Modern.az

“Deyir ki, Putinin şəxsi görücüsüyəm, buna görə adamın başını kəsərlər” – Astroloqdan SƏRT AÇIQLAMALAR  

“Deyir ki, Putinin şəxsi görücüsüyəm, buna görə adamın başını kəsərlər” – Astroloqdan SƏRT AÇIQLAMALAR   

23 Avqust 2017, 09:16

Bir zamanlar efirlərdə baxıcılar az qala tüğyan edirdi.  Gələcəklə bağlı müxtəlif proqnozlar verir, insanların dərdlərini dinləyib fikir irəli sürür və bəzilərinin inamını qazana bilirdilər.

 

Maraqlıdır, həmin baxıcılar hazırda nə işlə məşğuldurlar?  Məşhurluq əldə edib öz qınlarına çəkildilər yoxsa cəmiyyətin qınaq obyektinə tuş gəlməkdən qorxurlar?

 

Hələ də noxudla fala baxanlara inanlar var

 

Tanınmış astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli Modern.az-a açıqlamasında bildirib ki, həmin baxıcıların bəziləri həbs edilsə də, insanların inamından hələ də istifadə edənlər var:

 

“Falçılarla mübarizədə hamıdan öndəyəm. Onlarla hansısa meydanda üz-üzə gəlmək üçün astrologiyanı da öyrəndim. Məsələn, heç vaxt şou verilişlərinə çıxmırdım. Lakin bəzi baxıcıların həmin tipli proqramlarda iştirak etdiyini gördüm. Bu səbəbdən haşiyəyə çıxıb  həmin verilişlərdəki baxıcıların əksəriyyətini zərərsizləşdirdim.

 

Yalan üstündə qurulan sənət uzun sürmür. Elə baxıcılar var ki, onun növbəsində sırayla adam durur, lakin heç birindən pul almır. İnsanlar da onun kəramətini görüb axın edirlər.

 

Amma biri filan kanalda çıxıb deyir ki, mən Putinin şəxsi görücüsüyəm. Əvvəla, buna  görə adamın başını kəsərlər. Digər tərəfdən elə bir şey varsa, o zaman səni yaxşı mənada işlədərlər. Bu tipli yalan şeylər çoxdur. Hətta yalanlarla ayaqda durmağa çalışan baxıcıların bəzisi tutuldu. İndi 21-ci əsrdir və müxtəlif parapsixoloji institutlar açılır. Bu səbəbdən artıq hər kəs müəyyən düşüncələrə malikdir. Lakin bizdə hələ də noxudla fala baxanlara inanlar var.

 

 “21 dekabr” məsələsinə görə ziyalı insanlar da təlaşda idi. Amma bütün dünya bunun yalan olduğunu bilirdi. Hətta buna görə 2000 tirajlı kitab da dərc etdirdim. Onu almadılar, amma 2000-5000 min manat pul xərcləyib zirzəmilərdə yer düzəldənlər, müəyyən ərzaq alanlar oldu”.

 

“Hamısının adını, ünvanını bilirəm”

 

Astroloqun sözlərinə görə, hazırda baxıcıları müdafiə edənlər çoxdur:

 

“Əgər baxıcılar tüğyan edirsə, deməli, buna ehtiyac var. İnsanlar sadəcə təsəlli almaq, istədikləri cavabı eşitmək üçün baxıcılara müraciət edir. Amma baxıcıların fırıldağı həmişə ortaya çıxır. Məsələn, insanları aldadıb pul aldığı üçün İlham Mirzəyev və onun kimi bir neçə adam həbs edildi.

 

Bu gün təkcə İçərişəhərdə 40-a yaxın falçı var və hamısının adını, ünvanını bilirəm. Onları müdafiə edənlər də çoxdur. Xüsusilə məmuriyyət baxıcıları müdafiə etdisə, onlar meydan sulayacaq”.

 

Baxıcıların arxasında duran məmur, pula söykənən jurnalistika ...

 

S.Rəhimli baxıcılarla mübarizəsindən də söz açıb:

 

“Məlahət, Yeganədən tutmuş hər kəslə mübarizə aparmışam. Kimlərinsə adını bir-bir çəkmək olmur. Məsələn, Zirəddin bir az özünü sübut etsə də, onu öncəgörən kimi qəbul etmirəm. O, telepatdır.

 

Ümumiyyətlə, mən 2001-ci ildən 2008-ci ilə qədər hansısa falçının media orqanlarına çıxmasına imkan vermədim. Bunu da təkbaşına etdim. Sonra falçılar televiziyalarda görünməyə başladı. Yenə efirlərə getdim. Bu insanların qarşısında tutarlı arqumentlərlə çıxış edən zaman geri çəkilirlər.  Baxıcılar hansısa verilişə 20 min pul verib çıxırdılar. Tutaq ki, ailə-məişət məsələsində psixoloq çıxış edirdi, onun sözünü kəsib daha çox baxıcılara meydan verirdilər.

 

Bunlara meydan verənlərlə mübarizə aparmaq lazımdır. Təkbaşına mübarizə aparıram, amma  mənim kimi beş-altı adam olsa, onlar heç nəfəs ala bilməz.

 

İnsanların maariflənməməsi, baxıcıların arxasında duran məmuriyyət, pula söykənən jurnalistika onların hələ də mövcud olmasının əsas səbəbləridir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir