Modern.az

Gənclər İsveçrə nümayəndəsini sual “yağışına” tutdular

Gənclər İsveçrə nümayəndəsini sual “yağışına” tutdular

23 Avqust 2017, 10:44

Ötən gün Milli Fikir Mərkəzinin ofisində İsveçrə Cənubi Qafqaz əməkdaşlıq ofisinin regional direktor müavini Simona Haeberlinin məruzəçiliyi ilə “İsveçrə demokratiyasının uzun tarixi” mövzusunda seminar keçirilib. 

 

Modern.az-ın məlumatına görə seminarda çıxış edən S.Haeberli gənclər qarşısında çıxış etdiyinə görə şad olduğunu bildirib: 

 

"Mənim il ərzində işim banklarla, nazirliklərlə olur. Gənclər qarşısında çıxış etmək mənim üçün də xoşdur. Mühazirədən əvvəl MFM sədri Şəhriyar Məcidzadə ilə Milli Fikir Mərkəzinin tarixi, fəaliyyəti haqqında söhbətimiz oldu. Siz aktiv gənclərsiniz, Milli Fikir Mərkəzi aktiv təşkilatdır. Sizi fəaliyyətiniz, çap etdiyiniz kitablara görə təbrik edir, uğurlar arzulayıram. Mən bu gün İsveçrənin tarixi haqqında danışacağam.

 

İsveçrə çox böyük və varlı ölkədir. Mən bu gün sizə İsveçrənin necə gözəl ölkə olduğu haqqında yox, İsveçrənin keçdiyi çətin tarixi proses barəsində danışacağam".


“Mən sual ünvanlayacağam, həmin sualın iki cavabı var – düz və ya səhv”. İsveçrə 1291-ci ilin avqust ayında yaradılıb. Bu rəsmi yaranma tarixidir. Lakin İsveçrənin konfederasiya tərkibində yaranma tarixi 1848-ci ildir. 

Ölkənin strukturuna kantonlardan başlaya bilərik. Sizdə rayonlar olduğu kimi bizdə də kantonlar var. İsveçrə 26 kantondan ibarətdir. Hər kantonun özünün məhkəməsi, vergi xidməti var. Kantonlar isə kommunalardan təşkil olunub. Bütün kommunalar və kantonlar birləşib İsveçrəni təşkil edir. Nüvə enerjisi, milli müdafiə, federal polisə kantonlar və kommunalar nəzarət edə bilməz.

 

İsveçrədə ən çox danışılan 4 dil var. Birinci yerdə alman dialektidir. Bu, Almaniyada danışılan alman dili deyil, lakin alman dil ailəsindən gəlir. İkinci yerdə fransız, üçüncü yerdə isə italyan dili gəlir. İsveçrədə danışılan bir dil də var – romanş dilidir. Amma biz inanmırıq ki, bu dil uzun müddət yaşasın.


Simona Haeberli gənclərə sual ünvanlayıb:

 

“726 ildir neytral dövlət olan İsveçrə heç vaxt başqa ölkənin ərazisinə hücum etməyib. Bu düzdür, yoxsa səhv?”

Gənclərdən bəziləri bunun düz, bəziləri isə yanlış olduğunu deyib.

“Müstəqilliyinin ilk illərində İsveçrə bir çox müharibə aparıb, hətta böyük ərazilər də işğal edib”, - deyə Simona Haeberli bildirib.

 

Simona Haeberli deyib:

 

“1515-ci ildə Martin Lüterin başçılığı ilə reformasiya başlamışdı. Bu reformasiyadan sonra İsveçrə heç bir dini münaqişədə iştirak etməyib. Bu düzdür, yoxsa səhv? Təxminən iki əsr protestantlar və katoliklər arasında müharibələr olub. 1529-cu ildə ilk sülh müqaviləsi, 1531-ci ildə isə ikinci sülh müqaviləsi imzalanıb. Bu dini münaqişələr İsveçrə tarixində geniş yer tutur.

İsveçrə 1648-ci ildə öz neytrallığını elan edib və təxminən 369 ildir neytraldır. Bu düzdür, yoxsa səhv? Bu düzdür. Avropa ölkələrinin bir çoxu 1618—1648 illər ərzində 30 illik müharibədə iştirak edib, amma İsveçrə bu müharibəyə qoşulmayıb. İsveçrənin neytrallığı, müharibələrdən uzaq durması onun tarixinin ən müsbət məqamı hesab olunur.

İsveçrə heç vaxt xarici güc tərəfindən işğal olunmayıb... Bu da yanlış məlumatdır. Napoleon 1798-ci ildə İsveçrəni işğal etdi, yeni konstitusiya yaratdı və onun neytrallığını aradan qaldırdı. Lakin sonra 16 kanton bərpa edildi və əlavə 6 kanton da yaradıldı. Sonra İsveçrə öz neytrallığını bərpa etdi. 1815-ci ildə Vyana Konqresi İsveçrənin neytrallığını tanıdı.

Vyana Konqresindən sonra İsveçrə 1847-ci ildə vətəndaş müharibəsi yaşayıb. Bu da düzdür. 1815-ci il sazişi katolik mühafizəkarlarla protestant radikallar arasında konflikt yaşanıb. Katoliklər kilsəni qoruyub saxlamaq istəyirdilər, lakin protestantlar xalqın demokratiya içində yaşamasını. Müharibə 150 nəfərin ölümü, 400 nəfərin yaralanması ilə nəticələndi. Bu İsveçrə üçün böyük şok idi. Hətta bundan sonra protestantlar və katoliklər aralarında sülh bağlamağa razı oldular. 

İsveçrə tarixdəki ən qədim ikinci federal dövlətdir. Siz İsveçrə siyasi sistemində də görə bilərsiniz ki, bəzi şeylər ABŞ siyasi sistemindən götürülüb.

18 yaşına çatmış hər isveçrəli aktiv və passiv seçkilərdə iştirak edə bilər. Biz siyasi qərarlara təsir edən nəsnələr deyəndə ağlımıza nə üçünsə istifadə etdiyimiz alətlər də gəlir. İstənilən şəxs komitə yarada bilər və konstitusiyaya dəyişiklik etmək istəyirsə, 18 ay ərzində 100 min vətəndaşdan imza toplamalıdır. Sonra bütün İsveçrə xalqı onun təklifinə referendumda səs verəcək – lehinə və ya əleyhinə. Referendumun keçirilmə məqsədi konstitusiyaya dəyişiklikdir ki, bunun üçün də xalq səs verməlidir".  

Daha sonra Simona Haeberli gənclərə yenə sual ünvanlayıb:

"1848-ci ilin Konstitusiyası qadınları bütün siyasi haqlarla təmin edib. Düzdür, yoxsa səhv? Yanlışdır. 1848-ci ilin Federal Konstitusiyası kişiləri səsvermə hüququ ilə təmin edirdi, lakin qadınları yox. Amma 1971-ci ildə 11 qadın parlamentə seçildi – 5,5 faiz. Bu propaqanda da həmin illərdə çəkilib. Burada deyilir ki, siz belə bir adama səs vermək istəyərsinizmi?”

 

Pünhani Əsgərli:

 

“Bəzi kommunalarda xaricilərə səs vermək üçün icazə verilir,bunun səbəbi nədir?”

 

Məruzəçi:

 

“Nəzərə alaq ki, hər kanton bir dövlətdir və onun öz qanunvericiliyi var. Bu ümumi qanunlara zidd deyilsə, onlar edə bilərlər.

1991-ci ildə İsveçrədə bütün qadınlar tətil elan edib. Düzdür, yoxsa səhv? Bu düzdür. 1991-ci il, 14 iyunda qadın işçilərin əksəriyyəti tətil elan etdi. Hətta mən bu tətili xatırlayıram. Bu tətil İsveçrə tarixində ən böyük tətil hesab olunur. Qadınlar kişilərə nisbətən az maaş almalarına etiraz edirdilər. 

2017-ci ildə Federal Parlament üzvlərinin 29 faizi qadın idi. Bu çox pis də deyil, çox yaxşı da... Çətinliklər hələ də qalmaqdadır. Bunu xüsusi olaraq özəl sektorda görə bilərik. 

Bundan əlavə, qadınların uşaqlarının qayğısına qalması, onların iş həyatını çətinləşdirir.

Parlamentin sədri İsveçrə Konfederasiyasının prezidentindən üstün vəzifəli hesab olunur. Düzdür, səhvdir? –Düzdür. Parlament sədri İsveçrə rəsmisindən daha yüksək vəzifəli hesab olunur. 

Parlamentə seçilənlər sadə vətəndaşlar da ola bilər. Bu sizə qəribə gələ bilər, siyasətçilər ildə 60-70 min dollar maaş alır. Ölkədəillik orta gəlir isə 80 min dollardır. Siyasətçilərin yalnız bir imtiyazı olur – ictimai nəqliyyatdan pulsuz istifadə üçün bilet. Onlardan şəhərə qatarla gəlmələri gözlənilir ki, onlar da belə edirlər. 

Dediyimiz kimi siyasətçilər sadə vətəndaşlar qədər maaş alırlar, amma onların hansısa biznesləri və ya başqa işləri ola bilər”.

Federal konsul və federal prezident hər il parlament tərəfindən seçilir və ya seçilmir. Düzdür bu variant? – Bəli düzdür. Hər il dekabr ayında parlament üzvləri bir araya gəlirlər. 7 federal konsulu yenidən seçirlər. İndiyə qədər 4 federal konsul seçilməyib. Onlardan 3-ü kişi, 1-i qadındır. Birinci federal konsulun digərlərindən heç bir üstünlüyü yoxdur, sadəcə dövlətin rəsmisi kimi bir nəfər seçilməlidir ki, dövləti təmsil etsin”.

“İsveçrə 1963-cü ildə Avropa Şurasına, 1992-ci ildə Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna qoşulub. İsveçrə heç vaxt Avropa İttifaqına qoşulmayıb və neytrallığına görə NATO, bu kimi hərbi ittifaqlara da qoşula bilməz. 

İsveçrə elə bir yerdə yerləşir ki, ora miqrasiya edənlər çox olur. Əslində bu bizim üçün müsbət hal olub. Amma İsveçrədə yaşayan insanların 25 faizinin İsveçrə pasportu yoxdur. Bu 25 faiz isə seçkilərdə iştirak edə bilməz”. 

 

Aytac Abbaslı:

"İsveçrəni güclü dövlət edən hansı faktordur?"


Simona Haeberli:

"Siyasi cəhətdən götürsək, birinci faktor neytrallıq faktorudur. Lakin neytrallıq heç də pul gətirmir. İqtisadi cəhətdən baxsaq təhsil faktorudur. İsveçrənin güclü olmasında ən böyük faktor bir milli etnikin olmamasıdır. İsveçrədə bir neçə dildə danışılır. Biz etnik kimliyin yox, iradənin yaratdığı dövlətdir. Biz institutlara inanırıq. Bu iradənin dövlətidir. Biz bir ölkə yaratmağa qərar verdik".

 

Şəhriyar Məcidzadə:

 

“Xanım Simonanın baxışına görə İsveçrədə çatışmayan cəhət nədir?”

 

Məruzəçi:

 

“Dəyişikliklərin yavaş baş verməsi. Hər insandan fərdi olaraq soruşsaq, dəyişiklik uzun çəkəcək. Məsələn, qadınlara səsvermə hüququ 1971-ci ildə qəbul olunub. Təbii ki, həmin dövrə qədər bir neçə cəhd olmuşdu, lakin uğurla nəticələnməmişdi. Çünki kişilər buna yox deyə bilirdi. Qeyd olunduğu kimi parlament çox böyük gücə sahibdir, lakin icraedici hakimiyyət 7 nəfərdən ibarətdir. Bu da o deməkdir ki, hakimiyyət bir nəfərin əlinə keçə bilməz”.

 

Aysel Balabəyova:

 

“İsveçrə tarixində minarə tikilməsi ilə bağlı hadisə yaşanmışdı. Bu məsələ referenduma çıxarıldı və insanlar buna yox dedi. Dövlət digər qismin hüquqlarını necə qoruyur?”

 

Simona Haeberli:

 

“Burada birbaşa demokratiya var, insanlara bröşürlər paylanır və onlar nəyə səs verəcəklərini dəqiqliklə bilirlər. Burada qərarları insanlar özləri verir. Burda insan haqlarının tapdalanmasından söhbət gedə bilməz. Məsələn, belə hadisə də olmuşdu ki, 4 həftəlik tətil, 6 həftəlik tətillə əvəz edilsin. Yenə bröşürlər paylandı, insanlar 6 həftəlik tətillə nə qədər pul itirəcəklərini bildilər və bu qərara yox dedilər.

Bayaq da qeyd etdiyim kimi kommunalar vergiləri özləri yığır. Məsələn, hansısa məktəb, ya idman mərkəzi tikiləndə insanlara təklif olunur ki, vergilər artırılsın. Biz də verginin nəyə xərclənəcəyini bildiyimiz üçün bununla razılaşırıq”.

 

Aysel Balabəyova:

 

"Bəs həmin o qisim qərara etiraz etdi?"

 

Məruzəçi:

 

"Bir neçə gün ərzində bütün qəzetlər bunun haqqında yazdı, sonra isə məsələ gündəmdən düşdü".

 

Qəmər Mustafayeva:

 

“İsveçrədə təhsil sistemi haqqında sual vermək istəyərdim. Azərbaycanlı gənclərin İsveçrədə təhsil alması üçün proqramlar varmı?”

“Bəli, İsveçrə səfirliyinin saytında bu barədə məlumat var. Hər il İsveçrədə təhsil üçün proqramlar elan olunur. İsveçrədə kifayət qədər çox azərbaycanlı təhsil alır”.

 

Günay Quliyeva:

 

"Qurumunuz Azərbaycanda hansı sahələrdə fəaliyyət göstərir?"

 

Simona Haeberli:

 

"Daha çox makro-iqtisadiyyat sahəsində əməkdaşlığımız var. Bundan başqa Mərkəzi Asiya ilə əməkdaşlıq içindəyik. Mərkəzi Bankla, Maliyyə Nazirliyi ilə əməkdaşlığımız var. Bundan başqa Maliyyə Bazarının İdarəsi adlı qurum yaradılıb, bu da İsveçrə modeli əsasında yaradılıb. Bir sıra sahələrdə də, məsələn, biznes, incəsənət, mədəniyyət sahələrində də fəaliyyətimiz var.

Əgər İsveçrəyə getsəniz, bəlkə də görəcəyiniz ilk şey SOCAR olacaq. İsveçrədə SOCAR-ın 160-dan çox yanacaqdoldurma məntəqəsi var ki, bu da kifayət qədər böyük rəqəmdir. İsveçrə Azərbaycandan neft alır və Azərbaycan İsveçrəyə saflaşdırılması üçün qızıl göndərir. Azərbaycan isə İsveçrədən saatlar alır. Bundan başqa sizin pasportlarınız da İsveçrə də istehsal olunur".

 

Aqşin Vəliyev:

 

“Roma Papasının 110 nəfərlik mühafizə heyəti İsveçrə vətəndaşlarından təşkil olunub. Bunun tarixi haqqında məlumat verə bilərsinizmi?”

“İsveçrə ilk əsrlərdə heç də bu qədər neytral və sülhpərvər deyildi. Həmçinin isveçrəlilər sədaqətli olduqlarına görə pul qarşılığında Papanı qoruyurdular. Onlar kasıb olduqları üçün pul qarşılığında bunu edirdilər”.

 

İlkay Əliyeva:

 

“İsveçrədə 25 faiz pasportu olmayan vətəndaş var. Onların həyatı qanunvericiliklə necə tənzimlənir?”

 

Simona Haeberli:

 

“Əlbəttə ki, onların xüsusi pasportları və yaşamaq üçün icazələri var. Bundan başqa qaçqın və immiqrantlar var ki, bu da qanunla tənzimlənir”.

 

Günay Əliyeva:

 

“Qrumunuzun mətbuatla işləmə prinsipi nədir? İnformasiyanın ötürülməsi, açıqlamalar...”

“Bütün proyektlərimiz qurumun saytında və facebook səhifəsində göstərilir. Bundan başqa, səfirliklə bağlı suallarınızı səfirliyin saytına ünvanlaya bilərsiniz”.

 

Şəhriyar Məcidzadə:

 

“Mən də xanım Simonaya təşəkkürümü bildirirəm. Bu bizim üçün çox önəmli idi. Çünki sizin sayənizdə daha bir ölkə haqqında məlumat almış olduq. İsveçrənin mənim üçün böyük əhəmiyyəti var. Bu, mənim təcrübələrini, hüquq sistemini öyrəndiyim ölkədir. Mən çox istəyərəm ki, bizim nümunələrimiz belə möhtəşəm nümunələr olsun, bunun üçün də çalışırıq. Gənclərlə görüşdüyünüz, onların suallarını cavablandırdığınız üçün təşəkkür edirəm.


İnsanların əməyi, öyrənmək əzmi və iradə xalqların inkişafını müəyyən edir. Biz istəyəndə cəmiyyət daha yaxşı inkişaf edir. İsveçrə də bunun nümunəsidir”.


Qeyd edək ki, seminarda həmçinin İsveçrə səfirliyinin əməkdaşları Zahir Əhmədov, Fransisko Rot, Sənan Şabanov, Ataş Sultanov da iştirak ediblər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?