Modern.az

Müəllimlərin müsahibəsində BİABIRÇILIQ: 20 Yanvar faciəsindən XƏBƏRSİZDİRLƏR

Müəllimlərin müsahibəsində BİABIRÇILIQ: 20 Yanvar faciəsindən XƏBƏRSİZDİRLƏR

Təhsil

25 Avqust 2017, 12:47

Avqustun 21-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb.

 

Modern.az Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, 5225 nəfərin buraxıldığı həmin mərhələdə bu günədək artıq 3000-dən çox namizəd müsahibədən keçib.

 

Avqustun 26-da başa çatacaq həmin mərhələdə müəllimlərin psixoloji durumu, praktik, metodik bilikləri yoxlanılır. Müsahibə mərhələsinin başladığı bu müddət ərzində artıq 11 saxta diplom aşkarlanıb.

 

Təhsil Nazirliyinin sektor müdiri, Komissiya üzvlərindən biri Rasim Məmmədov bildirib: “Ən xırda ayrıntısına qədər hər şeyi nəzərə almışıq. Komissiyaların yeri hər gün dəyişdirilir. Bu gün 10-cu masada oturan komissiya səhərisi başqa masaya keçir. Komissiya üzvləri oturana qədər hansı masada olacağını bilmir. Ona görə də kiminləsə razılaşmaları, sövdələşmələri mümkün deyil. Müsahibə boyu çəkiliş aparan kameralar isə namizəd nəticə ilə razılaşmadığı təqdirdə ortaya qoyulacaq əsas sübutdur”.

 

O qeyd edib ki, bəzilərinin nəzəri biliyi ilə praktik bacarığı uyğun gəlmir: “Ola bilər ki, şablon suallara cavabları əzbərləyib gəlir, müsahibədə fikrini ifadə edə bilmir. Ən dəhşətlisi isə odur ki, Azərbaycanın müstəqillik tarixinə qarşı biganə namizədlərə rast gəldik. Məsələn, 20 Yanvar faciəsindən xəbərsizdirlər. 6-7 namizəd hesab edirdi ki, bu hadisələri ermənilər işğal məqsədilə törədib”.

 

R.Məmmədovun sözlərinə görə, bir neçə gün ərzində bayrağın rənglərinin mənasını bilməyən, işğal altında olan ərazilərin sayından bixəbər olan kifayət qədər namizəd qeydə alınıb.

 

Komissiyalardan birinin üzvü, Təhsil Nazirliyinin Ümumtəhsil sektorunun müdiri Firudun Həmzəyevin isə sözlərinə görə, ümumi səviyyədən hiss olunur ki, namizədlər hazırlıqlıdırlar: "Proqram materialları, ixtisasla bağlı və metodiki keyfiyyəti müəyyənləşdirən suallara cavablarından öz üzərində işlədikləri görünür. Ancaq əzbərçiliyə yol verdikləri, yaddaş biliyinə əsaslandıqları özünü büruzə verir. Aralarında 10-15 il, hətta məzun olandan müəllim işləməyənlər çoxdur və bu, müsahibə mərhələsində aydın nəzərə çarpırdı. Düşünürəm ki, elələri üçün məktəbdə şagirdlərlə ünsiyyət qurmaq o qədər asan olmayacaq".

F.Həmzəyevin fikrincə, namizədin əvvəllər əldə etdiyi bir neçə illik təcrübə müsahibə zamanı dərhal özünü göstərir: "Namizədlər nə qədər hazırlaşsalar da, praktik biliyin azlığı, hətta olmaması müsahibə mərhələsində nəzərə çarpır. Kürdəmir rayonundan olan bir namizəd bir müddət əvvəl dərs deyib.

 

Uzun fasiləyə baxmayaraq, onun həmin kiçik təcrübəsi fərq yaradır. Tutaq ki, 2005-ci ildə məzun olub ancaq heç vaxt müəllim işləməyən namizədin yanaşmasından tamamilə fərqlənir. Ümid edirik ki, bu mərhələdən keçənlər ortaya çıxacaq çətinliklərin öhdəsindən gələcəklər”.

 

Bu həftə müsahibə mərhələsi yekunlaşır. Müsahibənin nəticələri növbəti həftənin əvvəli hər bir müəllimin şəxsi səhifəsində yerləşdiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır