsadüfi deyil ki, 1875-ci il  “Əkinçi” qəzetinin çapı ilə start götürən Milli Azadlıq Hərəkatı 1918-ci ilin 28 mayında yəni, Xalq Cumhuriyyətinin elan olunduğu günə qədər davam etdi. Sonda da İstiqlal Bəyənnaməsi kimi şanlı bir tarixlə nəticələndi. Bu təbii ki, öz-özünə meydana gəlmədi. Məhəmməd Əmin Rəsulzadənin “Biz yoxdan bir bayraq var etdik” kəlamının altında o dövrün ziyalıları gizlənir. Hansı ki, onlar çox böyük çətinliklərə baxmayaraq xaricdə təhsil alıb və Avropanın demokratik, intellektual dəyərlərini Şərq ölkəsi olan Azərbaycana da gətiriblər. O səbəbdən də AXC qurulan kimi ilk proqramına 100 gəncin xaricdə təhsil alma məsələsini də daxil etdi. Həmin gənclər 1918-ci ildə Rusiya və Avropanın, eləcə də qardaş Türkiyənin bir çox şəhərlərinə göndərildi. Lakin çox qısa ömrü olan Demokratik hökumətin süqutundan sonra onların bəzilərinin taleləri qaranlıq qaldı.

Modern.az saytı Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı silsilə yazılarını davam etdirir. Bu dəfəki yazıda xarici ölkələrdə təhsil alan ilk Azərbaycan ziyalılarını təqdim edəcək. Çünki onların və onlar kimi xeyli ziyalımızın Avropada təhsil alması Azərbaycan Xalq Cümhuriyyətinin ideologiyasında dmeokratik meyillərini, intellektuallığı xeyli artırdı:

 

 

Məhəmməd ağa Şahtaxtinski – Maarifçi xadim avropada təhsil alan ilk həmyerlimizdir. Bu şəxs öz şah əsəri olan “Şərqi- rus” qəzetini XX əsrin əvvəllərində - 1903-cü ildə yaratsa da, XIX əsrdə də bir sıra maarifçi meyllərin əsasını qoydu. XX əsrin əvvəllərində yaranan və Azərbaycan xalqının intellektual səviyyəsinin inkişafında danılmaz rolu olan bir sıra mətbuat orqanları əslində “Şərqi- rus”un,  Şahtaxtinskinin çağırışı idi. O çağırışın müəllifi haqqında qısa da olsa məlumat verək. Öncə onu demək lazımdır ki, o, 1871-ci  ildə Almaniyanın Leyspiq Universitetinə daxil olmaqla Azərbaycanın Avropada təhsil alan ilk ziyalısı kimi tarixə düşdü. Amma onun adı ilə bağlı olan daha bir ilk var- belə ki, Bakı Dövlət Universiteti yeni yaranan vaxt əsasən əcnəbilərdən ibarət olan elmi şura şərqşünas olan Məhəmməd ağaya professor elmi adını verir. Beləcə o, BDU-nun ilk azərbaycanlı professoru kimi tarixə düşür.

1879-cu ildə “Təkmilləşdirilmiş müsəlman əlifbası” layihəsini hazırlayıb nəşr etdirən maarifçi sonradan aydınlaşma prosesinin əsas tribunası kimi mətbuatı görür. Bu məqsədlə  M.Şahtaxtinski
1894-cü ildə Azərbaycan dilində nəşr etmək istədiyi qəzet və yaratmaq istədiyi mətbəənin avadanlıqlarını almaq üçün Naxçıvana gəlir və ata mülkünün bir hissəsini 18 min manata satır. Lakin bu proses rejimin sərt rəftarı və müsəlmanlara bəslədiyi laqeyd münasibəti səbəbindən çox  ləngiyir. Şahtaxtinski bundan sonra ruhdan düşmür və yenidən Avropaya qayıdır. 1899-1902-ci illərdə Fransanın Sorbonna Universitetində Ali Təcrübi Təhsil məktəbində təhsil alır. Bu dövrdə Tiflisə qayıdan görkəmli ictimai-siyasi xadim, publisist şəxsi mətbəəsini qurur, “Şərqi-rus” qəzetini nəşr etdirir. 1906-cı ildə isə həmin mətbəəni Cəlil Məmmədquluzadəyə bağışlayır. Təkcə, bu fakt kifayətdir ki, M. Şahtaxtinskinin Azərbaycan mətbuat tarixində nə dərəcədə vacib bir şəxsiyyət olduğu  isbatlansın!

Əslində o, əvvəlcə mətbuata öz elmi fəaliyyətinin təbliğatçısı kimi baxırdı. Belə ki, tarix, fəlsəfə bölümünü bitirən Şahtaxtinski sonradan şərqşünas kimi yüksək elmi nailiyyətlər qazandı. Mətbuatdakı ilk məqalələri də məhz bu istiqamətdə idi. Qeyd edək ki, həmin məqalələr “Ziya”, “Kaspi” qəzetlərində və “Kəşkül” dərgisində işıq üzü görüb. Amma ana dilindən başqa 7 dildə sərbəst danışmağı bacaran M.Şahtaxtinski mətbuatın daha bir özəlliyini –ictimai proseslərə təsir gücünü anladıqdan sonra bu işə əsas fəaliyyət sahəsi kimi yanaşdı. 
Onun şah əsəri olan “Şərqi- rus” qəzeti haqqında bu silsilənin sonrakı yazılarında  söhbət açılacaq. Amma təkcə bunu demək kifayətdir ki, “Şərqi-rus” bir çoxları kimi, iki böyük şəxsin də ilk mətbu tribunası olub. Hansı ki, Azərbaycanın XX əsrdəki bütün maairfçilik və dövlətçilik meylləri onların çiyinlərində pərvəriş tapdı. Bu şəxslər Məhəmməd Əmin Rəsulzadə və Cəlil Məmmədquluzadə idi.

 

Yusif Talıbzadə - Yusif Ziya Talıbzadə kimi də tanınan maarifçi general düz üç xarici şəhərdə təhsil alıb. Xorasan və Bağdad şəhərlərində  dini təhsil alsa da 1911-ci ildə Müsavat partiyası onu İstanbula hərbi məktəbdə oxumaq üçün göndərir. Onun taleyi acınacaqlı olub. Cəmi 46 il ömür yaşayan Talıbzadə həm din, həm maarif, həm siyasi, həm mətbuat, həm də hərbi xadim kimi özünü yüksək səviyyədə göstərib. Hacı Zeynalabdin Tağıyevin ən çox etibar etdiyi şəxslərdən birincisi olub. Yusif Ziya və onun acı, eləcə də şərəfli taleyi ilə bağlı yazdıqca bitməz. Bir müddət həbs olunsa da, Nərimanov özü ona zəmin durur və həbsdən xilas etdirib. 


1922-ci ilin axırlarında Bakıya qayıdıb, Nəriman Nərimanovla görüşür, sovetlərə qulluq etmək istəmədiyini, bu quruluşla uyğunlaşa bilmədiyini söyləyib. N.Nərimanov Sovet İttifaqı sərhədlərini tərk etmək üçün ona rəsmi sənəd verir. Elə bu vaxtlarda biz Yusif Ziyanın Türkmənistanda, Orta Asiyada və s. yerlərdə basmaçılara qoşularaq Qızıl ordu ilə vuruşlarda iştirak etdiyini görürük. Basmaçılarla bir sırada Yusif Ziya ilə bərabər, istilaçı rus ordusuna qarşı döyüşən və sonralar görkəmli alim kimi məşhurlaşan professor Zəki Vəlidi Toğan tərəfindən yazılmış xatirə bu baxımdan çox əhəmiyyətlidir. Xatirələr Orta Asiya türklərinin azadlıq mübarizəsinin tarixi faktlara əsaslanan geniş mənzərəsini yaradır. Yusif Talıbzadə 1923-cü ildə vəfat edib. Onsuz da məşəqqətli ömür sürən Yusif Ziyanın ölümü də faciəvi olur. O, 1923-cü ildə Qırmızı Ordu ilə döyüşlərin birində ağır yaralanır. General-mayor yaralı halda Amu-Dərya çayını keçərkən boğulub ölür.

 

Ceyhun Hacıbəyli – Nakam bir tale yaşayan və ömrünün çox hissəsini qürbətdə keçirən Ceyhun Hacıbəyli də xaricdə təhsil almış ilk qaranquşlardandır. Fransanın nüfuzlu Sarbonna universitetində təhsil alan Ceyhun bəy  əsasən ictimai-siyasi xadim kimi tanınsa da, mətbu fəaliyyəti də olub. AXC-in rəsmi orqanı olan “Azərbaycan” qəzetinin əsas yazarlarından olan Ceyhun bəy cəmi 29 yaşı olanda dövlət xətti ilə Parisə gedib. Lakin vəziyyət tamamilə dəyişdiyindən o, geri dönə bilməyib. Min bir zülümlə gənc xanımını və kiçik yaşlı oğlunu Parisə apartdıra bilib. Oradakı həyatı isə daha faciəli olub. Həm qürbətin mənəvi sıxıntısı, həm də maddi problemlər onun həyatında dərin izlər qoyub. Buradakı ailəsi sonadək onun nə vaxtsa qayıdacağına inanırdı. Üzeyir Hacıbəyli öz qəbrinin yanında onun da qəbrinin qazılmasını vəsiyyət etmişdi ki, əgər nə zamansa Bakıya gəlib burada vəfat etsə, Ceyhun bəyi onun yanında dəfn etsinlər.

 

Əlimərdan bəy Topçubaşov: Peterburq Universitetinin hüquq fakültəni bitirənbu şəxsin maarifçi və ictimai xadim kimi fəaliyyətindən danışdıqca bitməz. Yuxarıda da bir neçə cümlə səslənsə  də, burada onun sırf “Kaspi”dəki fəaliyyətinə toxunulacaq. Əsas məsələ onda idi ki, Topçubaşov qəzetdə yeni bir mərhələnin əsasını qoymalı, onun ideoloji xəttini dəyişdirməli idi. Çox böyük çətinliklərə rəğmən o, bunu bacardı.  O, 1897-ci ildən 1917-ci ilin axırlarına kimi qəzetin  yaradıcılarından və redaktorlarından biri oldu. Bu illərdə onun yüzlərlə məqalələri dərc edildi. Həmin məqalələrdə Ə.Topçubaşov Azərbaycanın bir neçə şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, nəzəri, Rusiyada  yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrı-seçkilik siyasətini pisləyən publisistik məqalələrlə çıxış etdi. Bu çıxışlar əslində yeni deyildi. O, çar Dumasında müsəlmanları təmsil edən tək-tük deputatlardan biri olanda da bu cür çıxışlarla yadda qalırdı. Əlimərdan bəy ömrünü mühacirətdə sona çatdıran, Azərbaycan ictimai-siyasi fikir tarixində bənzərsiz xidmətləri olan və buna görə də həmişə məşəqqətlərlə üzləşən bir şəxs olub. O, AXC-nin parlament sədri olanda belə, maddi sıxıntıdan əziyyət çəkib.

Amma dövrün bütün ziyalıları məhz onu özlərinin ağsaqqalları bilir, ondan kömək umurdular.

Cümhuriyyətin süqutundan sonra da mühacir hökumət nümayəndələri və Avropaya göndərilən tələbələr gözünü ona dikmişdi: hamı – dünya dövlətlərinin siyasi və hərbi dəstəyini məhz Topçubaşovun qazanacağına ümid еdirdi. Hamı – ondan pul gözləyirdi, hamı təhsilini, siyasi fəaliyyətini, görüşlərini, səfərlərini Topçubaşovun maliyələşdirməsini istəyirdi.

Topçubaşov еtiraz еtmirdi, onların hamısını başa düşürdü. Ancaq kimsə AХC parlamеntinin ilk sədri olan Əlimərdan bəy Topçubaşovu anlamaq istəmirdi, kimsə onun maddi vəziyyətinin ağır olduğunu qəbul еtmirdi, bəlkə də edə bilmirdi…

Aşağıda göstərəcəyimiz bir nümunə Əlimərdan bəyin nə dərəcədə çətin bir mübarizə şəraitində çarpışdığına əyani sübutdur:

Əlimərdan bəyin imtina məktubları nadir hallarda yazılırdı: “Sizin maddi yardım barədə məktubunuzu aldım. Nə şəхsən məndə, nə də nümayəndəliyin хəzinəsində pul var” (Cеyhun Hacıbəyliyə məktubu. 30 iyul 1928).

 

Sultan Məcid Qənizadə:  XIX əsrdə Azərbaycan maarifçilik cərəyanını inkişaf etdirən şəxslərdən biri də Sultan Məcid əfəndi olub. Sultan Məcid əfəndi XIX əsrin sonu-XX əsrin əvvəllərindəki ziyalıların bəzilərindən  fərqli olaraq çoxşaxəli fəaliyyəti ilə seçilib. Bu sahələr arasında –yazıçı, pedaqoq,  ədəbi tənqidçi, maarif xadimi, tərcüməçi, lüğət və ensiklopediya mütəxəssisi kimi intellektual sahələr mövcuddur.  Sultan Məcidi çəkinmədən Azərbaycanın ilk təhsil mütəxəssisi saymaq olar.  

Sultan Məcidin atası tacir idi. Şamaxının sayılıb-seçilən ziyalılarından olub.  Elmə, maarifə böyük marağı olduğundan oğluna da ilk müəllimiyi  özü edib. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxutdurub, bir neçə dilin öyrədilməsinə nail olub. Rus dilini mükəmməl bildiyindən Sultan Məcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olub. O vaxt müsəlmanların şəhər məktəblərində müəllim işləməsi çar hökuməti tərəfindən qadağan edildiyindən Sultan Məcid Qənizadə tələbə dostu və gələcəkdə yaxın silahdaşı olacaq Həbib bəy Mahmudbəyovla birlikdə kənd məktəblərinə təyin edilib. Bu haqsızlıqla razılaşmayan hər iki dost Bakıya gələrək 1887-ci ildə “Rus-Azərbaycan məktəbi” adlı ibtidai təhsil ocağının yaradılmasına nail olublar.

Onun hazırladığı bir sıra lüğətlər bu sahədə ilkin addımlardan sayıla bilər. “Lüğəti-rusi və türki”, “Samouçitel tatarskoqo yazıka” və başqa kitabları buna missal göstərmək olar.

Sultan Məcid Qənizadə bir müddət Qori Müəllimlər Seminariyasında, sovet hakimiyyəti illərində isə respublikanın Xalq Maarif Komissarlığında çalışıb, müxtəlif elmi cəmiyyətlərin, komissiyaların üzvü olur. Azərbaycan müəllimləri arasında böyük hörmətə və nüfuza malik olan bu qocaman maarif xadiminə hamı ehtiramla "Mirzə Məcid" deyə müraciət edirmiş.

Ədəbiyyatşünas alim Abbas Zamanov yazırdı: "Rus dramaturgiyasını ilk dəfə səhnəmizə gətirmək şərəfi də Sultan Məcid Qənizadəyə müyəssər olur. 1894-cü ildə o, Lev Tolstoyun  "Əvvəlinci şərabçı" pyesini tərcümə edib, həmin ilin may ayında Bakıda tamaşaya qoyur ki, bu da Azərbaycan səhnəsi tarixinə rus dramaturgiyasının ilk tamaşası kimi daxil olur". O da məlumdur ki, Sultan Məcidlə Lev Tolstoy məktublaşırmışlar.

Sultan Məcid Qənizadənin XIX əsrin sonu və XX əsrin əvvəllərində qaldırdığı problemlər sonradan klassik jurnalistlərimizin əsas mövzu bazası oldu. Mirzə Məcid milli birlik, mənəvi dirilik, maarif, insan, qadın hüquqları kimi prioritet məsələləri yorulmadan işıqlandıran şəxslərdən olub. 3 əsrin qəzeti sayılan “Kaspi”də onun bu problemlərdən bəhs edən rusca məqalələri çıxıb. Lakin bir məsələ öz qüvvəsində qalır: Sultan Məcid üçün mətbuat hər zaman ikinci planda qaldı. Belə ki, onun bütün ruhu, qanı maarif idi. Bütün həyatını ancaq buna həsr etsə də, mətbuatı maarifin təbliğat bürosu kimi görsə də, Sultan Məcid Qənizadənin adı Azərbaycan mətbuat tarixinə düşdü. Çünki o, dövrün demək olar ki, bütün mətbu orqanlarında - “Ziya”, “Kaspi”, “Dəbistan”, “Molla Nəsrəddin” həmçinin Cumhuriyyət dövrünün əsas qəzetlərində çıxış etdi.

 

Əli bəy Hüseynzadə - XX əsrin ən böyük zəka sahiblərindən olan Əli bəy Hüseynzadə həm Rusiya, həm Türkiyə, həm də Fransada təhsil alıb.

 

Əli bəy Hüseynzadə, babası Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadənin və Mirzə Fətəli Axundzadənin tərbiyəsi, onların söhbətlərinin təsiri altında böyümüşdü. Şübhəsiz ki, onda artıq millət sevgisi uşaqlıqdan formalaşmışdı. Digər tərəfdən, Hilmi Ziya Ülkənin qeyd etdiyi kimi, Türkçülüklə bağlı fikirlərin formalaşmasında Əli bəy Hüseynzadəyə bu iki şəxsiyyətin böyük təsiri olmuşdu. Mirzə Fətəli Axundzadə Ziya Gökalp tərəfindən də böyük Türkçü kimi qəbul edilmişdir. Bu faktlar Ziya Gökalpın Əli bəy Hüseynzadə haqqında yazdıqlarını təkzib edir.

 

Ziya Gökalp Rusiyadan İstanbula gələn Əli bəy Hüseynzadənin Tibbiyyədə Türkçülüyün əsaslarını izah etdiyini, “Turan” adlı şeirinin Turançılıq (Pan–Turanizm) ideologiyasının ilk görünümü kimi dəyərləndirmişdir.

1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləmişdi. Burada dövrün məşhur elm xadimləri – Dmitri Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbət bəsləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır.

 

Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur.

Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib

 

Əhməd bəy Ağaoğlu – Dövrünün böyük maarifçilərindən olan, böyük şərqşünas Əli bəy Hüseynzadənin əqidə yoldaşı olan, Əhməd bəy Ağaoğlunun da təhsil həyatı Türkiyə , rusiya və Avropadan keçib.

1904-cü ildə "Bir xanım" imzası ilə "Şərqi-Rus”a göndərilən məktubda müəllif Qurandakı "ən-Nisa" surəsinin 31-ci ayəsinin məzmununu "nəfsi haramdan pak saxlayıb pis niyyətlərdən və murdar fikirlərdən uzaq və təmiz olmaq" kimi mülahizə edib, yazırdı: "Zahiri baxmaq, ya baxmamaq şərt deyil. Şərt batili təmiz saxlamaqdır… Allah taala dünyanı yaradıb, onu özünün gözəl və xoş məxluqatilə bəzəyib və zinətləndiribdir. Gözəl səhralar və çəmənlər, könül xoşlandıran güllər və çiçəklər, qəlbi şad edən mənzərələr, böyük meşələr, uca dağlar, əqli heyran edən dənizlər və sular, qisim-qisim heyvanlar və quşlar, göyün üzündə həddən ziyadə yıldızlar yaradıb. Heç bir məxluqatın üzərinə pərdə çəkməyibdir… həmçinin Adəm övladına Allah taala əmr etməyibdir ki, onun gözəl məxluquna baxmaqdan gözlərini yumsunlar..."

Müəllif, "Məsəla, yaxşı meyvə ağacı ola. Hər kəs onu görsə bitəbii mail olar. O meyvəyə tamaşa etməyə mümkün qədər səy edər. Əgər o bağın möhkəm hasarı olsa, heç kəs o meyvəni görməz, onu ələ keçirmək fikrində olmaz" – deyə hicabla bağlı belə bir müqayisə aparan Tiflisin şiəməzhəb qazısı Mövlazadə Məhəmmədhəsəni tənqid edərək, soruşurdu: "Bizim hasar və divar içində qalıb çürüməyimizdən kimə nə fayda ola bilər? Gözəl meyvə ağacını hasarda saxlamaq lazımdır, yoxsa vətən övladına tərbiyə verib halal ilə haramın fərqini bildirməkmi lazımdır?" Osmanlı imperiyasında geniş vüs`ət almiş "Gənc Türk" inqilabi hərəkatından təşvişə düşmüş çar qüvvələri Ağaoğlunu təqib etməyə başlayırlar. Təqib və mümkün həbslər səbəbindən 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Qardaş Türkiyədə gedən sosial-ictimai proseslərə biganə qalmayan Əhməd bəy tezliklə bu proseslərə aktiv şəkildə qatılır. Türk Ocağı türk milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın keçirilmiş kongresinə prezident seçilir.

1909 cu ilin Oktyabrında Istanbul Darülfünununda müəllimliyə başlayır. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir.

 

Üzeyir Hacıbəyli -  Dövrünün tanınmış maarifçi xadimi, publisisti, bəstəkar və musiqişnası olan Üzeyir Hacıbəyli xaricdə musiqi təhsili alan ilk azərbaycanlıdı. O, Rusiyaya musiqi konservatoriyasına gedəndə Azərbaycanda həm bəstəkar, həm də maarifçi xadim kimi kifayət qədər tanınırdı. Lakin peşəkar musiqi təhsilindən dı vaz keçmədi. Bütün çətinliklərə rəğmən orada oxudu. Bacanağı, sənət və əqidə yoldaşı onun təhsili üçün çox çalışdı. Bəzəm Üzeyir bəyə pul laızm olanda özü başqasından borc alır, amma onun üçün pulu vaxtında çatdırırdı. Həyat yoldaşı Məleykə Terequlova da o təhsil alan zaman onunla br qarnı qc, bir qarnı tox orada yaşayır, lakin onu tək buraxmır.

 

Yusif  Vəzir Çəmənzəminli – Azərbaycanın XX əsr ədəbiyyatının ən böyük nümayəndələrindən olan yazıçı ömrünün sərt sürprizləri səbəbindən bir neçə yerdə oxumaq imkanını əldən qaçırır. Lakin Yusif Vəzir özünü sonradan toparlaya bilri və Daşkənddə ondan sonra isə Kiyevdə hüquq təhsili alır. Onun kimi kadrlar yeni qurulan gənc AXR dövlətinə çox lazım idi. Odur ki, universiteti yeni qurtaran kimi Yusif Vəziri həm Ukrayna, həm də Rusiyada səfiri təyin edirlər.

 

N.Nihad

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir