Modern.az

Cümhuriyyətlə ilə bağlı yeni araşdırmalar aparılıb  - “AXC-100”

Cümhuriyyətlə ilə bağlı yeni araşdırmalar aparılıb  - “AXC-100”

23 Avqust 2017, 14:48

Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Bir çox mədəni-humanitar qurumlar, QHT-lər, eləcə də dövlət təşkilatları, elmi müəsssisələr bu istiqamətdə müəyyən işlər görməyi planlaşdırır.

Lakin təəssüf ki, müəyyən istisnaları nəzərə almaqla, media orqanlarının böyük əksəriyyəti yubileyinə sayılı aylar qalan şanlı tariximizə yer ayırmaqda hələlik, maraqlı deyillər.

 

Ola bilsin, tələsmirlər. Lakin bu, elə böyük tarixdir ki, hələ bir neçə ay bundan əvvəl silsilə yazılar yazılmağa başlanılmalı, media orqanları, saytlar Cümhuriyyətimizə aid məqalələr d’rc etməli idilər.

 

Modern.az silsilə şəklində aiddiyyatı orqan və mədəni-humanitar təşkilatların “AXC-100” mövzusunda görəcəyi işlərlə bağlı ictimaiyyəti bilgiləndirməyə, həmçinin, bu istiqamətdə çalışan ayrı-ayrı araşdırmaçıların da görəcəyi işlər barəsində məlumatları mütəmadi olaraq yayımlamağa çalışır.

 

Tanınmış jurnalistlər Modern.az saytına açıqlamasında media orqanlarının Cümhuriyyətlə bağlı mövzuları necə işləmələrinə, hansı istiqamətlər üzrə yazmaların vacibliyini vurğulayıblar.

 

Media eksperti, professor Qulu Məhərrəmli mediaya səslənərək, AXC ilə bağlı aşağıdakı istiqamətlər üzrə yazıları işıqlandırmağın vacibliyini qeyd edib:

 

“Cümhuriyyətə aid mövzuları işıqlandırmada üç əsas istiqamət vacibdir: birincisi, Cümhuriyyətin yaranışı, mövcudluğu, onun seçdiyi demokratik dövlət, parlamentli dövlət quruluşuna aid yazılar yazılmalı, mövzular işlənməlidir. 1918-ci ildə uzun fasilədən sonra Azərbaycan yenidən tarix səhnəsinə çıxır və belə bir dövlət yaranır. Bu, fövqəladə bir hadisədir. Əsas istiqamətin biri budur.

 

İkinci istiqamət - “Cümhuriyyət demokratik dövlət kimi”. Burada onun təsisatları, parlamenti, hökuməti, idarəolunma mexanizmi işıqlanmalıdır.

 

Üçüncü xətt isə Cümhuriyyət əxlaqı ilə bağlı olmalıdır. Yəni, bu dövləti kimlər və hansı tarixi şərtlər altında qurdu. Bəzilərinə elə gəlir ki, dövlət çox asanlıqla qurulub və bu cür situasiyada da tanınıb. Cümhuriyyət qurucuları tanınmalı və təbliğ olunmalıdır. Xüsusən də 1918-ci ilin mayından o ilin sonuna qədər çox mürəkkəb tarixi hadisələr olub. Gəncədən Bakıya qədər Qafqaz İslam Ordusu və yeni yaranan Azərbaycan ordusunun apardığı birgə döyüş əməliyyatları, Bakının azad olunması və s. O qədər rəngarəng, o qədər işıqlandırılmalı mövzular var ki… Bir də bu günlə dünən arasındakı əlaqəyə də toxunulmalıdır. Oxucunun yaddaşında cümhuriyyətimizin tarixi əhəmiyyəti həkk olunmalıdır. Biz göydən düşməmişik. Konstitusiyamızda da yazılıb ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyətinin varisidir. Bu bağlılığı işıqlandırmaq lazımdır. Həmçinin, “AXC dövrü nə dərəcədə öyrənilir və təbliğ olunur” mövzusu da mediada işıqlandırılmalıdır”.

 

Mətbuat tarixi üzrə araşdırmaçı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da mediaya bu istiqamətdə bir sıra vacib təkliflər verir. Onun sözlərinə görə, AXC-nin siyasi tarixi ilə yanaşı, mətbuat tarixi da əsaslı şəkildə mediada işıqlandırılmalıdır:

 

“Birinci növbədə Azərbaycan Xalq Cümhuriyyəti mediası tarixinin bütöv şəkildə biblioqrafiyası hazırlanmalıdır. Ora həm anadilli, həm rusdilli, həm də AXC dövründə müxtəlif dillərdə çıxan qəzet-jurnallar daxil edilməlidir. Xarici dillərdə - fransız, alman, polyakca - qəzet-jurnallardan xəbərsizik. Bu cür biblioqrafiyanın hazırlanmasına ciddi ehtiyac var. İkincisi, AXC dövrünün öyrənilməsində ən önəmli mənbələrdən biri də “Azərbaycan” qəzetidir. Yaxşı olardı ki, o qəzet bütövlükdə transliterasiya olunsun.  Biz bu işi indidən başlaya bilərik. Hörmətli tarixçimiz Firdovsiyyə xanım Əhmədova ilə də bu barədə danışmışıq. Bunu layihə şəklində yubileylə bağlı görüləcək işlərin siyahısına təqdim etmək fikrimiz də var. Bu, çox vacib işlərdən biridir. “Azərbaycan” qəzetinin nəşri çox önəmlidir. Həmin dönəmdə müstəqilliyi qorumaq üçün çalışan, bu barədə dayanmadan yazıları işıqlandıran mətbuat orqanları da çap edilməlidir.

 

Onların informasiya, xəbər siyasətləri necə idi, bax, bu tədqiq olunmalıdır. Mən özüm yaxın zamanda- 4-5 aya “Azərbaycan Xalq Cümhuriyyəti dönəmində informasiya təhlükəsizliyi” adlı elmi araşdırma ortaya qoyacağam. Artıq bütün materialları hazırlamışam. Burada ordu quruculuğundan tutmuş, xarici təxribatlar, xarici ölkələrin Azərbaycanın müstəqilliyinə qarşı apardıqları əks təbliğat siyasəti də yer alıb. Həmçinin, düşünürəm ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərən bütün jurnalistlərin qısa siyahısı hazırlansın. Biz AXC dövrü mətbuatı deyəndə ancaq Məhəmməd Əmin Rəsulzadə, Hacıbəyli qardaşları, Fərhad Ağazadə, Şəfiqə Əfəndizadə, Çəmənzəminli kimi sayı ondan çox olan şəxsləri nəzərdə tuturuq.

 

Amma o dövrdə çalışan elə qələm sahibləri var ki, onların da AXC-nin qurulması və güclənməsi yolunda zəhmətləri olub. Onlar qələmlərilə ermənilərə qarşı mübarizədə aktiv fəaliyyət göstəriblər. Ümumiyyətlə, AXC dövrünün mətbuatının qarşıya qoyduğu məsələlərdən biri də erməni millətçiliyinə qarşı mübarizə olub. Bu yolda əmək sərf edən bütün jurnalistlərimizin adı həmin siyahıya salınmalıdır”. 

 

N. Nihad

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?