Modern.az

Allahşükür Paşazadə dövlətlərarası təşkilatın rəhbərliyində təmsil olunacaq

Allahşükür Paşazadə dövlətlərarası təşkilatın rəhbərliyində təmsil olunacaq

22 Avqust 2017, 20:30

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə dövlətlərarası təşkilatın rəhbərliyində təmsil olunacaq. Qafqaz Müsəlmanları İdarəsindən  (QMİ) Modern.az-a verilən məlumata görə, Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi şeyxülislam A.Paşazadənin namizədliyini qurumun direktorlar şurasının üzvlüyünə irəli sürmək üçün müraciət edib.

QMİ sədri də İslam dininin ali məqsədlərinə, dinlərarası, mədəniyyətlərarası dialoq, sülh və həmrəylik ideyalarının bərqərar olmasına xidmət etməyə hazır olduğunu bildirərək namizədliyinin irəli sürülməsinə razılıq verib.

Qeyd edək ki, Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) Səudiyyə Ərəbistanı Krallığı, İspaniya və Avstriya tərəfindən təsis olunub. Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi həmin təşkilatın əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarətdir. Kral Abdulla Dialoq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, müxtəlifliyə, ədalətə və sülhə hörmətin artırılmasına yönəlmiş missiyası, eləcə də 25 ölkə, beş qitədən cəlb olunmuş, müxtəlif mədəni və dini mənsubiyyəti olan şəxslərdən ibarət işçi heyətində öz əksini tapır. Kral Abdulla Dialoq Mərkəzi dünyanın müxtəlif regionlarında-Avropa, Amerika, Afrika, Asiya, o cümlədən Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir.

Həmin layihələr arasında “Avropada qaçqınlar proqramı”, “Din naminə zorakılığa qarşı birlik”, “Dinlərarası və Mədəniyyətlərarası dəstək proqramı”, habelə beynəlxalq təqaüdlü təlim proqramı və digərləri göstərilə bilər. Qeyd olunmuş illik təlim proqramının məqsədi dünyanın müxtəlif ölkələrindən olan, müxtəlif dinləri təmsil edən şəxsləri gələcəyin dini liderləri kimi yetişdirilməkdir. Kral Abdulla Dialoq Mərkəzinə dünyanın müxtəlif ölkələrindən hər 4 ildən bir seçilən 3 müsəlman, 3 xristian, 1 yəhudi, 1 buddist və 1 induist din xadimindən ibarət direktorlar şurası başçılıq edir.

KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan yeganə hökumətlərarası təşkilatdır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi