Modern.az

Cocuq Mərcanlıda tikinti işlərinin yeni mərhələsi - FOTOLAR

Cocuq Mərcanlıda tikinti işlərinin yeni mərhələsi - FOTOLAR

21 Avqust 2017, 10:00

Azərbatcan Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli sərəncamına əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi uğurla davam etdirilir.

 

Komitədən Modern.az-a verilən məlumata görə, inşaat işlərinə 30-a yaxın texnika, 350-dən çox işçi cəlb edilib. Bu mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılır. 17 hektar ərazidə inşa ediləcək evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı olacaq. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılacaq. Qəsəbədə 1,75 hektarda yaşıllıq salınacaq, həmçinin yollar, səkilər və arxlar çəkiləcək.Yaşayış qəsəbəsi elektrik enerjisi, su və qazla tam təchiz ediləcək. Hazırda qəsəbədə 25 evin dam örtüyü vurulmuş, digər evlər və ictimai binaların isə hörgü işləri başa çatmışdır. Aparılan tikinti işlərinin 1 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

 

Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlər köçürüləcək. Bu gün bütün ölkə ictimaiyyəti, qaçqın və məcburi köçkün soydaşlarımız hesab edirlər ki, möhtərəm Prezidentimiz tərəfindən atılan bu qətiyyətli addımlar növbəti uğurlarımızın, doğma ellərə “Böyük Qayıdış”ın başlanğıcıdır.

 

Qeyd edək ki, qaçqın və məcburi köçkünlər üçün ümumilikdə indiyədək 3,2 milyon kvadrat metr yaşayış sahəsi olan 96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınmışdır. Görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi