Modern.az

Prezident Gədəbəyə və Şəmkirə 6 milyon manat ayırdı

Prezident Gədəbəyə və Şəmkirə 6 milyon manat ayırdı

22 Avqust 2017, 18:23

Prezident İlham Əliyev Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Gədəbəy rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, sənaye məhsulunun həcmi 103,4 dəfə, əsas kapitala yönəldilmiş vəsait 68,5 dəfə, o cümlədən tikinti quraşdırma işlərinin həcmi 71,0 dəfə artmış, filiz emalı zavodu, mineral sular və limonad istehsalı zavodları, digər iri istehsal və emal müəssisələri yaradılmış, Rayon Mərkəzi Xəstəxanası, Uşaq-Gənclər Şahmat Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, “Aşıqlar evi”, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 2 yaşayış binası, Avtovağzal Kompleksi inşa edilmiş, müasir tələblərə cavab verən digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, avtomobil yolları çəkilmiş, körpülər salınmış, geniş abadlıq-quruculuq işləri aparılmışdır.

 

Sərəncamda qeyd olunur ki, Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gədəbəy rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

 

Prezident digər sərəncamı ilə isə Şəmkir şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası nəticəsində Şəmkir rayonunda infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Şəmkirçay su anbarı, Su-Elektrik Stansiyası, xalça toxuma müəssisəsi, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı və Bayraq Muzeyi Kompleksi, Gənclər Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 60 mənzilli 3 yaşayış binası inşa edilmiş, Rayon Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir edilmiş, təhsil ocaqları və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, 18 mindən çox yeni iş yeri açılmış, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

 

Sərəncamda qeyd olunur ki, Şəmkir şəhərində qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 54 mənzilli 1 yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şəmkir Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

 

 

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi