Modern.az

Yanğının acı və xoş xatirəsi...

Yanğının acı və xoş xatirəsi...

20 Avqust 2017, 10:28

Hafiz Təmirov, polis mayoru

 

İki ilin söhbətidir...

 

Dekabrın 30-u saat 20 radələrində cib telefonuma  gələn zəngə astaca “alo” demək istəyirdim ki, xəttin o başından qardaşımın: “Həyət yanır, tez gəl” qışqırtısı sanki məni yuxudan oyatdı. Tez bir taksiyə oturub evə tələsdim. Həyətimizin yaxınlığında yanğınsöndürən maşınları görəndə bir anlıq damarımda qanım dondu, sanki ayaqlarım yerə “mıxlandı.” Birtəhər özümdə güc tapıb həyətə girdim. Demək olar ki, hamı evini tərk etmişdi. Yanğın ikinci mərtəbədəki evdə baş vermişdi. Evin əvvəlki sahibinin səhlənkarlığı və yeni sahibinin biganəliyi ucbatından yeni il ərəfəsində belə bir hadisənin yaşanması hamıdan çox bizim əsəblərimizi tarıma çəkmişdi. Çətinliklə, min bir əziyyətlə təmir etdiyimiz ev suyun içində idi.

 

Yanğınsöndürənlərin ilkin rəyi belə oldu ki, hadisə qısaqapanmadan baş  verib. Həm də yanan evdə elektrik işinin düzgün görülməməsi, işıq kabellərinin həddindən artıq köhnə olması sonda məlum hadisə ilə nəticələnib.

 

Həyətimizin sakinlərinin üzündə bircə dənə də olsun sevinc işartısı, yeni ili qarşılamaq həvəsi qalmamışdı. Hamı fikirli, qəmgin görünsə də tək bir şeyə şükr edirdilər ki, yanğın gecə saatlarında baş verməyib. Yoxsa nə həyətdən, nə sakinlərdən əsər-əlamət qalmayacaqdı. Bir əsrdən çox yaşı olan və az qala daşına kimi çürüyən evlərin bir göz qırpımında od tutub alışması üçün cəmi beş-on dəqiqə kifayət edərdi.

 

Ən çox uşaqlar qorxmuşdu. Bəlkə də onlar qorxunu bu cür təsəvvür etmirdilər. Böyüklərin yanğın zamanı özlərini “uşaq kimi aparması” onların  stressini birə-beş artırmışdı. Ancaq o vurhavurda diqqətimi bir şey çəkdi. Oğlum Ziyadxan əlində oyuncaq yanğınsöndürən maşını pəncərənin önündə durub yanğını söndürməyə çalışan yanğınsöndürənlərə elə həvəslə baxırdı ki, elə bil maraqlı bir film izləyirdi.

 

“Buna nə olub, nə yaxşı belə maraqla yanğınsöndürənlərə baxır”,- deyəndə anamın kədər çökmüş gözlərinə ani bir gülüş qondu.

 

Artıq yanğın söndürülmüşdü. Yanan evin sahibləri də gəlmişdilər. Bir sözlə, hamıya olan-olmuşdu. Bizimlə birlikdə 2-3 evə işıq verilmədi. “Azərişıq”ın əməkdaşları dedilər ki, əgər evlərə enerji versək, Allah uzaq eləsin, yenidən yanğın və ya bədbəxt hadisə baş verə bilər.

Həmin gün  qonşuların, qohumların evində gecələməli olduq. Oğlum Ziyadxanın maraq dolu baxışları isə gözlərimin önundən getmirdi.

 

Səhəri gün anamdan Ziyadxanın yanğınsöndürənlərə qorxmadan, həvəslə baxmağının səbəbini soruşanda, o, yenə gülümsədi və dedi:

 

“Ay bala, doğurdan da xeyirlə-şər qardaşdı və heç kim heç nədən sığortalanmayıb. Mən özüm dünən o hadisə baş verəndə çox qorxdum. Ən çox da uşaqlara görə. Çünki Turan, Selcan, Hüseyn və Dəniz həyətin ortasında qalıb çığrışırdılar. Onda gördük ki, Ziyadxan oyuncaq yanğınsöndürən maşınını götürüb uşaqların yanına gəldi və ucadan qışqırdı: “Yesss, yanğın, heyyyy... Sözün düzü, özümüz də məəttəl qaldıq.  Dedik yəqin qorxusundan karıxıb belə eləyir. Ziyadxan dayanmaq bilmirdi. Turanı qucaqlayıb: “Qaqaş, qorxma, indi “itfayeci Sem” gəlib bizi xilas edəcək və yanğını söndürəcək. Yanğınsöndürənlər gələndə isə onu onların yanından güclə ayırdıq.

 

Gülməkdən özümü saxlaya bilmədim. Çünki “itfayeci” (yanğınsöndürən) Semi mən də yaxşı tanıyırdım. O, uşaqların ən çox sevdiyi cizgi filminin qəhrəmanıdır. Onun yanğın, fövqəladə hallar və digər hadisələr zamanı insanların köməyinə tələsməsi, hətta ağacın başında köməksiz vəziyyətdə qalan pişik balasını xilas etməsi balalarımızın yaddaşına yazılıb.

 

Bəli, təbii fəlakətlər və digər hadisələr zamanı insan olaraq necə davranmağımızı, hansı addımlar atacağımızı bilməyimiz vacibdir və bütün bunları uşaqlarımıza öyrətməyimiz ondan da vacibdir.

Yeri gəlmişkən, unutmamalıyıq ki, uşaqların yaddaşında, yaxşı da, pis də, qorxu da, sevinc də, kədər də ömürlük özünə yer eləyir. Gəlin elə edək ki, uşaqlarımızın yaddaşında hər zaman sevinclə xatırlaya biləcəkləri xoş xatirələr, anlar olsun.

 

Və nə qədər kədərli olsaq da gülümsəməyi bacarmalıyıq...

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir