Modern.az

"Qarabağ" adı altında qələbə bizi Qarabağa aparacaq      

"Qarabağ" adı altında qələbə bizi Qarabağa aparacaq         

23 Avqust 2017, 18:32

Bu gün Azərbaycanın "Qarabağ" klubu Çempionlar Liqasının növbəti cavab oyununa çıxır. Qrup mərhələsi öncəsi ilk həlledici qarşılaşmada Bakıda Danimarkanın "Kopenhagen" klubunu minimal hesabla məğlub edən "Qarabağ" yenidən tarix yazmağın bir addımlığındadır.

 

Azərbaycan futbol tarixində ilk dəfə olaraq bir klubumuz Çempionlar Liqasının qrup mərhələsində çıxış edə bilər. Bu şansı dəyərləndirmək isə futbolçuların öhdəsinə düşür.

Eyni zamanda "Qarabağ" adlı Azərbaycan futbol klubunun qalib gəlməsi siyası cəhətdən bizə nə verə bilər?

 

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib ki, Azərbaycan təmsilçisinin “Qarabağ” adı ilə çıxış etməsi düşmənlərin gözünə bir oxdur.

“"Qarabağ" komandamız Qarabağı düşməndən azad etmək əhval-ruhiyəsində olmalıdır.  "Qarabağ"mız hər zaman qalib olmalıdır. Biz ancaq qalibiyyət haqqında düşünməliyik. Biz həm idmanda, həm də döyüşdə qalib gələcəyik. Bununla da ermənilərin gözünü tökəcəyik”.

 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib ki, ilk növbədə "Qarabağ" Azərbaycan futbol tarixində ilkə imza atacaq.

“Bununla da bütün dünyaya bəyan olunacaq ki, Azərbaycan komandası özünü təsdiq etdirdi. Həmçinin "Qarabağ" adını dünyaya daşıyacaqlar. Bundan böyük uğur yoxdur. Çünki bu həm də erməninin, bütün dünyanın qarşısında "Qarabağ" idelogiyasının Azərbaycan üçün ölmədiyi və futbolda qazanılan zəfərin bir gün hərbdə qazanılacağına insanların əminlik daşıdığını göstərəcək. Ona görə də bu oyunun həm idman, həm də siyasi baxımdan çox böyük əhəmiyyəti var. Ümid edirik ki, bu mərhələni "Qarabağ" uğurla keçər. Bundan sonra "Qarabağ"a hər cür dəstəyin verilməsi cəmiyyət tərəfindən təqdirlə qarşılanar”.

 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, "Qarabağ" komandasının qalib gəlməsi çox şey deməkdir.

“Xüsusilə də "Qarabağ" adı altında qalib gəlməyimizin bizim üçün çox böyük əhəmiyyəti var. İdman çox böyük siyasətdir. "Qarabağ" komandasının qalib gəlməsi çox vacibdir. Mən bunun üçün "Qarabağ" komandasına uğurlar arzulayıram. İnanırıq ki, "Qarabağ" bu işin öhdəsindən gələcək”.

 

Qeyd edək ki,  “Qarabağ”  Bakıda keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanıb. Əgər  "Qarabağ" rəqibini keçərsə, tarix yazacaq. Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşəcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI