Modern.az

Meyxananı hörmətdən SALANLAR - əməkdar incəsənət xadimindən İTTİHAM 

Meyxananı hörmətdən SALANLAR - əməkdar incəsənət xadimindən İTTİHAM 

25 Avqust 2017, 09:29

Azərbaycan poeziyası minillik tarixi ənənəyə malikdir. Türk coğrafiyasının dərin söz dünyasından, Şərqin fəlsəfi incilər məmləkətindən qidalanan Azərbaycan poeziyası forma və məzmunca çox rəngarəngdir. Söz sənətimizin yazılı qolu ilə yanaşı, şifahi qolu da durmadan inkişaf edib, zaman keçdikcə kamilləşib. Şifahi söz sənətimizdə ən çox yayılan formalardan biri də bədahətən söz demək bacarığı olub. Meydan oyun və tamaşalarında, aşıq deyişmələrində, xalq mərasimlərində bədahətən söz deyən insanlara çox rast gəlinib. Hətta müəyyən şair çevrələri də ara-sıra sinədəftər söz deməyə meyl edərmişlər. Xəqani Şirvani dövrünün hökmdarının hüzürunda uzun müddət dayanmadan bədahətən qəsidə söyləyib. Nəsimi hürufi xanəgahındakı müridlərə çox zaman, bədahətən gələn qəzəllərlə müraciət edib.

 

XX əsrdən etibarən, bədəhatən söylənilən söz sənəti yerini meyxana adlanan bir janra verdi. Əliağa Vahiddən sonra daha da məşhurlaşan meyxana uzun müddət qadağan edildi.

 

Əslində “meyxana” irfani istilahdır. Sadə insanlara hazır olmadıqları fikri çatdırmaq üçün işlədilən rəmzlərdən biridir. İrfan şerində də meyxana termini zahiri mənada həmin “mey içilən yer” anlamındadır. Lakin batini mənada müqəddəs şəxslərin məqamına işarədir. “Mey” sözünün ərəb qrafikası ilə yazılışı əbcəd hesabı ilə 14 rəqəmini verir. Bu rəqəm də bildiyiniz kimi 14 məsuma işarədir. İrfan şerində “meyxana” ifadəsinə rast gəlsən, başa düşürsən ki, söhbət 14 məsumdan gedir. Bütün bu mətləblərdən agah olan şəxslər bugünkü bəzi bayağı söz güləşmələrini aparıb irfana bağlamağın nə qədər mənasız olduğunu yaxşı başa düşürlər.

 

Lakin bu gün meyxana anlayışı özünün klassik anlamından çox uzaqlaşıb. Şadlıq məclislərində, müxtəlif məhəlli mərasimlərdə gah “musiqi”, gah “ritm” müşayiəti ilə deyilən meyxanada daha çox formal söz sıralamasında diqqət edilir. Misraların daxili məna zənginliyindən söhbət belə gedə bilməz. Əsasən, toylarda deyilən meyxanada deyişmə zamanı bütün diqqət sonunci misraya verilir. Məhz sonuncu misra qarşıdakı rəqibə cavab kimi səslənir. Lakin məhz həmin sonuncu misrada kobud ibarələrdən, az qala, təhqirlərdən qaçılmır, əksinə, buna getdikcə daha çox yer verilir.

 

Bir zamanlar televiziyada keçirilən meyxana yarışmalarından birinin münsif heyəti olan Əməkdar İncəsənət Xadimi, rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) Modern.az-a açıqlamasında çağdaş meyxananın durumu, onun klassik meyxana anlayışından nə qədər uzaqlığı barəsində maraqlı fikirlər bildirib:

 

“Bu gün meyxana mövzusu çox mübahisəli məsələdir. Çünki bununla alver edən, çörək pulu qazananlar var. Bu, qədim Azərbaycan folklor oyunudur. Məhz Azərbaycan xalqına məxsus olan qeyri-adi folklor janrıdır. Bunu sonralar dünyanın bir çox yerlərində öz adlarına çıxarmağa çalışdılar.

 

Bunun zəminində dünyanın bir neçə yerlərində teatr oyunları, filan çıxarmağa çalışdılar. Bunların hamısı boş-boş şeylərdi. Qədim folklor oyunu olan meyxanada qaydalar belə idi- adi vətəndaş üçün qafiyə açılırdı. Həmin qafiyə heca vəznində də ola bilərdi, əruzda da. İndi siz fikir verin, söyləyici həm qafiyəyə, həm bəhrə, həm ritmə riayət etməli, həm də o ritmə uyğun qoşduğu sözləri meydan tamaşaçılarına təqdim etməli idi.  Bir adam eyni vaxtda görün neçə iş görür. Bunu çox yaxşı bacaranlar da var idi. Çünki bu xalq lap əvvəldən poeziyaya, ahəngə yatımlı xalq olub Mən istədim ki, meyxananı sırf folklor janrı kimi edək. Amma bir dəstə meyxanaçı etiraz edib ayağa qalxdılar. Qardaş, bunun adı üstündədir də -“meyxana”- “Mey” və “Xanə” sözlərindən əmələ gəlib.

 

Bu pisdir, sizə pis baxırlar. Bir müddət dövlət səviyyəsində keçirilən Novruz bayramı tədbirlərinə meyxananı da saldılar. Amma sonradan bəzi meyxanaçılar yenidən işi qarışdırdılar. Özü də bu janra ancaq Bakı camaatı “meyxana” deyir. Cənub, Şirvan camaatı belə demir axı. Bəziləri, “sinədəftər”, bəziləri "meydangir" deyirlər. XVIII əsrdən o tərəfə bütün Bakı şairlərinin hamısı buna meyxana yox, “bədihə” deyiblər.  Mən kanalların birində yayımlanan, klassik irsimizə aid olan müəllif proqramında meyxananı qədim folklor janrımız kimi vermək istəyirdim. Amma bu gün də anlamıram ki, o cür proqram niyə bağlandı.

 

Orada təkcə meyxana yox, folklorumuza, irsimizə aid olan hər şey olacaqdı. Həmin proqramda meyxananı folklor janrı kimi təqdim edəcəkdik və bildirəcəkdik ki, bu, belədir və bu cür də qəbul olunub. Amma olmadı…”

 

N.Nihad

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?