Modern.az

“Ac qurd”ların ağzına düşə bilmək qorxusu...

“Ac qurd”ların ağzına düşə bilmək qorxusu...

25 Avqust 2017, 13:07

26 illik ömrü olan test sisteminin ləğvinə hazırlıq anonsu  ictimai rəydə, həm aqressiyadan uzaq, normal qarşılanır, həm də açığı xeyli narahatedici və düşündürücüdür:

 

Məleykə Abbaszadə hansı çevrələrlə bizi necə bir modelə sarı aparır! 

 

Dəyəri ilk növbədə, rüşvət yollarını bağlamaq, kasıb təbəqənin qiymətli gövhərinə çevrilməklə ölçülən təhsilin uğurlu modeli bu uzun illərdə heç bir təkmilləşmə, ictimai iradlar üzrə düzəliş olmadan irəlilədisə də, ürəkaçan sonucları getdikcə məhdud nəticə almağa başlayırdı; axsamanı hər kəs dərk edirdi.

 

Əslində ən gözəl islahat belə, müəyyən zamandan sonra reformaya məhkumluq ortaya çıxarır, lakin bu istiqamətdə qərarsızlıq sistemə olduğu kimi saxlanması üçün gərəksiz yerə uzun ömür yazdı.

 

Doğrudur, bu sistemin əksər qüsurları təhsilin özü ilə birbaşa bağlılıq təşkil edir.

 

Tədrisin sistemli mürəkkəbləşməsi, təhsilə marağın çoxsaylı sosial-ictimai səbəblərdən ölməsi, cəmiyyətdə mənəvi mühitin zəifləməsi kimi psixoloji faktorlar  buraxılış və qəbul prosesində illərdir,  biabırçı mənzərə və təhsil siyasətini həyata keçirənlərlə qəbula cavabdeh instansiya arasında  gizli-açıq ziddiyyət, bəzən qarşıdurma yaradır.

 

İslahat birbaşa təhsil proqramları, dərsliklər əsasında aparılmalıykən, üstəgəl, cəmiyyətdə təhsilin gücü ilə bağlı müxtəlif piar üsullar gündəmdə olmalıykən, üstəgəl, ailə nəzarəti vacib səviyyəyə qalxmalıykən, elə məhz  test sisteminin üzərinə tənqidlər, gileylər yüklənməli olurdu.

 

İlk baxışdan haqlılıq da var idi.

 

Şagirdin, tələbənin test modelində dürüst cavaba “ya bu, ya o” dilemmasıyla, “hansı olar olar” ciddiyətsizliyi ilə  yaxınlaşması təxmin yanaşma olduğu üçün savad, zəka itiliyi, dünyagörüş   kriteriyası ilə bağlılıq daşımır.

Ona görə də əksər hallarda ironik bir sitiuasiya ortaya çıxır: əsl oxuyan, ya kodlaşma, ya başqa nədənlərdən kənarda qalarkən, oxumayan məhz təxminlərin “güc”ü sayəsində “zəfər” qazanmış olur. 

 

Test bütün detallarıyla çağdaş gəncliyin olmaq xəyallarından uzaqlaşdırır, kim olmanın məcburiyyəti içərisində yekəldir.

 

Digər tərəfdən, hər dəfə qəbul  ballarını dəyişmək tələbə yetişdirmək siyasətini primitivləşdirirdi.

 

Ucdantutma böyük əksəriyyətə bu aşağı ballar hesabına ali təhsil auditoriyası vermək test sisteminin özünə hörməti azaldır, çəkisini aşağı salırdı.

 

Amma Dövlət İmtahan Mərkəzi nədən belə edir, imtahan siyasətini səviyyəsizləşdirirdi -bu dabəllidir.

 

Həqiqətin böyüyü budur ki, pedaqoji kontingentə qayğıkeşliyi önə qoymaq, quruca divarın, cansız partanın-lövhənin dərdini çəkmək, birtərəfli təəssübkeşliklə təhsilə yanaşmaq təhsilin mahiyyətinə, hədəflərinə, əhəmiyyətinə xəyanət yaradır. 

 

Beləcə bir-birinə bağlı səbəblər ucbatından təhsil çox etibarsız, eybəcər bir platforma üzərinə gəlib çıxır.

 

Təbii ki, bu acı reallığı hamı görməsəydi, test sisteminin yerinə alternativ modelin hazırlanması mesajı Məleykə Abbaszadəni elə anındaca ictimai nifrətə, kin-küdurətə rast gətirəcəkdi.

 

Çünki söhbət,   qüsurlar bir tərəfə, aşağı zümrənin xəzinəsi kimi ictimai dəyər qazanmış,  bütüniqtidarlara nüfuz gətirmiş bir modeldən gedir.

 

Yeni modelə transformasiyada hamı Dövlət İmtahan Mərkəzi rəhbərinin məlum açıqlamasının yanındadır.

Fəqət, hər kəsi nigaran qoyan, düşündürən mühüm bir sual var: alternativ necə bir modelin müzakirəsi aparılır?

 

Qapalı çevrələrdə təklif edilən variantlarda aşağı zümrənin maraqları necə qorunur?

Yeni üsul rüşvət amilinə can verməyəcək,  tələbə qəbulunda kasıbın şansına sədd çəkməyəcək ki?  

 

Bu əndişənin cavabı hətta sentyabr ayında da deyil, məhz yeni sistemin tətbiqini öhdəsinə alan zamandan etibarən veriləcək. Çünki bu gündən hər verilən təsəllinin sonunda əsassız nigarançılıq yox, təəssüf ki, elə məhz haqlı emosioal gərginlik özünü təsdiqləyir.

 

Həm də ali məktəblərin daxilində hazırlıq və qəbul haqqında yazda parlamentdə müzakirəyə gələn fikir heç də yaxşı olmayan bir düzənin simptomlarını göstərir.

 

Məlum anons təhsilin pul mənbələri uğrunda hissə-hissə gedən bir mübarizənin tərkibi də ola bilər. 

 

Arxalı adamların, əməlli mövqe sahiblərinin “ac qurd” kimi bu sferanın üzərinə saldıra bilməsi,  qəbul prosesini şəffaflıqdan qoparıb, maddi maraqları nüvəsində daşıyan yeni bir modelə çevirmək mücadiləsinin vergül-pauzası bəlkə başa çatır, iri bir bədxah nöqtəyə yaxınlaşma baş verir-bilmirik.

 

Ali məktəblərinin daxilində görünən-görünməyən müəllim-tələbə qarşıdurması, kütləvi aksiyalar  zaman-zaman birincilərin test üsuluna nifrətindən doğmurdumu?

 

Bunları bilə-bilə müdrik qərarlara arxayın olmaq çətindir və pis ehtimallar bədbinləşməyə, qorxuya əsas yaradır.

 

ASAN xidmət modeli və bəzi nazirliklərin elektron qaydada vətəndaşla təmas qurması, rüşvətin yolunu kəsmək, tamahın, nəfsin qapısını bağlamaq kimi pozitiv  addımlar ən yuxarıdan start götürən reformalar kimi, təhsilə göz dikən “ac qurdlar”ı da bu  karlı “ov”da, arxaik metod üçün çarpışmada  uduzdura bilər. İçimizə bir qədər ümid qığılcımı isə burdan gəlir.

 

Vəfa Allahverdiyeva 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir