Modern.az

Pərvanə kimi...

Pərvanə kimi...

Aktual

23 Avqust 2017, 17:16

O, uşaqlığını əmanət qoyub gəldiyi yerlərə getmək eşqi ilə yaşayır 

Yenə iş otağının pəncərəsində səliqə ilə sıralanan dibçəklərdəki çiçəklərlə, güllərlə baş-başa idi. Ləçəkləri, yarpaqları ehmal-ehmal oxşayır, eynən sonbeşik nəvəsi Floranın başını sığallayırmış kimi nazını çəkirdi. 
 
Yadıma birgə çalışdığımız illər düşür. Nəşriyyatın dördüncü mərtəbəsində - "Azərbaycan” qəzetinin redaksiyasında mədəniyyət şöbəsinin redaktoru Flora Xəlilzadənin iş otağını zarafatla "Nəbatat bağının filialı” adlandırmışdım. Bu kabinetə girənlər gülün-çiçəyin, irili-xırdalı dibçəklərin arasından son dərəcə ehtiyatla keçərdilər ki, təbiət incilərini incitməsinlər, çünki yaxşı bilirdilər ki, hər hansı ehtiyatsızlıq Flora xanımın xətrinə dəyə bilər. 
 
Dünyanın hər cürə varını gördüm, 
Yağışını gördüm, qarını gördüm,
Çiçəyini gördüm, barını gördüm, 
Atdığım nə oldu, götürdüyüm nə?
 
Alnıma yazılan yazı olmadı, 
Qışa tuş könlümün yazı olmadı, 
Əl tutdum, əlimin duzu olmadı, 
Əkdiyim nə oldu, bitirdiyim nə?
 
Bütün həyatı boyu ulu Yaradana, təbiətə, insana, insan ruhuna məhəbbət, sayğı və qayğı sərgiləməkdə çoxlarına nümunə göstərən Flora xanımın bu misraları da Zəngəzurda, analı-atalı dünyasında qoyub gəldiyi həmişəyaşar xatirələrin poetik ifadəsidir. 
 
Gözdən uzaq, qəlbə yaxın ellərdə - Urudda yaraşıqlı, ürəyiyuxa, analar-anası Gözəl xanım qızını Bakıya göndərəndə ona tövsiyəsi, öyüd-nəsihəti bircə notda köklənmişdi - elimizə, nəslimizə, valideynlərinin adına ucalıq gətir, şərəflə yaşa, çalış, ümidlərimiz sən sarıdan həmişə çiçəklənsin, gül açsın. 
 
İllər keçdi. Gözəl ananın qəlbindən keçənlərin hamısı pöhrələndi, al-əlvan çiçəklər kimi boy göstərdi Floranın həyatında. BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra işlədi, öz çörəyini özü qazanmağa başladı. Hələ uşaqlıqdan tanıdığı, hər xasiyyətinə bələd olduğu həmkarı Allahverdi ilə ailə həyatına imza atdı. Hazırda "Lider” televiziyasında çalışan Elnur Niftəliyev və "Mədəniyyət” kanalının əməkdaşı Bəhruz Niftəliyev kimi istedadlı, dərrakəli oğullara ana oldu. Amma bircə şey könlünün sağalmaz yarasına çevrildi – Vətən dərdi, yurd həsrəti. 
 
Dözmədi bu dərdə, dözmədi anam, 
Gözlərin nəm tutdu, ürəyin qubar. 
Ölüncə ümidin üzmədi anam; 
Açılsa o yollar, gəl, məni apar!..
 
Flora xanım nə vaxtsa uşaqlığını əmanət qoyub gəldiyi yerlərə getmək, getmək yox ey, qaranquş tək qanad açıb uçmaq eşqi ilə yaşayır. Uzaq yola çıxanlar isə hansısa mənzil başında nəfəs dərməyə bir ünvan da soraqlayırlar, adətən. Flora xanım bu ünvanı da artıq ürəyində götür-qoy edib, müəyyənləşdirib - onun üçün çox əziz olan, qəlbinin başında əzizləyib, müqəddəs ocaq kimi əbədiləşdirdiyi Şuşanı. 
 
Əlimlə qursam da yüz qızıl taxtı, 
Gərək tale verə o qızıl baxtı. 
Yaşın bu məqamı, yaşın bu vaxtı, 
Xatirələr yorur məni, neyləyim?! 
 
Ömrü boyu xəyalımla talanan, 
"Ah”larımla, amanımla dolanan, 
Ürəyimə, gözlərimə qalanan, 
Xatirələr yorur məni, neyləyim?! 
 
Zəngəzur elinin Bakıda gəzib-dolanan, yazan-danışan, gülən-ağlayan, min bir dərdə yarayan bir parçasıdır Flora xanım. Onu tanıyanlar, xasiyyətinə bələd olanlar bu qənaətə asanlıqla gəlirlər. 
 
Qapılar döymüşəm qapılar üçün, 
Keçdiyim nə oldu, ötürdüyüm nə?
Köhlən at çapmışam yabılar üçün, 
Qazancım nə oldu, itirdiyim nə? 
 
Bu misralarda ola bilsin ki, dayaz düşüncəlilər hər hansı pafos rüşeymi, ritorik ritmlər axtararlar. Ancaq Flora xanımın yerindən-yurdundan, qohumluq əlaqələrindən asılı olmayaraq, ehtiyacı olan hər kəsə göstərdiyi mənəvi dəstəyi, simsarlığı, yaxınlığı hesablayan olsa, uzun bir siyahı alınar. Qəlb evinin qapıları hər kəsin üzünə açıqdır. Bu evi vaxtsız tərk edənlər isə sonralar günahın yalnız özlərində olduğunu yaxşıca dərk edirlər. Bir misal çəkim. Bizim kollektivdə nəcib bir xanım işləyir. Bəzi mülahizələrə görə kimliyini tam açıqlamasam da, bildirmək istərdim ki, onun anası bir neçə il qabaq vəfat edib. Bəlkə də çoxlarına qəribə gələr, o, vaxtaşırı Flora xanımın yanına gəlir, oturub onunla söhbət edir, dərd-sərindən danışır. Həmişə də deyir ki, dünyadan vaxtsız köçmüş anasının ətrini Flora xanımdan alır. Flora xanımın energetikasının gücü onu sakitləşdirir, bu qız özlüyündə bir mənəvi rahatlıq tapır. Nə qədər gözəldir, ecazkardır bu cür hissləri yaşamaq və yaşatmaq. Belə yanaşmanı çox adamda görməzsiniz... 
 
Flora xanım 1977-ci ildə universiteti bitirdikdən sonra bir müddət "Azərbaycan təbiəti” jurnalında işləyib. Özü deyir ki, təbiətə vurğunluğunu daha da artıran amillərdən biri məhz görkəmli akademik Həsən Əliyevin kuratorluğu və rəhbərliyi ilə çıxan nəşrdə çalışması, poeziya aləmindəki uğurları da yaxın qohumu və hər zaman həyatda özünün ustadı və arxası sandığı Məmməd Arazın "əlindən su içməsi” olub. 
 
Şəhər günlərinin havası ağır, 
Şəhər küləyindən qorun, amandır. 
Könlümə kəndçilik havası yağır, 
Kənddən aralıyam xeyli zamandır. 
 
Üz tutub getməyə yerim yox indi, 
Vətəndə vətənsiz olan çox indi,
Dəli könlüm, şimşək kimi çax indi, 
Sənin dağlarının başı dumandır. 
 
Şəhərə kənd havasının, səmt küləyinin qanadlarında gələn Flora paytaxtın elitar mühitində də özünü rahat hiss edib ilk gənclik illərindən. "Azərbaycan müəllimi”, "Azərbaycan” qəzetlərində çalışanda da, "Azərbaycan qadını” jurnalının redaktoru olanda da özünün kənd ruhunu, ovqatını saxlamaqla, əsl paytaxt sakinlərinə xas olan keyfiyyətləri ilə də seçilib. Canındakı-qanındakı kübarlıq yazılarında da boy göstərib, insanlarla, həmkarları ilə münasibətlərində də. Bəzən öz xarakterik keyfiyyətlərini əsərlərinin obrazlarında ehtiva etməyi də unutmayıb. İstəyib ki, üz tutduğu, qələmə aldığı insanlar da ən dəyərli bəşəri keyfiyyətlərə, insanlıq cizgilərinə malik olsunlar. Qəzetdə belə olub, televiziyada da bu istiqamət instinktiv olaraq davam edir. 
 
Televiziyada bişib-düşmək, bərkimək ona çox da çətin olmadı. Bir müddət AzTV və İTV-də müxtəlif verilişlərə ekspert qismində dəvət alması, yazıçı-publisist kimi fikirlərini aydın, əhatəli bildirmək bacarığı qədirbilən insanların diqqətindən yayınmadı. Səlahiyyətli şəxslər onun istedadını, ləyaqətli vətəndaş imicini nəzərə aldılar, İTV-də işləməyə dəvət etdilər. O da ümidləri doğrultdu. Müəllif proqramı "Yadigarlar”dakı uğurları ilə ona bəslənilən etimada layiq olduğunu sübut edə bildi. O, televiziyaya gəlişinə yardımçı olanlarla bağlı həmişə minnətdarlıq hissi ilə danışır. 
 
Flora xanım saysız-hesabsız məqalələri, kitabları, ssenariləri ilə ədəbi ictimaiyyət arasında özünəməxsus yer tutur. Onu biz həm də yorulmaz tədqiqatçı kimi tanıyırıq. Şuşanın tarixi, bu günü, eləcə də Azərbaycanın hökmdar qadınları (yadımdan çıxan məqamlara görə üzr istəyirəm, çünki bu yazını qələmə alanda ondan heç nə soruşmamağı nəzərdə tutmuşdum. – A.C.) haqqında axtarışları, gəldiyi qənaətlər, əslində, elmi iş səviyyəsində dəyərləndirilməlidir. Uzaq illər öncəsi onun dissertasiya müdafiə etməsi imkanının qarşısına bilərəkdən sipər çəkildiyindən də xəbərdaram. 
 
Çox da bel bağlama sabaha, gülüm, 
Nadanlar könlümə verirlər zülüm, 
Qəfil görəcəksən apardı ölüm, 
Dalımca atılan daşıma bir bax. 
 
Bu misralar Flora xanımın bədxah, kiminsə uğurlarına xor baxan, dargöz adamlara ünvanladığı düşüncələrinin poetik əksidir. Vaxtilə məşhur Amerika filosofu Uiltsin Mizner yazırdı: "Sizə atılan daşları toplamaq lazımdır. Çünki bu, sizin gələcək heykəlinizin bünövrəsini qoyacaq”. Əlbəttə, rəmzi mənada deyilən bu fikirdən, ömrünü-gününü insanlara yaxşılıq etməyi, sınıq qəlblərə həmdəm olmağı özünə yaşam tərzi, fəaliyyət kredosu seçənlərin içində olan hər kəsə kiçicik də olsa bir pay düşür. Təbii ki, Flora xanım da bu sıradadır. 
 
Flora Xəlilzadə sözlə ifadə edilməyəcək dərəcədə təvazökar, səmimi, qayğıkeş insandır. Onun bir fikrini ən yaxın dostları, rəfiqələri də ürəkdən bəyəniblər. Deyir ki, işığa yalnız pərvanələr deyil, bör-böcək də yığılır. Əsl məsələ pərvanələrlə böcəkləri yaxşı tanımaq, ayırd etmək, hər kəsə öz yerini tanıtmağı bacarmaqdadır. İddialı olan, özündənrazı insanları da həmişə insaflı olmağa çağırır. Bu yerdə məşhur kinoaktoyr Çarli Çaplinin bir sözü yada düşür: "Dünya hər kəsə yetəcək qədər böyükdür. Ona görə də başqasının yerini zəbt etməkdənsə, öz yerinizi tapın”. 
 
Bu yazıda məqsədim Flora xanımın yaradıcılığı, publisistik fəaliyyəti barədə fikirlərimi oxucularla bölüşmək deyildi. Çünki qədirbilən oxucuların və tamaşaçıların Əməkdar jurnalist Flora Xəlilzadənin çoxşaxəli yaradıcılığı barədə kifayət qədər məlumatlı olduğu qənaətindəyəm. Sadəcə, bilirdim ki, avqustun 23-də bu nəcabətli xanımın ad günüdür. Ona görə də bu düşüncələrimlə ona bir dost, həmkar təbriki ünvanlamaq istədim. Ürəyincə olacaq, ya yox, görüşəndə bilərəm, İnşaallah! 
P.S. Sonda onu da deyim ki, Flora xanım ara-sıra nəsrə də üz tutur, hekayələr yazır. Yadımda qalan və mənə xüsusi ləzzət edən hekayəsi isə "Şokolad paylayan qız”dır. 
 
Akif Cabbarlı
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!