Modern.az

Baramaçılığın inkişafına dair iclas keçirilib

Baramaçılığın inkişafına dair iclas keçirilib

22 Avqust 2017, 15:30

Horadiz şəhərindəki Muğam Mərkəzində bir müddət əvvəl Prezident İlham Əliyevin sədrliyi ilə Qaxda keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafına dair respublika müşavirəsindən irəli gələn məsələlərə həsr olunan iclas keçirilib. İclasda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və qabaqcıl kümçülər iştirak edib.


Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev yığıncaqda çıxış edərək, respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən bəhs edib, bu sahədə rayonda görülən işlərdən və qarşıda duran məsələlərdən danışıb. Bildirib ki, ölkə başçısının göstərişi ilə ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi füzulili məcburi köçkünlər tərəfindən böyük sevinclə qarşılanıb. 70-80-ci illərdə baramaçılığın Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən hesab olunduğunu diqqətə çatdıran Alı Alıyev həmin dövrdə rayonda 232 ton barama istehsal olunaraq bu sahədə ən yüksək göstərici əldə olunduğunu vurğulayıb.


Alı Alıyev bildirib ki, 2016-cı ildə füzulili ipəkçilər 3 tondan artıq barama istehsal edib, satdıqları məhsulun pulunu gecikmədən alıblar. Cari ildə isə rayonda 207 kümçü tərəfindən qısa müddətdə çox keyfiyyətli 25 tona yaxın yaş barama istehsal olunub, bu da əvvəlki illə müqayisədə 8 dəfə çox məhsul deməkdir. İstehsal olunan məhsulun pulu kümçülərə plastik kartlar vasitəsilə ödənilib. İki aydan az müddətdə barama istehsalına görə rayona 220 min manata yaxın vəsait daxil olub. Həmçinin əhalinin məşğulluğu təmin edilib, 1200 nəfərdən artıq insan mövsümü işə cəlb edilib. Füzuli rayonu barama istehsalına görə respublikada ikinci nəticə göstərib.


Alı Alıyev qeyd edib ki, növbəti ildə rayonda barama istehsalının artırılması üçün tədbirlər görülməsinə başlanılıb. Qeyd edilib ki, 2018-ci il üçün rayonda ipəkqurdu saxlayacaq kümçülər müəyyənləşdirilməli, onlarla yerlərdə görüşlər keçirilməli, ərazidə yeni toxmaçarların salınması, çəkil tinglərinin əkilməsi üçün yerlər müəyyənləşdirilməli, mövcud olan çəkil ağaclarının budanmalıdır.  


Tədbirdə çıxış edənlər baramaçılığın, pambıqçılığın inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən danışıb, təkliflər irəli sürüblər. Vurğulanıb ki, füzulililər rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın, pambıqçılığın inkişaf etdirilməsi, torpaqların təyinatına uyğun tam istifadə edilməsi, məhsuldarlığın artırılması üçün bütün qüvvələrini səfərbər edəcəklər.


Yığıncağa yekun vuran Alı Alıyev rayonda baramaçılıq və pambıqçılığın inkişaf etdirilməsi, torpaqlardan təyinatına uyğun məqsədyönlü istifadə olunması, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılması üçün aidiyyəti təşkilatlara tapşırıq və tövsiyyələrini verib.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir