Modern.az

1993-cü ilin 21 avqustunda FÜZULİ: “32 tankdan 26-sı işləmədi” - Keçmiş tabor komandiri DANIŞIR

1993-cü ilin 21 avqustunda FÜZULİ: “32 tankdan 26-sı işləmədi” - Keçmiş tabor komandiri DANIŞIR

Qarabağ

21 Avqust 2017, 17:12

Bir neçə gündən sonra  Füzulinin  Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 24-cü ili tamam olacaq. Belə ki, rayon 1993-cü ilin 23 avqustunda işğal olunub.

 

Ərazi 1386 kv.km olan Fizulidə 78 kənd, 1 qəsəbə var. İşğaldan əvvəl rayonda 86 ümumtəhsil və 2 texniki-peşə məktəbi, 65 uşaq bağçası, 90 kitabxana, 79 klub, 1 tarix-diyarşünaslıq muzeyi, 9 musiqi məktəbi, 7 xəstəxana, 16 həkim məntəqəsi, 9 feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi. Füzuli rayonu 1650-dən çox şəhid verib.

 

1994-cü ilin yanvarında həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində rayonun 78 yaşayış məntəqəsindən 22-si düşməndən azad edilib və hazırda Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Fizulinin azad olunmuş ərazilərində məcburi köçkünlər üçün xeyli yeni qəsəbə salınıb. İşğaldan azad edilmiş 30 min kv.km ərazidə hazırda 50 mindən çox sakin yaşayır. Rayonun Horadiz qəsəbəsinə isə şəhər statusu verilib və hazırda orada geniş miqyaslı bərpa işləri aparılır.

 

Füzuli rayonu ərazisində onlarla tarixi və dini abidələr yerləşir ki onların da çoxunun ermənilər tərəfindən dağıdılmasına dair faktlar var. Belə abidələrdən ən məşhuru  Azıx mağarasıdır.

 

Modern.az saytı  “1993-cü ilin o günü” layihəsini davam etdirir. Müsahibimiz o zaman Füzulidə  xüsusi təyinatlı taborun komandiri olmuş Tariyel Qəhrəmanovdur. O, 1993-cü ilin 21 avqustunu ürək ağrısı ilə xatırlayır...

 

 

“Hər kəs öz torpağını müdafiə etmək istəyirdi”

 

“Avqust ayında Füzulidə ümumi vəziyyət hökm sürürdü. O dövrdə insanların fikri torpaqları müdafiə etmək idi. Bir döyüşçü kimi heç vaxt ağlıma da gəlməyib ki, nə vaxtsa Füzuli işğal oluna bilər. O dövrün insanları çox vətənpərvər idi. Hər kəs könüllü olaraq öz torpağını müdafiə etmək istəyirdi. Ordunun olub-olmamasından asılı olmayaraq insanlar torpaqları müdafiə etməyi düşünürdü. İnsanların əksəriyyəti 1988-ci ildən döyüşə-döyüşə gəlib çıxmışdı”

 

 “86 km ərazini saxlamağa gücümüz yox idi”

 

Keçmiş döyüşçü deyir ki, əslində, Füzulinin işğal olunmasının qarşısını almaq olardı.

 

“1992-ci ilin aprel ayında Füzuliyə 702 nömrəli hərbi hissə gəldi. Amma Ermənistanla Füzulinin arasında 86 km məsafə vardı. Həmin qüvvə ilə 86 km ərazini saxlamaq mümkün deyildi. Eyni zamanda silah təchizatı yox idi. Bir neçə dəfə Vahid Əhmədov(indiki deputat) icra hakimiyyəti ilə Füzuliyə gəlmişdi. Hardasa avqustun 20-i olardı. Söhbət Füzulinin işğalının qarşısını almaqdan gedəndə o zamankı briqada komandirimiz Piriyev dilləndi. Dedi ki, bu qüvvə ilə 86 km ərazini saxlaya bilmərəm. Bir neçə batalyon olsa da, amma hamısı yarımçıq idi. Silah təchizatı da yox idi. O zaman mən də  çıxış etmək üçün əlimi qaldırdım və dedim ki, Füzuli işğal olunmayıb. Ona görə də dövlət silahla yaxşı təchiz olunmuş 2 batalyon göndərsin. Biri Füzuliyə daxil olan yolun sağını, digəri də solunu müdafiə etsin. O zaman Füzuli işğal olunmayacaq. Təbii ki, dediklərimə heç reaksiya da verən olmadı. 2 gündən sonra Füzuli işğal olundu”.

 

 O zamankı idarəçilik sistemi - Əlikram Hümbətov, Rəhim Qazıyev....

 

Tariyel Qəhrəmanov deyir ki, torpaqlar işğal olunanda, o zamankı rəhbərlər hakimiyyət davası edirdi.

 

“Baxın, görün, Əlikram Hümbətov kim idi? Heç bir hərbi savadı olmayan, özünü öz aləmində rəhbər elan etmiş şəxs idi. Sürücüdən nə hərbçi ola bilərdi ki! Ümumiyyətlə, torpaqların işğal olunmasının əsas səbəbkarı o dövrün  hakimiyyətdə olan uğursuz  simaları idi. Düzdür, rəhmətlik Elçibəy insan kimi əvəzolunmaz birisi idi. Hətta. siyasətçi kimi də pis deyildi. Amma o dövrün idarəçiliyini bacara bilən şəxs ola bilməzdi. Təəssüf ki, prezident olduğu dövrdə ətrafına uğursuz insanları topladı. Məsələn, Fəhmin Hacıyevi gətirib daxili qoşunların komandanı qoydu.  Fizika müəllimi Rəhim Qazıyevi gətirib müdafiə naziri təyin etdi. Bu eksperiment xalqımız üçün çox pis nəticələndi. Rəhim Qazıyevin təkidi ilə iyunun 28-də Füzulidə ilk hücum əməliyyatı keçirilib. Guya istiqlaliyyətimizin bir aylığıdır. Elçibəyə töhfə etməliyik. Həmin gün hərbçilərimizi məcbur etdi ki, Füzuliyə hücum edib bir neçə kəndi işğaldan azad etsinlər. 32 tank toplaya bilmişdilər. O zaman tankı Tramvay Parkının müdiri Baba Nəzərli qəbul etmişdi. Silah sursata o baxırdı. Tramvay Parkının müdirinin qəbul etdiyi tank nə olmalı idi ki?! Demək olar ki, 32 tankdan 26-sı işləmədi. Heç bir işə yaramadı. Ona görə də Füzuli xalqının gözü qorxdu. O səbəbdən ki, 32 tankla ermənidən bir kəndimizi ala bilmədiksə, təəssüf!”

 

 “2 günə Füzulinin bir neçə kəndini işğaldan azad etdik”

 

Müsahibimiz indi də o zamankı hadisələr yadına düşəndə “kaş Heydər Əliyev bir az da tez hakimiyyətə gələydi” deyir.

 

“O hakimiyyətə gələndən sonra ordunu nizama salmağa başladı. Əslində, Füzulinin işğalı 1993-ci ilin aprelində başlayıb. Rayonun Qəcər kəndi işğal olunub. May ayına qədər gedən döyüşlərdə çox böyük itkilər verdik. Amma o torpaqları qoruyub saxladıq. Bizdə döyüşlər dövlət səviyyəsində getməyib. Dövlət səviyyəsində hakimiyyət davası gedirdi. Nə qorunub saxlanıbsa, sadə insanların hesabına baş verib.

 

Heydər Əliyev hakimiyyətə gələnə qədər hakimiyyət davası gedib. Bu gün də şükür edirik ki, o torpaqlar bizdədir. 70.000-dən artıq əhali orada yaşayır. 1993-cü ilin 3 oktyabrından 5 yanvarına qədər ermənilər Füzulinin kəndlərini işğal etdi. Haradasa həmin torpaqları bir günün içində verib bir günün içində də geri aldıq. Əsasən Horadiz, Əhmədalılar, Qazaxlar, Mirzənağıllar, Arayıtılı, Şükür Vəli, Alıxanlı, Kür Mahmudlu  kəndlərini geri aldıq. Bu gün də insanlar orada yaşayır. Həmin dövrdə xüsusi təyinatlı taborun komandiri idim. 460 nəfərlə yanvarın 4-dən 5-nə keçən gecə erməni mövqelərinin arxasına canlı qüvvə keçirmişəm.  Bir-iki gün gedən döyüşlərdə 3 tank, 6 top, onlarla  silah-sursat yüzlərlə də erməni meyiti götürdük”. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı